EN

Enerji içkiləri də qadağan olunur?

Milli Məclisdə 2025-ci ilin dekabrında elektron siqaretlərin və onların komponentlərinin idxalı, istehsalı, satışı və istifadəsinə qadağa tətbiq olunması üçün qanun layihəsi qəbul edilib. Layihədə qeyd edilib ki, qızdırılan tütün məmulatı isə elektron siqaret hesab edilməyəcək. Eyni zamanda uyğunlaşdırma çərçivəsində Vergi Məcəlləsində, "Reklam haqqında" qanunda müvafiq dəyişikliklər edilir. Buraya "birdəfəlik istifadə üçün elektron siqaret"in və "elektron siqaretlər üçün maye"nin aksizli mallar siyahısından çıxarılması və bundan irəli gələrək vergi dərəcələrinin ləğvi, eyni zamanda reklamla bağlı qadağanın yeni anlayışlara uyğunlaşdırılması aiddir. Qəbul edilmiş qərarların 2026-cı ildə tətbiqi planlaşdırılır.

 

Elektron siqaretlərdən sonra enerji içkilərinə də qadağa gələ biləcəyi ehtimalı ictimai maraq doğurur.

 

Bəs qadağa tətbiq olunarsa, nələr dəyişə bilər?

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisad elmləri namizədi, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat kafedrasının dosenti Emin Qəriblinin sözlərinə görə, enerji içkilərinin satışının mümkün ləğvi baş verərsə, müəyyən təsirlərin yaranacağı istisna edilmir: “Bu içkilərin bir qismi ölkə daxilində istehsal olunur, eyni zamanda onların idxalı və satışı ilə məşğul olan şirkətlər və bu sahədə formalaşmış bazar mövcuddur. Tələbat isə hər keçən gün artmaqdadır. Qadağa tətbiq olunacağı təqdirdə, bu sahədə fəaliyyət göstərən şirkətlərin satış həcmi azala, bilavasitə bu işlə məşğul olan bəzi şəxslər iş yerlərini itirə bilərlər. Lakin bu təsirlərin ölkə iqtisadiyyatına ciddi zərər vuracaq səviyyədə olacağı gözlənilmir və genişmiqyaslı fəsadlara səbəb olmayacağı düşünülür”.

 

Qeyd: Azərbaycanda enerji içkilərinin 18 yaşdan aşağı şəxslərə satışı qadağandır. Bu qayda əsasən sağlamlığın qorunması və gənclərin nikotin və kofein kimi stimullaşdırıcı maddələrdən qorunması məqsədi ilə tətbiq olunur.

 

Şəhanə Quliyeva

 

Tarix: 29 Dekabr 2025, 08:07   
Chosen
22
pravda.az

1Sources