EN

Xalq Cümhuriyyətinin ilk baş naziri

ain.az, Xalq qazeti saytına istinadən bildirir.

Azərbaycan tarixinin taleyüklü anlarında önə çıxan bir sıra şəxsiyyətlər xalqın milli iradəsinin təcəssümü kimi onun tarixi taleyinin müəyyənləşməsində həlledici rol oynamışlar. XX əsrin əvvəllərində belə şəxsiyyətlərdən biri də milli maraqlara sadiqliyi, dövlətçi düşüncəsi, siyasi iradəsi və uzaqgörənliyi ilə seçilən Fətəli xan Xoyski olmuşdur. O, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və möhkəmlənməsi prosesində həlledici rol oynayan simalardan biri kimi tarixə düşmüşdür.

Azərbaycan tarixinin ən mürəkkəb, ən keşməkeşli çağlarında o, sadəcə ictimai-siyasi xadim kimi deyil, milli dövlətçilik maraqlarını uca tutan, xalqın taleyini düşünən dövlət xadimi idi. Fətəli xan Xoyski digər cümhuriyyət xadimləri ilə bir sırada Azərbaycan xalqının azad yaşamaq haqqını sözlə deyil, əməli ilə müdafiə edənlərdən oldu. Demokratik əqidəli, hüquqşünas dəqiqliyi, dövlət xadiminə məxsus uzaqgörənliyi ilə Fətəli xan yeni yaranmış respublikanın təməl daşlarını qoyanlardan oldu.

Ötən əsrin 80-ci illərinin sonlarından Azərbaycan Cümhuriyyəti tarixinin tədqiqi fonunda Azərbaycan Cümhuriyyətinin ilk baş naziri Fətəli xan Xoyskinin həyat və fəaliyyətinə də diqqət yetirilmiş və 1998-ci ildə onun fəaliyyətini əks etdirən yığcam sənəd toplusu və kiçik həcmli kitab da işıq üzü görmüşdür. Cümhuriyyət tarixi tədqiqatçıları onun ümumən bacarıqlı dövlət xadimi olması barədə mübahisəsiz qənaətə gəlmişlər.

Digər cümhuriyyətçi xadimlərdən fərqli olaraq zəngin publisistik irsi olmadığı üçün Xoyski şəxsiyyətini əsasən gördüyü işlər ilə qiymətləndirməli oluruq. Belə demək olarsa, onun özünü “danışdıra” bilmir, bu və ya digər qərarı verərkən onun düşüncəsindəki ziddiyyətlərdən, təkamüldən xəbərsiz qalırıq. Bu səbəbdən də Azərbaycan Cümhuriyyəti tarixində mühüm rol oynamış Fətəli xan Xoyski şəxsiyyətini düzgün qiymətləndirmək üçün onun fəaliyyətini ifadə edən siyasi aktlarla, sənədlərlə yanaşı, müasirlərinin onun haqqında söylədikləri bir cümlə belə əhəmiyyət daşıyır. Lakin xüsusən son illərdə AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda aparılan araşdırmalar, müxtəlif ölkələrin – Rusiya Federasiyası (Sosial-Siyasi Tarix Arxivi), Böyük Britaniya (Forin Ofis), Türkiyə Cümhuriyyəti (Baş Bakanlık Osmanlı Arxivi) və Gürcüstan Respublikası (Mərkəzi Dövlət Tarix Arxivi) arxivlərindən əldə edilən bir sıra sənədlər, eləcə də 1917-1920-ci illər dövri mətbuatının son dövrdə geniş şəkildə tədqiqi nəticəsində əldə edilən çoxsaylı materiallar Fətəli xan Xoyskinin bir dövlət xadimi kimi fəaliyyətinin daha dərindən öyrənilməsinə və şəxsiyyətinin böyüklüyünün müəyyən edilməsinə imkan verir.

Beləliklə, 1917-ci ildə Rusiyada Fevral inqilabı baş verdikdə cəmiyyətin bir sıra tanınmış simaları kimi, Bakı Dairə Məhkəməsinin andlı iclasçısı F.X.Xoyski də istimai-siyasi həyata atılmış oldu. İnqilabın təkan verdiyi milli təşkilatlanma prosesində onun rolunu xüsusi qeyd etmək lazımdır. O, martın 9-da yaradılan Müvəqqəti Müsəlman Komitəsinin fəal üzvü oldu. İnqilabın ilk günlərindən Azərbaycan milli demokratik hərəkatını təmsil edən simalar arasında ardıcıl olaraq Rəsulzadə və digərləri ilə yanaşı və bir çox hallarda isə ən mühüm hadisələrlə ilə bağlı məhz Xoyski soyadına rast gəlirik. Milli Komitədən Petroqrada Dövlət Dumasının Müvəqqəti Komitəsinin sədri M.Rodzyankonun adına inqilabla bağlı təbrik teleqramı ünvanlandıqda bu teleqramı M.Əsədullayev, M.Ə.Rəsulzadə və F.X. Xoyski imzalamışdılar.

İnqilabdan sonra azərbaycanlıların ictimai-siyasi həyatının ən mühüm hadisələrindən biri aprelin 15-dən 20-dək Bakıda keçirilən Qafqaz müsəlmanları qurultayı Xoyskinin mövqeyinə aydınlıq gətirir. Qurultayın rəyasət heyətinə seçilən Xoyski çıxışında bildirirdi ki, hər cür azadlıq, ələlxüsus da millətlərin azadlığı başqalarının azadlığına hörmət olunmasına əsaslanmalıdır. Qurultayda digər millətlərin nümayəndələrinin çıxışlarına cavab olaraq Xoyski müsəlmanların inqilaba münasibətini bu cür izah edirdi: “...ola bilsin ki, biz digər millətlərdən daha çox bu azadlığı dəyərləndiririk, çünki çarizm despotizminin əsas ağırlığını biz öz çiynimizdə daşımışıq”.

Milli Şuranın üzvü olan Fətəli xana ilk gündən bacarıqlı hüquqşünas kimi bilavasitə bu biliklərinin gərəkli olduğu işlərin həlli həvalə edilir, o da həmin işlərin öhdəsindən məharətlə gəlirdi. Yeni sənəd və materiallar onun 1917-ci ilin iyun ayında Petroqraddakı fəaliyyətinə işıq salır. Aydın olur ki, Milli Komitə tərəfindən iyun ayının ortalarında ümum-Rusiya Müəssislər Məclisinə seçkilərlə bağlı əsasnamə layihəsini hazırlamaq məqsədilə təşkil edilən müşavirədə iştirak üçün Petroqrada ezam edilən Fətəli xan erməni siyasi dairələrinin Cənubi Qafqazda inzibati dəyişikliyə nail olmaq cəhdlərinin də qarşısını almağa nail ola bilmişdi. Ermənilər Cənubi Qafqazda zemstvo idarəçiliyinin tətbiqi ilə əlaqədar bu məsələni gündəmə gətirərək, öz xeyirlərinə həll etməyə çalışırdılar. Bu məqsədlə Petroqradda Cənubi Qafqazda zemstvo idarəçiliyinin tətbiqi üçün layihə hazırlamaq məqsədilə Xüsusi müşavirə çağırılsa da, azərbaycanlılar burada təmsil olunmamışdılar.

Vaxtilə ermənilərin nüfuzlu xadimi A.Xatisov Daşnaksütyun partiyasının erməni muxtariyyəti planlarını özündə əks etdirən layihəyə ilə çıxış etsə də, onu qəbul etdirə bilməmişdi. Petroqradda çağırılan müşavirədə yenidən bu layihə ortaya qoyulmuşdu. Azərbaycanlıların nümayəndəsi qismində müşavirəyə qatılan Xoyski Xüsusi Zaqafqaziya Komissarlığı (XZK) yanında bütün millətlərin nümayəndələrinin daxil olduğu müvafiq komissiyanın yaradıldığından Petroqradda belə bir müşavirə üçün ehtiyac olmadığını bildirmişdi. Xatisovun layihəsinə görə, Yelizavetpol quberniyasının dağlıq və düzən hissəsi bir–birindən inzibati cəhətdən ayrılmalı idi və sərhədlər etnik əlamətə (ermənilər və azərbaycanlılar) müəyyənləşdirilməli idi.

Xoyski bunun mümkünsüzlüyünü əsaslandırmışdı və mübahisə doğuracaq ərazilərdə inzibati vahidlərin yaradılması işi XZK-nin ixtiyarına verilmiş, məsələnin ermənilərin xeyrinə həllinin qarşısı alınmışdı. İyunun 29-da Qafqaz diyarının yeni inzibati bölgüsü layihəsini hazırlamaq üçün komissiya yaradıldıqda artıq Xatisovla yanaşı, Xoyski də onun tərkibinə daxil edilmişdi. Türkiyə arxivlərindən əldə olunmuş sənədlər onu göstərir ki, ermənilər həmin layihəni 1918-ci ilin yayında keçirilməsi nəzərdə tutulan İstanbul konfransında yenidən ortaya qoymağa cəhd etmişdilər.

Xoyski 1917-ci il avqustun 22-də yaradılan və kifayət qədər mühüm bir vəzifə olan Bakı quberniyası üzrə ümum-Rusiya Müəssislər Məclisinə seçki komissiyasının sədri seçilmişdi. Qeyd edək ki, bu seçki komissiyasının formalaşması özü də Bakıda sosialistlər və milli qüvvələr olmaqla qarşı-qarşıya duran iki əsas mövqenin mövcudluğunu göstərirdi. Bakıda ciddi siyasi qüvvə olan sosialistlər sözügedən komissiyaya öz nümayəndələrinin seçilməsinə çalışsalar da, gizli səsvermə ilə ən çox səs toplayan F.Xoyski sədr, S.Şaumyan müavin seçilmişdi.

Oktyabrın 29-da Bakıda Şəhər Dumasına seçkilər keçirildikdə, sosialistlərin əksəriyyət qazanmasına baxmayaraq, Dumanın sədri vəzifəsinə də Xoyskinin seçilməsi müxtəlif milli və siyasi qüvvələrin onun nüfuzu ilə hesablaşmasının göstəricisi idi.

Qeyd etmək lazımdır ki, Xoyskinin Azərbaycan milli hərəkatında çəkisi milli hərəkata düşmən olan sosialistlərin, xüsusən də bolşeviklərin ritorikasında özünü göstərirdi. Təsadüfi deyil ki, Şaumyan öz çıxış və yazılarında Azərbaycan milli qüvvələrini təmsil edən şəxsləri sadalayarkən hər dəfə “Xan Xoyski” adını qeyd edirdi.

Oktyabr çevrilişindən sonra Cənubi Qafqazın idarəçiliyi Zaqafqaziya Komissarlığına keçmiş, burada Fətəli xana xalq maarifi komissarı vəzifəsi verilmişdi. Xoyskinin fəaliyyətinin mühüm bir hissəsi Zaqafqaziya Seymində iştirakla bağlıdır. Burada gürcü və erməni deputatların Türkiyəyə qarşı ittihamlarına qarşı çıxış edən Xoyski mövcud vəziyyətdə diqqətli davranaraq danışıqların nəticəsini gözləməyi və bu müddətdə təhdidedici dildə danışmamağa çağırırdı.

Zaqafqaziya hökumətində ədliyyə naziri vəzifəsinə təyin edilən Xoyski Zaqafqaziya Federativ Demokratik Respublikasının konstitusiyasının hazırlanması məqsədilə yaradılan komissiyaya daxil edilmişdi. O, sesessiya hüququ əsasında Qafqaz Konfederasiyanın yaradılması tərəfdarı idi.

Milli maraqların qorunması tələb olunan məqamlarda Xoyski qətiyyətli mövqe nümayiş etdirməkdən çəkinmirdi. 1918-ci il mayın 6-da Daşnaksütyun partiyasının Seym fraksiyasının müsəlman fraksiyasına müraciətlə “Bakı hadisəsinin ləğvini öz üzərlərinə götürmələri və bunun müqabilində gələcəkdə Bakıda hakimiyyətin beynəlmiləl xarakter daşıması və erməni hərbi hissələri Bakıda qalması” kimi şərtləri məhz Xoyskinin Bakıda hakimiyyətin müsəlmanlara verilməsi, oraya müsəlman hərbi hissələrinin yeridilməsi və tərk-silah edilmiş erməni hərbi hissələrinin çıxarılması barədə cavabı ilə rədd edilir.

1918-ci il may ayının 27-də Müvəqqəti Milli Şura təşkil edildikdə onun idarəçiliklə məşğul olacaq İcraiyyə Komitəsinin sədri vəzifəsinə Xoyski seçildi. Xarakterindəki qətiyyət, məntiqi düşüncə və prinsipiallıq Azərbaycan Cümhuriyyətinin ilk hökumətinin təşkili kimi taleyüklü məsələnin Xoyskiyə həvalə edilməsini tələb edirdi. İlk hökumətdə Xoyski Nazirlər Şurasının sədri və daxili işlər naziri vəzifələrini icra edirdi. Lakin Nuru Paşanın iyunun 16-da Gəncəyə gələn Xoyski hökumətini tanımaması səbəbindən Milli Şura iyunun 17-də Xoyskinin rəhbərliyi ilə yeni hökumət təşkil etməli olmuşdu.

Bu zaman Osmanlı komandanlığının Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri Xoyskini ciddi şəkildə narahat edirdi. O, Azərbaycan hökumətinin tələblərini ifadə edərək yazırdı: “Bütün üsuli-idarə Azərbaycan hökumətinin əlində cəmləşməlidir, türk hərbi hissələri isə özünün bütün arzu və tələblərini hökumətə yönəltməli və onun vasitəsilə həyata keçirməlidir və hazırda baş verdiyi kimi, bilavasitə idarəetmə işlərinə qarışmamalıdır”. Fətəli xan öz etirazını Nuru Paşaya da bildirməkdən çəkinməmişdi.

Nəzərə almaq lazımdır ki, Xoyski hökumətin başına keçdikdə Azərbaycan çox ağır hərbi-siyasi hadisələr burulğanında idi. Bolşevik-daşnak alyansının Azərbaycan xalqına qarşı törətdiyi soyqırımından sonra Bakı quberniyası bütünlükdə Bakı Xalq Komissarları Sovetinin hakimiyyəti və bolşevik-daşnak hərbi qüvvələrinin tapdağı altında idi. I Dünya müharibəsinin yekun mərhələsinə keçən Antanta və Mərkəz dövlətlərinin hər biri üçün neft Bakısı mühüm əhəmiyyət kəsb edirdi. Bu səbəbdən də 1918-ci ilin yayında Bakı uğrunda gərgin mübarizə gedirdi. Güclü ordusu olmayan Cümhuriyyət hökumətinin xarici siyasəti bu mürəkkəb vəziyyətdə dövlətin mövcudluğunu qoruyub saxlamağa nail olmağa yönəldilmişdi.

Ağır mübarizə nəticəsində sentyabrın 15-də Qafqaz İslam Ordusu tərəfindən azad edildikdən sonra Bakıya köçən Xoyski hökumətinin qarşısında duran mühüm vəzifə demokratik dövlət quruculuğu prosesinin sürətləndirilməsi olmalı idi. Bu məqsədlə 1918-ci il sentyabrın 14-də hökumət Müəssislər Məclisinə seçkilər üzrə Xoyskinin sədrliyi ilə komissiya yaratdı.

Dövlətin müstəqilliyi birbaşa onun hərbi qüvvələrinin gücündən asılı idi. Hələ Türkiyə hərbi qüvvələri Azərbaycanda olarkən başlanmış ordu quruculuğunu sürətləndirmək və onu daha da səmərəli aparmaq üçün 1918-ci il oktyabrın 23-də hökumət Hərbi Nazirliyin yaradılmasını qərara almışdı. Bu struktur dövlətin qarşısında duran tarixi vəzifələrin həllində mühüm rol oynadığından ona rəhbərliyi ilk vaxtlar Xoyski öz üzərinə götürmüşdü.

Mudros müqaviləsinə görə türk qoşunları Azərbaycanı tərk etməli və Birinci Dünya müharibəsində qalib olan Antanta qüvvələri buraya gəlməli idi. Lakin müqavilə ilə bağlı Osmanlı tərəfi Azərbaycan hökumətini məlumatlandırmamışdı. Noyabrın 6-da Xoyski Osmanlı sədrəzəmi Əhməd İzzət paşaya məsələ barədə Azərbaycan tərəfinə geniş məlumat verilməsi üçün müraciət etsə də, noyabrın 11-nə kimi cavab ala bilməmişdi. Belə olan halda, hadisələrin hansı istiqamətdə inkişaf etdiyini düzgün müəyyən edən Xoyski və xarici işlər naziri vəzifəsini icra edən A.Ziyadxan noyabr ayının 10-da ABŞ-ın prezidenti V.Vilsona teleqramla müraciət edərək, ondan Azərbaycan Cümhuriyyətinin müstəqilliyinin dünya dövlətləri tərəfindən tanınması üçün kömək göstərməsini xahiş etmişdilər.

Noyabrın 17-də general V.M.Tomsonun rəhbərliyi altında Antanta qüvvələrinin Bakıya gəlməsi ilə ilə Xoyski növbəti sınağa məruz qalmışdı. Osmanlı komandanlığı kimi ingilis komandanlığı da ilk öncə Azərbaycan hökumətini tanımaq istəməmişdi. Tomson Bakı limanında Azərbaycan Cümhuriyyəti bayrağının İngiltərə, ABŞ, Fransa, İtaliya bayraqları ilə yanaşı asıldığını görərək, onu dərhal götürmək əmrini vermişdi. Məhz bu zaman Fətəli xan mahir dövlət xadimi və diplomat bacarığını nümayiş etdirdi. Böyük Britaniya arxivlərinin sənədlərində ingilis komandanlığının Xoyskiyə münasibətini əks etdirən xeyli məlumat yer almışdır. Burada Xoyski “Bakının ən bacarıqlı ictimai xadimlərindən biri” kimi qeyd edilir.

Noyabrın 20-də Xoyski ilə görüşən Tomson öz hökumətinə məruzəsində bildirirdi: “Şübhəsiz ki, o, ağıllı bir adamdır, bir hüquqşünas kimi Qafqazda indiyədək məlum olan hər hansı yerli idarəçilik qurumundan qat-qat daha səriştəli yerli administrasiya yarada bilmişdir”. Xoyski obyektiv mövqeli, sağlam düşüncəli bir dövlət xadimi kimi qarşı tərəfin rəğbətini qazanmışdı və Tomson iki gün sonra onunla təkrar görüşdüyünü və əməkdaşlıq barədə razılığa gəldiklərini bildirirdi. Bu görüşlərin əsas mövzusu koalisiyalı hökumətin yaradılması məsələsi idi. Xoyskinin müttəfiq komandanlığının etimadını qazanması demokrtik dövlət quruculuğu prosesinə müsbət təsir etmişdi.

1918-ci ilin dekabrında yeni hökumət kabineti yaradılması məsələsi ortaya çıxdıqda isə ona kimin rəhbərlik etməsi sualı diqqəti yenə də Fətəli xanın üzərinə yönəltmiş oldu. Parlament sədrinin müavini H.Ağayevin sözləri Xoyskiyə olan münasibəti aydın ifadə edir: “Fraksiyaların arzusu, habelə Sizin siyasi təcrübəniz, Vətənə və Millətə xidmət işində göstərdiyiniz mühüm fəaliyyət və fədakarlığınız məni vadar edir ki, Sizi vacib və çətin bir işə, baş nazir vəzifəsini öz üzərinizə götürməyə və koalisiyalı kabinet təşkil etməyə dəvət edim”. Xoyski səhhətinin pozulmasını əsas gətirərək bu təklifdən imtina etsə də, deputatların israrını və ölkədə yaranmış vəziyyətin mürəkkəbliyini nəzərə alaraq Xoyski çətin vəziyyətdə məsuliyyəti yenidən öz üzərinə götürdü, yeni hökumət təşkil etməyə və onun rəhbəri olmağa razılıq verdi.

Dekabrın 26-da yeni və koalisiyalı tərkibə əsaslanan hökumətdə baş nazir kürsüsü ilə yanaşı, xarici işlər naziri vəzifəsi də Xoyskiyə həvalə edilmişdi. Xoyskinin hökumət bəyannaməsində aydın şəkildə qeyd edilirdi: “Hökumətin millət üçün olduğu aşkardır! Millətin əksəriyyəti fəhlə və kəndlidən ibarətdir. Hökumət bilir ki, torpaq əkinçiyə verilməz isə, fəhlənin həyatı təmin edilməz isə, o hökumət yürüməz”. Vəd edildiyi kimi də Xoyski hökuməti (III hökumət) sosialyönümlü tədbirləri artırmaq yolunu tutaraq qiymətlərin tənzimlənməsi, xüsusi mülkiyyətin sosiallaşdırılması, istehsal və maddi nemətlərin bölüşdürülməsi prosesinə dövlətin müdaxiləsinə yönəlik siyasət yürüdürdü. Fəhlə məsələsi həmin dövrdə ölkə gündəminin ən mühüm problemlərindən biri idi. 1919-cu il yanvarın 21-dən fəaliyyətə başlayan Əmək Nazirliyi bu məsələyə diqqəti artırdı.

Bu dövrdə ingilis komandanlığı Azərbaycanda ticarət, sənaye, nəqliyyat və s. üzərində bir sıra məhdudiyyətlər qoysa da, Xoyski hökumətinin qəti etirazı ilə Azərbaycan polisi, su nəqliyyatı və neft sənayesi, maliyyə idarələri və s. üzərində qoyulan bu məhdudiyyətlər ləğv olunmuşdu.

Xoyski ölkənin ərazi bütövlüyünün bərpası və qorunması istiqamətində, ermənilərin Qarabağ, Naxçıvan və Zəngəzurdakı qəsbkarlıq hərəkətlərinə qarşı ardıcıl olaraq mübarizə aparmışdı. Bölgədə hakimiyyəti möhkəmləndirmək üçün 1919-cu il yanvarın 15-də Qarabağ general-qubernatorluğu yaradılmış, ingilislərin Naxçıvanla bağlı siyasətinə qəti etiraz edilmişdi.

Lakin sosial–iqtisadi vəziyyət kəskin idi. Belə ki, türklərin Azərbaycanı tərk etməsindən sonra hökumətə qarşı kəskin müxalifətə çevrilən sosialistlər fəallaşmağa başlamışdılar. Eləcə də getdikcə sosial bazasını möhkəmləndirməkdə olan və daha mühafizəkar mövqedə qərarlaşan “İttihad” Partiyası hökumətə qarşı ciddi müxalifətə çevrilmişdi. Səhhəti mövcud vəziyyətdə işləməyə imkan vermədiyindən Xoyski 1919-cu ilin fevralında istefa verməli oldu. 1919-cu ilin aprelində təşkil edilən N.Yusifbəyli hökumətində vəzifə almasa da, Xoyski ictimai-siyasi həyatdan uzaqlaşmadı.

1919-cu ilin sentyabrında N.Yusifbəylinin təşkil etdiyi sayca V hökumət kabinetində F.X.Xoyskiyə xarici işlər naziri vəzifəsi həvalə edilmişdi. Onun fəaliyyətinin bu mərhələsi Azərbaycan Cümhuriyyətinin Sovet Rusiyasının işğal hədəfinə çevrildiyi daha ağır bir dövrə düşmüşdü. RSFSR xalq xarici işlər komissarı Q.V.Çiçerini RSFSR xalq xarici işlər komissarı Q.V.Çiçerinin notalarına Xoyskinin verdiyi cavablar onun bir dövlət xadimi kimi qətiyyətini nümayiş etdirir.

Bolşevik təhlükəsinin real olduğunu nəzərə alan və Rusiya təzyiqinə qarşı radikal tədbirlər görülməsinə çağıran Xoyski bildirirdi: “Heç bir rus partiyası, heç bir Rusiya hökuməti heç vaxt Zaqafqaziya Respublikasının müstəqilliyini tanımayacaq və yalnız Qafqaz xalqlarının güclü ordusu və əldə silah müstəqilliyini qorumaq əzmi olduğu zaman Qırmızı Moskva bizimlə hesablaşacaq və bizim sərhədlərimizi keçməyəcəkdir”. Lakin siyasi situasiya dəyişdiyindən həmin vaxt F.X.Xoyski daxil olmaqla sərt kurs tərəfdarlarının təklifləri qəbul edilməmişdi. Bununla belə 1920-ci il martın 7-də Çiçerinə son cavab notası Xoyskinin mövqeyini aydın ifadə edir. O, iki dövlət arasında münasibətlərin iki tərəfin suverenliyi əsasında həyata keçirilə biləcəyindən asılı olduğunu bildirirdi.

Bütün qeyd edilənlər Azərbaycan Cümhuriyyəti hökumətinin baş naziri F.X.Xoyski tariximizin həlledici dövründə özünün rəhbərlik qabiliyyəti və uzaqgörənliyi ilə seçilən, xalqın milli iradəsini təcəssüm etdirən lider olduğunu bir daha təsdiq edir. Peşəkar hüquqşünas kimi məntiqlə hərəkət edərək hadisələri obyektiv qiymətləndirə bilməsi, məsuliyyəti dərk etməsi, diplomatikliyi, siyasi çevikliyi, milli və dövləti maraq məsələlərində prinsipiallığı Xoyskini bacarıqlı dövlət xadimi kimi xarakterizə etməyə imkan verir.

Qətiyyətlə demək olar ki, Fətəli xan Xoyski milli dövlət qurucusu kimi tarixi bir missiya daşıyaraq Azərbaycan xalqının taleyinin həlledici məqamında öz vəzifəsini layiqincə yerinə yetirə bilmişdir.

Aygün ƏZİMOVA,AMEA Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
24
1
xalqqazeti.az

2Sources