EN

Ukrayna müharibəsi davam edəcək: “Ən azı Putinin hikkəsi bitənə qədər...”

Dünən ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə görüşüb. 

Floridada keçirilən görüş 2,5 saatdan çox davam edib. Hər iki lider görüşün məhsuldar keçdiyini bildirirək, sülh istiqamətində müsbət mesajlar veriblər. Ağ Ev lideri tərəflər arasındakı məsələlərin 95 faizi üzrə yekun razılığın əldə olunduğunu açıqlayıb. 

Zelenski də böyük nailiyyətlər əldə etdiyini deyib: “20 bəndlik sülh planı 90 faiz, ABŞ-nin təhlükəsizlik zəmanətləri ilə bağlı da 100 faiz razılaşdırılıb. 

ABŞ və Avropanın zəmanətləri ilə bağlı demək olar ki, razılıq əldə olunub. Hərbi aspektlər də 100 faiz razılaşdırılıb. İnkişaf planı tamamlanmaqdadır, biz növbəti addımların ardıcıllığını da müzakirə etdik. Razılaşdıq ki, təhlükəsizlik zəmanətləri davamlı sülhə nail olmaq üçün əsas mərhələdir və komandalarımız bütün aspektlər üzərində yaxşı işləməyə davam edəcəklər”. 

Maraqlıdır ki, Zelenski 90 faiz, Tramp isə 95 faiz razılıq əldə olunduğunu deyir. Bəs əslində vəziyyət necədir? Tərəflər bu dəfə sülhə yaxındırlar? Bundan başqa, 100 faizlik təhlükəsizlik zəmanətləri özündə nəyi ehtiva edir? Rusiya Prezidenti Vladimir Putinin buna cavabı nə olacaq? 

Azərbaycan Ümid Partiyasının sədr müavini, politoloq Bakir Həsənbəyli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Trampın ilkin təqdim etdiyi 28 bəndlik sülh sazişi müəyyən ixtisarlarla 20 bəndə salınıb: 

“ABŞ tərəfindən bu saziş mətni ətrafında istər Rusiya, istərsə də Ukrayna ilə bir neçə dəfə müzakirələr aparıldı. Müzakirələrlə bağlı müsbət açıqlamaların verilməsinə rəğmən, Rusiya atəşkəs təkliflərini qəbul etmədi. Donald Tramp və Volodimir Zelenski sülhlə bağlı razılaşmaya dair fərqli rəqəmlər təqdim edirlər. 

Ancaq rəsmi Moskva məsələyə münasibət bildirmir. Üstəlik, Rusiyanın bayramlara görə atəşkəsə getmək təklifinə də razı olmadığını görürük. Bu isə o deməkdir ki, ABŞ və Ukrayna liderlərinin dediyi faiz göstəriciləri yalnız Trampın aktivinə müsbət imic qazandırmağa hesablanıb.  Zelenskinin bu addımı çarəsizlikdən atdığı görünür”. 

Ekspert qeyd edib ki, 20 bəndlik sülh planında Rusiya üçün mübahisəli məqamlar kifayət qədər çoxdur: 

“Bunlardan biri də təhlükəsizlik zəmanətinin verilməsi ilə bağlıdır. Orada genişmiqyaslı kollektiv təhlükəsizlik zəmanəti və sırf ABŞ-nin verəcəyi zəmanətdən bəhs edilir.  Əslində, 1994-cü ildə də Ukraynaya təhlükəsizlik zəmanəti verilmişdi. Lakin həm 2014-cü ildə, həm də 2021-ci ildə Rusiya Ukraynanı işğal etdi.

Üstəlik, 2003-cü ildə Ukrayna ilə Rusiya arasında sərhədlərin toxunulmazlığı ilə bağlı da  saziş imzalanmışdı. Ancaq Rusiya 4 ilə yaxındır Ukrayna sərhədləri daxilində hərbi əməliyyatlar keçirir. Yəni 90-95 faiz razılığın əldə olunması yalnız Trampın gəldiyi qənaətdir. Əslində, göstərilən faiz dərəcələri həqiqətə uyğun deyil”. 

Politoloqun sözlərinə görə, ABŞ-nin Ukraynaya 100 faizlik təhlükəsizlik zəmanəti verməsi də reallığı əks etdirmir: 

“Bunun özü belə sual doğurur. Çünki qaranlıq məqamlar çoxdur. Məsələn, Rusiya yenidən Ukraynaya hücum edərsə, o zaman ABŞ qoşunları rusların qarşısına çıxacaqmı? Bu absurddur. Hətta gələcəkdə Ukrayna ilə bağlı hər hansısa problem yaranacağı təqdirdə NATO-nun Rusiya ilə döyüşə girəcəyini də zənn etmirəm. Nəzərə alaq ki, bir müddət əvvəl Rusiya alyans ölkələrinin hava məkanlarını pozdu. 

Ancaq onda NATO-nun nəinki 5-ci maddəsi, heç bu problemin müzakirə olunmasını zəruri edən 4-cü maddə belə işə düşmədi. O baxımdan, Avropa İttifaqı və ABŞ-nin götürdükləri öhdəliklərə sadiq qalacaqlarına inanmıram”. 

Bakir Həsənbəyli diqqətə çatdırıb ki, Putin müharibəni davam etdirməkdə qərarlı görünür: 

“Rusiyan həm hərbi, həm də siyasi-iqtisadi cəhətdən ciddi problemlərlə üzləşib. Hətta öz neftini satmaqda belə çətinlik çəkir. Lakin Rusiya yeni dünya nizamında yer almaq üçün müharibə aparır. 

Bundan başqa, Vladimir Putinin hikkəsi də müharibənin uzanmasına səbəb olur. Məncə, Putin özünün hikkəsinin müəyyən hissəsi təmin olunana qədər Ukrayna müharibəsini davam etdirəcək. Ümumiyyətlə, Moskva Vaşinqton və Kiyev arasındakı razılaşmanı qəbul etməyəcək. Bu zaman böyük ehtimalla, Tramp yenidən Putinə zaman verəcək. Bütün bunlara görə 2026-cı ilin birinci yarısına qədər Rusiya-Ukrayna müharibəsinin davam edəcəyini düşünürəm”. 

Chosen
35
50
cebheinfo.az

10Sources