EN

Ailə sirrinin ictimailəşdirilməsi: mənəvi deqradasiya, yoxsa “diqqət iqtisadiyyatı”nın qaçılmaz nəticəsi?

Newscenter.az saytından alınan məlumata görə, ain.az bildirir.

Ailə sirri bütün mədəniyyətlərdə, dinlərdə və sosial sistemlərdə toxunulmaz, müqəddəs zona kimi qəbul edilib. Ailə daxilində baş verənlər, yalnız ailəni təşkil edən fərdlərin məsuliyyət və etibar dairəsində saxlanmalı olan dəyərlər toplusu hesab olunub. Bu prinsip təkcə əxlaqi norma deyil, eyni zamanda cəmiyyətin davamlılığını təmin edən sosial mexanizmdir. Lakin müasir dövrdə bu toxunulmazlığın sistemli şəkildə pozulduğunun şahidi oluruq.Bu gün ailə sirləri könüllü şəkildə ictimai müzakirə predmetinə çevrilir, şəxsi münasibətlər mediada, sosial şəbəkələrdə və şou proqramlarda nümayiş etdirilir. Bu proses artıq təsadüfi deyil, davamlı sosial tendensiyaya çevrilib və onun arxasında dərin struktur səbəblər dayanır.Ailə sirrinin ifşası ailəni sosial institut kimi zəiflədir. Çünki ailə:• etimad üzərində qurulur,• daxili münaqişələrin xaricə daşınmadığı məkandır,• fərdin psixoloji təhlükəsizliyinin əsas dayaq nöqtəsidir.Bu sərhədlər pozulduqda ailə artıq “mühafizəedici məkan” deyil, ictimai istehlak obyektinə çevrilir. Ailə münasibətləri şəxsi məsuliyyət sahəsindən çıxaraq tamaşa predmetinə dönür. Nəticədə ailə modeli nüfuzunu itirir, gənc nəsil üçün stabil sosial nümunə olmaq funksiyasını zəiflədir.Ailə sirrinin ictimailəşdirilməsi çox zaman “səmimiyyət”, “açıq olmaq” və ya “haqqını demək” kimi təqdim olunur. Halbuki praktikada bu, şəxsi travmaların şou elementinə çevrilməsi deməkdir. İnsan öz ağrısını, ailə daxili münaqişəsini, xəyanətini və ya məğlubiyyətini sağaltmaq üçün deyil, görünürlük qazanmaq üçün paylaşır.Bu isə psixoloji baxımdan sağlamlaşma yox, travmanın kommersiyalaşdırılmasıdır. Travma həll olunmur, əksinə, təkrar-təkrar ictimai məkanda nümayiş etdirilərək dərinləşir. Cəmiyyət isə bu ağrının iştirakçısı yox, istehlakçısına çevrilir.Ən təhlükəli məqam empatiyanın yox olmasıdır. Ailə sirrinin ictimailəşdirilməsi cəmiyyətdə mərhəmət hissini gücləndirmir, əksinə voyeurizmi – başqasının həyatına baxmaqdan həzz alma instinktini artırır. İnsan artıq başqasının ağrısına kömək etmək üçün deyil, onu izləmək üçün maraq göstərir.Bu, cəmiyyətin mənəvi keyfiyyətinin dəyişdiyini göstərən ciddi siqnaldır. Empatiya olan yerdə məsuliyyət yaranır, voyeurizm olan yerdə isə məsuliyyətsiz maraq hökm sürür. Nəticədə insan münasibətləri etik bağdan çıxaraq tamaşa münasibətinə çevrilir.Elmi baxımdan bu prosesi “diqqət iqtisadiyyatı” anlayışı ilə izah etmək mümkündür. Müasir cəmiyyətdə diqqət ən dəyərli resursa çevrilib. Sosial şəbəkələr, media platformaları və reytinq sistemi fərdləri real dəyər istehsalına deyil, görünürlük yarışına sövq edir.Bu sistemdə: elm, əmək və yaradıcılıq uzunmüddətli diqqət tələb edir, ailə sirrinin ifşası isə sürətli və asan diqqət qazandırır.Beləliklə, fərd dəyər istehsal etməklə deyil, özəl həyatını ifşa etməklə tanınır. Bu isə mənəvi yoxsulluğun sosial formasıdır. İnsan daxili dünyasını zənginləşdirmək əvəzinə, onu ucuz istehlak obyektinə çevirir.Bu prosesi yalnız fərdi əxlaq zəifliyi kimi izah etmək sadəlövhlük olar. Burada struktur problem mövcuddur: medianın reytinq siyasəti, sosial şəbəkələrin alqoritmləri, dəyərin ölçü vahidinin dəyişməsi.Lakin bütün bunlara baxmayaraq, məsuliyyət tamamilə sistemin üzərinə atıla bilməz. Çünki hər bir cəmiyyətin yaşaması üçün qorunan qırmızı xətlər var. Ailə sirri həmin xətlərin ən əsaslarından biridir.Ailə sirrinin ictimailəşdirilməsi nə sadəcə fərdi seçimdir, nə də zərərsiz “açıq danışmaq” mədəniyyəti. Bu, ailə institutunu zəiflədən, empatiyanı yox edən, mənəvi sərhədləri aşındıran və insan münasibətlərini istehlak predmetinə çevirən təhlükəli sosial tendensiyadır.Diqqət uğrunda aparılan bu yarışda uduzan təkcə ailə deyil, bütövlükdə cəmiyyətin mənəvi dayanıqlığıdır. Çünki sirrini qorumağı bacarmayan cəmiyyət, dəyərini də qoruya bilməz.Zahid Məmmədov, iqtisad elmləri doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
39
1
newscenter.az

2Sources