EN

Moskva Qafqaza qayıdır - “Tramp yoluna” göz dikib...

Mətləb Salahov: "açıq görünür ki, hazırkı ABŞ Administrasiyası da Kremlin TRIPP layihəsində bu və digər şəkildə iştirakına qarşı deyil"

“Ukraynadakı hərbi itkilərə və bu üzdən ölkədə yaranmış iqtisadi böhrana baxmayaraq, Rusiya Cənubi Qafqazdakı iqtisadi və siyasi proseslərdə yenidən aktiv iştirakçı kimi geri qayıtmağa çalışır. Əlbəttdə, Moskva gözəl anlayır ki, gələn ildən başlayaraq bölgədə aktiv iqtisadi və ticari hərəkətlilik baş verəcək. Artıq Azərbaycan və Ermənistan arasında 30 ildən sonra ilk iqtisadi əlaqələr qurulub, Azərbaycan ərazisindən Ermənistana taxıl daşınması baş verib. Üstəlik rəsmi İrəvan da Bakıya bir sıra məhsulların ixracını gözdən keçirir. Ən əsası isə Vaşinqtondakı razılaşmaya uyğun olaraq 2026-cı ildə TRIPP layihəsinin işə salınması planlaşdırılır. Əlbəttdə, Moskvanın “qulağının dibində” belə iqtisadi canlanma fonunda Kreml bölgənin supergücü kimi baş verənlərdən qıraqda qala bilməz”.

Bu barədə SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. Onun fikrincə, Rusiya baş nazirinin müavini Aleksey Overçukun Rusiya-Azərbaycan-Ermənistan marşrutu üzrə digər yüklərin daşınması məsələsi aktiv şəkildə müzakirə olunduğu barədəki çıxışı qətiyyən təsadüfi deyil. M.Salahovun fikrincə, Nikol Paşinyanın Sankt Peterburqa son səfəri zamanı Vladimir Putinin erməni baş nazir ilə siyasi ritorikası da Rusiyanın Cənubi Qafqazdakı iqtisadi inteqrasiya prosesinə fəal qoşalacağına işarədir.
”Məsələn Ermənistan mediası yazır ki, ABŞ-ın vitse-prezidenti Ceyms Di Vens 2026-cı ilin fevral ayında Ermənistana səfər edəcək. Erməni jurnalistlərin yazdığına inansaq, məlum olur ki, bu səfər zamanı Meğridə TRIPP layihəsinin (Zəngəzur dəhlizi) təməlqoyma mərasimi olacaq. V.Putinin də Donald Trampla birgə siyasi hərəkətliliyini nəzərə alsaq, açıq görünür ki, hazırkı ABŞ Administrasiyası da Kremlin TRIPP layihəsində bu və digər şəkildə iştirakına qarşı deyil. Çox güman ki, Rusiya Cənubi Qafqaza növbəti dəfə qayıdır – bu dəfə iqtisadi iştirakçı libasında.”

Afət Tahirqızı

Chosen
22
2
sia.az

3Sources