2025-ci ildə ABŞ Avropa ilə uzunmüddətli ittifaqını pozub.
APA xəbər verir ki, bu fikir İspaniyanın El Pais qəzetində dərc olunan məqalədə səsləndirilib.
Məqalə müəllifi yazır ki, geriyə baxdıqda, ötən ili dövrümüzün simvoluna çevirən tək bir xəbər kifayətdir: 2025-ci ildə ABŞ Avropa ilə səksən illik uzunmüddətli ittifaqını pozub və bu, ehtimal ki, tarixdəki ən uzunmüddətli müttəfiqlik münasibətlərindən biri olub. Yazıda qeyd olunur ki, Amerika qoşunları hələlik çamadanlarını yığmayıb və heç bir hərbi bazanı bağlamayıb. Şimali Atlantika Alyansı isə kağız üzərində mövcudluğunu qoruyur. Bununla belə, vurğulanır ki, ABŞ Prezidenti Donald Trampın ikinci prezidentlik müddəti Avropaya qarşı düşmən mövqe və Rusiya ilə yaxınlaşma ilə xarakterizə olunur.
Qəzet həmçinin bildirir ki, hazırkı mərhələdə Şimali Atlantika Müqaviləsinin kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinin real mexanizm olub-olmadığı və ya sadəcə boş bəyanat olaraq qalıb-qalmadığı sual altındadır.
Dekabrın 5-də dərc edilmiş ABŞ-ın yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında Avropanın 20 ildən sonra tanınmaz hala düşə biləcəyi və Avropa İttifaqının, eləcə də digər fövqəlmilli strukturların dağıdıcı siyasəti səbəbindən sivilizasiya kimi məhv olmaq həddinə çatacağı ilə bağlı narahatlıq ifadə olunur. ABŞ administrasiyasında bu kontekstdə bəzi Avropa ölkələrinin gələcəkdə ABŞ üçün etibarlı müttəfiq olaraq qalmaq üçün kifayət qədər iqtisadi və hərbi potensiala malik olub-olmayacağına dair şübhələr səsləndirilib.