EN

“Ən təhlükəli məqam xəyanət deyil, ləyaqəti itirməkdir”

Heç olubmu, uzun illər ərzində gördükləriniz, etdikləriniz, qazandığınız bacarıqlar qarşısında dayanıb özünüzdən hesabat istəmisiniz? Mən bunu hər il edirəm.Bu səhər oyandım, ilin bitməsinə cəmi üç gün qalmışdı. Rəqəmlər bəziləri üçün önəmsiz görünə bilər, amma müəyyən məqamlarda zaman və məkan anlayışımıza ciddi təsir göstərirlər. Uzun müddətdir yazmaq istədiklərimi niyə məhz bu günə saxladığımı düşündüm. Bir aydan çoxdur ki, demək olar, həftəsonları da daxil olmaqla dəvətlərdə, iş görüşlərində, tədbirlərdə idim. Universitet imtahanlarının stresi, ard-arda düşən immunitet zəiflikləri də buna əlavə olunanda yaradıcılıq baxımından normal bir iş ortaya qoymaq mümkün olmamışdı. Jurnalistin qələmi, əgər mürəkkəbini önəmli bir hadisənin fonunda axıda bilmirsə, peşə özü-özünü sorğulayır. Ən azından mən bu düşüncələrlə özümü daim hesaba çəkirəm. Bu səhər hiss etdim ki, daxili yüklərim bir qədər azalıb və artıq əlimi nəticə hissi verən bir işə bulaşdıra bilərəm. Saat doqquzdur. Səssizliyi pozan klaviaturanın səsi ilə ilin hesabatına başlayıram.450 yaşlı Zen Budda məbədinin rahibi Şunmyo Masuno “Sadə yaşamaq haqqında” kitabında yazır:“Nəzarət edə bilməyəcəyiniz hadisələrə görə narahat olmağı dayandırın”. Mən isə nəzarət anlayışını həmişə idarəetmə ilə əlaqələndirmişəm. Həyatın bizə verdiyi dərslərdən hər zaman “beş” almaq mümkün deyil. Əks halda nə təcrübə olar, nə çabalamaq, nə də külündən doğulub yeni bir “mən” yaratmaq. Deməli, bəzən yıxılmaq da faydalıdır. Məsələ qalxanda kimin əl uzatmasıdır, səni qaldıranın, yoxsa yıxıldığın anda arxanca daş atanın.Müasir dövrdə saxta üsullarla parlayanların sayı riyazi hesabla desək, ikinin kvadratı qədərdir. Amma illərlə qurduğun, heç kəsin görmədiyi bir bünövrənin üzərində parıldamaq – bu artıq sənin həyatda nə qədər zəhmət çəkdiyinin göstəricisidir. Uğurlu insanların arxasınca çox adam qaçır. Onları zəif kütləyə “hörmətli şəxs” kimi təqdim edib, özlərini də bu uğurun içində pay sahibi hesab edirlər. Yəni “onu tanıyıram” demək, “mən də uğurluyam” anlamına gəlir. Yeni dövrün yeni peşələri… başqa cür adlandırmaq çətindir.Bu yaxınlarda ziyalı kütlənin toplandığı, amma içində sayılı ziyalının olduğu bir məclisdə idim. İllər öncə tanıdığım birini də orada gördüm. Gənclik illərimizdə rəqabət anlayışını dərk etmədiyim, özümü sadəcə inkişafa köklədiyim zamanlarda onun açıq şəkildə məni sıxışdırdığı hallar olmuşdu. Həyatda belə şeylər olur. O gün də məni görsə də, sanki əhəmiyyətsiz bir detal kimi davranırdı. Ta ki, ətrafdakı müəyyən bacarıqlarına görə tanınan insanların mənimlə səmimi münasibətini hiss edənə qədər. O an birdən-birə dünəndən dost imiş kimi öpüb-qucaqlaması məndə ikrah yaratdı. Budurmu? Cəmiyyət üçün nümunə göstərilən insanlar bu qədər bəsit olmamalıdır. Niyə özümüz kimi ola bilmirik? Niyə saxta davranışla ucuz görüntü yaradırıq?21-ci əsrin yarısına çatmağa 25 il qalıb. Mən isə 30 ildir ki, özümü dərk etdiyim gündən insanları müşahidə edirəm. "Puzzle" kimi görünən bu həyatın bir parçası olmaq üçün əlindən gəlməyəni belə edən, önə can atan insanlar gördüm. Onları qınamıram. Çünki real bacarıqlarıma baxmayaraq, mən bu qədər önə çıxmağa heç vaxt istəkli olmamışam. Düşünmüşəm ki, qızıl torpaqdadırsa, bir gün onu kəşf edən tapılar. Səhv düşüncədir. Yanlış insanların əlinə düşmək kimi bir həqiqət var. Səndən necə istifadə edildiyini və bunun sənə necə “normal” göstərildiyini bəzən hiss etmirsən. Nüfuzu bir gündə yerlə bir olan insanlar tanıyıram. Sonradan məlum olur ki, bəzən nüfuz da bir günlük gündəmlə heçə sayıla bilərmiş.Bu il anladım ki, bu gün faydasız görünən bir şey gələcəkdə dəyərli ola bilər. Təxminən iki ilə yaxın başqa sahələrdə çalışdım. Bu, böyüməyimə, çevrədən çıxıb öz gücümü hiss etməyimə ciddi təsir etdi. Çox şeyə dəyər qata biləcəyimi anladım. Amma sonra daha vacib bir həqiqəti gördüm: əsas məsələ mənə nə qədər dəyər qatdığı idi.Bəzi qadınlar bir mərhələdən sonra təbiətin onlara verdiklərini qarşı cinsi manipulyasiya edib önə keçmək üçün istifadə edirlər. Bəzi qadınlar isə kişi mərdliyi göstərib çınqıllı yollarla, ayaqları qanaya-qanaya məqsədə doğru irəliləyirlər. Bəziləri yarıda dayanır, məqsəd formasını dəyişir. Yol boyu çıxan cazibədar təkliflər onları daha çox cəlb edir. Mən isə düşünürəm ki, yolu öz xeyrinə dəyişmək istəyirsənsə, hər kilometrdə zirvədən qayıdanlardan məsləhət al. O zaman başqasının yolunda yox, öz saldığın asfaltda yeriyəcəksən.Çətindir. Amma mən də kiminsə tozunda boğulmaq istəmirəm. Bu, ipoteka ilə hazır ev almaqdansa, torpaq alıb öz dünyanı orada qurmağa bənzəyir. Qarışıqdır, amma səndir.Bu il öyrəndim ki, qozbeli həmişə qəbir düzəldir. O qozbel estetik əməliyyatla belini düzəltsə də, yenə qəbir düzəldəcək. Keçmişdən gələn, dəyəri tüməndən aşağı olan insanları gələcəyimizdə diriltməməliyik. Onları göz önündə saxlamaq da faydalı deyil. “Düşmənini göz önündə saxla” deyirlər. Məncə yox. İtir onu. Uğurunla zəhərlənmiş birinin yoluna daş düzməsinə niyə şərait yaradasan?Anladım ki, cəmiyyətimiz görünəni dağıtmağa maraqlıdır. Gülən üzə sual verməyi bacarmasa da, arxadan niyyətlərinə uzun-uzadı “tikmə vurmağa” həmişə həvəslidir. Amma nə olursa olsun, sənə aid olanı qorumaq, xəzinə bildiklərinə sahib çıxmaq lazımdır. Səmimiyyət bir vaxtlar əlbisə idi, indi isə topdansatış məhsuluna çevrilib. Hər kəs onu öz niyyətinə uyğun biçib əyninə geyinir. Parçanın keyfiyyətinə fikir vermədikləri üçün ucuz göründüklərinin fərqində deyillər. Hər kəs səmimi olmağa məcbur deyil. Amma niyə bunu hobbi kimi görürlər, anlamıram.Yeni tanış olduğumuz insanlar hər zaman bizə yaxşı hiss etdirməyə bilər. Bu gün qarşımıza çıxırlarsa, səbəbi var. Kimisi bizə dərs verir, hətta narsis davranışları ilə immunitet qazandırır. Kimiləri gələcəkdən gələn adamlardır – döngələrdə nə baş verəcəyini bilirlər. Kimiləri isə sadəcə müşahidəçidir. Onlara az, amma keyfiyyətli məlumat verin. Bir gün həyatınızın mərkəzinə hücum etməyə çalışsalar, sizin də onlar haqqında kiçik bir “məlumat ehtiyatınız” olsun. Qara məni basmamış, mən ona “günaydın” deyə bilim.Əslində narahat olmağa əsas yoxdur. Hər səhər yeni bir “sən” olmağa səbəblərimiz var. Gün bitir. Öz yaratdığın labirintdə itməmək üçün həmişə alternativ giriş-çıxışların olmalıdır. Özünə deməyi bacar: “Mən özümü sevirəm. Mən özümü dərk edirəm”. Özünü sevməyən nə yaxşı qadın, nə də sağlam kişi ola bilər. Fiziki və mənəvi dəyərini anlamayan insanın başqasına möhtac olması onu uçurumun kənarına aparır.Uğursuzluqlar qorxu yaratmamalıdır. Bu, sınaqdır və təcrübədir. Həyatda ən təhlükəli məqam xəyanət deyil, ləyaqəti itirməkdir. Çünki ləyaqət gedəndən sonra qalanlar corabın söküyü kimi gəlir.Sözü mənalı edən cümlələrdir. Əgər bu gün həyatımızın gedişatına uyğun bir cümlə qura bilmirsənsə, yüzlərlə kitab oxumağın nə mənası var? Kimin səni necə anlayacağını düşünməkdənsə, bəzən açıq və dürüst danışmaq münasibətləri daha aydın edir.Ali məqsədlərimiz faydalı deyilsə, cəmiyyətə dəyər qatmırsa, kölgəmizdə qalanlara belə işıq tutmursa, varlığımızın mənası yoxdur. Bu il bu baxımdan özümü daha xoşbəxt hiss edirəm. Mənəvi çökmüş bir insana verilən dəstək bəzən bir qurtum su qədər dəyərlidir.Bir il böyük görünə bilər. Amma onu dəyərli edən bu gündür, bu saatdır. Zamandan düzgün istifadə etdikdə 365 gün kəmiyyət yox, keyfiyyətə çevrilir. Bir vaxtdan sonra hər istiqamətə qaçmaqdansa, bir sahədə püxtələşmək sənin keyfiyyətindən xəbər verir. Sözlərə yox, yaşamağa fokuslanmaq lazımdır. Çünki çay təəssüratı yaratmaq üçün hər zaman suya ehtiyac olmur.

Gülbəniz Hüseynli

Chosen
39
2
metbuat.az

3Sources