EN

Çin Tayvan sahillərində genişmiqyaslı hərbi təlimlərə başlayıb

Çin Tayvan sahillərində genişmiqyaslı hərbi təlimlərə başlayıb

Çin Xalq Respublikası Tayvan sahilləri və ona bitişik hava məkanında “Just Mission 2025” adlı irimiqyaslı hərbi təlimlər keçirir.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun Şərq Döyüş Komandanlığının nümayəndəsi Şi İ bildirib.

Məlumata görə, təlimlər Tayvan ətrafındakı beş akvatoriyada döyüş atışları ilə müşayiət olunur. Çin hərbi dairələri bu addımı Tayvanın “müstəqilliyini” dəstəkləyən separatçı qüvvələrə və adanın daxili işlərinə müdaxilə edən xarici güclərə ciddi xəbərdarlıq kimi təqdim edir. Rəsmi Pekin bildirir ki, təlimlər ölkənin suverenliyi və milli birliyinin qorunması məqsədi daşıyır.

Açıqlamada qeyd olunur ki, manevrlər dəniz və hava məkanında döyüş hazırlığının yoxlanılması, vahid nəzarət mexanizminin qurulması, strateji liman və ərazilərin bloklanması, eləcə də çoxölçülü hərbi caydırıcılıq tədbirlərini əhatə edir. DPA agentliyinin məlumatına görə, bu, aprel ayından bəri Çin ordusunun Tayvan sahillərində keçirdiyi ilk genişmiqyaslı təlimdir.

Bu hadisə ABŞ-ın Tayvana iri həcmdə silah satışını təsdiqləməsindən sonra baş verir. Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası 11,1 milyard dollar dəyərində silah paketinin Taypeyəyə satışına razılıq verib.

Paketə HIMARS reaktiv yaylım atəş sistemləri, “Javelin” tank əleyhinə raketlər, “Altius” pilotsuz uçuş aparatları, haubitsalar və digər hərbi avadanlıqların ehtiyat hissələri daxildir. Tayvan hökuməti bu barədə 18 dekabrda məlumat yayıb. "Reuters"in qeyd etdiyi kimi, bu, ABŞ-ın Tayvana planlaşdırdığı ən böyük silah tədarüküdür.

Chosen
69
13
afn.az

10Sources