Sosial şəbəkələrdə Bakının küçələrindən birində avtomobillərin hərəkəti zamanı müxtəlif maneələrlə qarşılaşdığı və nəticədə nəqliyyat vasitələrinə zərər dəydiyi ilə bağlı görüntülər paylaşılıb.
Görüntülərdən aydın olur ki, günün qaranlıq vaxtı sürücülər yerə basdırılan armaturları görə bilmirlər və nəticədə qəzalar baş verir.
NOCOMMENT.az bildirir ki, məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a açıqlamasında bildirib ki, yaranan vəziyyət ərazidə aparılan təmir və tikinti işləri ilə bağlıdır.

Onun sözlərinə görə, söhbət Əhməd Rəcəbli küçəsindən Fətəli Xan Xoyski küçəsinə qədər olan hissədən gedir və həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
Buna səbəb Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel şəkildə metronun “Koroğlu” stansiyasına qədər yeni avtomobil yolunun tikintisi və istismara verilməsi ilə bağlı aparılan işlərdir.
Anar Nəcəfli qeyd edib ki, əvvəlcədən məlumat verildiyi kimi, yolun bir hissəsində hərəkət məhdudlaşdırılıb, əks istiqamətdə isə ikitərəfli hərəkətin təmin edilməsi məqsədilə yol iki hissəyə ayrılıb.
“Həmçinin podratçı şirkətə təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində müvafiq tapşırıqlar verilib və bu istiqamətdə işlər aparılır”, – deyə o əlavə edib.