EN

Daşkənddə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə bayram tədbiri keçirilib

Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə “Mədəniyyət gücümüzdür — həmrəylik birliyimizdir” adlı bayram tədbiri keçirilib.

Tədbirdə diplomatik korpusun nümayəndələri, dövlət və ictimai təşkilatların təmsilçiləri, mədəniyyət və incəsənət xadimləri, eləcə də Özbəkistanda yaşayan Azərbaycan diasporunun üzvləri və jurnalistlər iştirak edib.

Tədbirin rəsmi hissəsi Azərbaycan və Özbəkistan Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün milli birliyimizin və həmrəyliyimizin bariz ifadəsi olduğunu qeyd edib. O hər iki ölkə prezidentləri-İlham Əliyev və Şavkat Mirziyoyevin sayəsində Azərbaycan və Özbəkistan arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edərək bunun humanitar və mədəni əlaqələrin genişlənməsi üçün də möhkəm zəmin yaratdığını vurğulayıb.

Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev iştirakçıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni İl münasibətilə təbrik edib. Səfir öz çıxışında deyib ki, ölkələrimiz arasında humanitar və mədəni təşəbbüslər xalqlarımız arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində mühüm rol oynayır.

Konsert proqramında Azərbaycanın tanınmış xanəndəsi Rəvan Qaçayev və gənc müğənni Ülkər Abdullayeva çıxış ediblər. Onların ifasında Vətənə, dostluq və həmrəyliyə həsr olunmuş mahnılar səslənib.

AMM-nin nəzdindəki “Xarı bülbül” teatr truppası Azərbaycan klassik musiqili komediyalarından səhnələr, “Qarabağ Zəfəri” rəqs ansamblının üzvləri isə milli rəqslərimizi təqdim ediblər.

Tədbirin sonunda Özbəkistanda Azərbaycan mədəniyyətinin təbliğində fəal iştirak edən yaradıcı kollektivlər-teatr sənəti, milli rəqs, təsviri incəsənət, KİV nümayəndələri və ictimai fəallar təltif ediliblər.

Sonra qonaqlar bayram süfrəsinə dəvət olunub.

 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd 

 

Chosen
23
50
xalqqazeti.az

10Sources