2025-ci il dünya gündəmində geniş rezonans doğuran çoxsaylı hadisələrlə yadda qaldı. ABŞ-nin Kaliforniya ştatında baş verən fəlakətli meşə yanğınları, eləcə də Rusiyanın Anapa şəhərində qeydə alınan mazut sızıntısı ekoloji təhlükəsizliyin və təbiətin qorunmasının vacibliyini bir daha ön plana çıxardı.
"Unikal" xatırladır ki, İsrailin İrana hücumundan sonra Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi beynəlxalq gərginliyi daha da artırıb. Siyasi gündəmdə isə Alyaskada Rusiya prezidenti Vladimir Putin və ABŞ-nin prezidenti Donald Tramp arasında keçirilən görüş Rusiyada ilin ən çox müzakirə olunan siyasi hadisələrindən biri olub.

Eyni zamanda, 8 avqust 2025-ci ildə ABŞ-də Azərbaycan Prezidenti İlham Əliyev, Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan üçtərəfli görüş regionda gedən proseslər baxımından diqqət mərkəzində olub və beynəlxalq ictimaiyyət tərəfindən yaxından izlənilib.

2025-ci il dünya üçün bir sıra ağır sarsıntılarla da xatırlanacaq. Roma Papası Fransiskin vəfatı və yeni pontifikin — XIV Levın seçilməsi, Hindistanda 260 nəfərin həlak olduğu sərnişin təyyarəsinin qəzaya uğraması, eləcə də ABŞ-də mühafizəkar siyasətçi Çarli Kirkın qətlə yetirilməsi qlobal miqyasda ciddi rezonans doğurdu. İl, həmçinin səs-küylü məhkəmə qərarları ilə də yadda qaldı: Fransada sabiq prezident Nikolya Sarkozi barəsində ittihamedici hökm çıxarıldı.

2025-ci il sosial şəbəkələr üçün də bol material verdi. Donald Trampın andiçmə mərasimində İlon Maskın mübahisəli jesti, ABŞ-nin birinci xanımının “yadplanetli” üslubunda şapkası, eləcə də Kanye Uestin həyat yoldaşı Byanka Çensorinin “görünməz” libası ilin ən çox müzakirə olunan memləri sırasında yer aldı.
2025-ci ildə baş verən və diqqət çəkən fotoları diqqətinizə çatdırırıq.
Gülayə Mecid