Ukrayna Prezident Administrasiyasının müşaviri Mixail Podolyak bildirib ki, Rusiyaya təzyiq davam etməsə, Ukraynanın istədiyi formatda sülh sazişi mümkün olmayacaq.

Leqal.info xəbər verir ki, o, bu barədə “Новости.LIVE”yə verdiyi müsahibədə danışıb.

Podolyakın sözlərinə əsasən, Rusiyaya qarşı təzyiq istənilən halda saxlanılmalıdır: sanksiyalar və hərbi dəstək də daxil olmaqla. Onun fikrincə, bu olmadan Ukraynanın ümid etdiyi şərtlərlə sülh razılaşmasına nail olmaq çətin olacaq.

Bununla yanaşı, Podolyak qeyd edib ki, hazırda Ukraynanın beynəlxalq arenadakı subyektliyi bir il əvvələ nisbətən xeyli yüksəkdir.

“Biz müəyyən psixoloji çöküş mərhələsindəyik, bu, açıq-aşkardır. Dörd ildir müharibə gedir. Amma prinsip etibarilə bu gün Ukraynanın subyektliyi danılmazdır. Ukrayna haqqında nə qədər təbliğat xarakterli fikirlər səslənsə də, bu, əslində bizə yüksək qiymət verildiyini göstərir. Biz bunu hələ tam dərk etmirik. Rusiya isə şüuraltı şəkildə anlayır ki, səhv yola girib və düşündüyü kimi buradan qələbə ilə çıxa bilməyəcək. Onlar müəyyən şərtlərlə müharibəni müvəqqəti dondura bilərlər, lakin artıq uduzublar, tam şəkildə uduzublar”, – deyə Podolyak vurğulayıb.

Leqal.info