"Siqaretlərin qiymətinin artırılması iqtisadi və sosial baxımdan çoxsahəli təsirlərə malikdir. Belə bir addım bir tərəfdən dövlət büdcəsinə əlavə gəlir təmin edə bilər, digər tərəfdən isə əhalinin sağlamlıq davranışlarını dəyişdirərək siqaret istehlakını müəyyən qədər azaltmağa xidmət edir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.
Onun sözlərinə görə, qiymət artımı xüsusilə gündəlik xərcləri diqqətə alan ailələrdə istehlakın azalmasına səbəb ola bilər ki, bu da uzunmüddətli dövrdə sosial və sağlamlıq baxımından müsbət nəticələr verə bilər: "Siqaretin qiymətinin artımı həm də əhalinin fərqli sosial qruplarına təsirini artırır. Aşağı və orta gəlirli ailələr daha çox məhdudlaşdırıcı təsir hiss edə bilər, bu isə onların büdcəsində siqaret üçün ayrılan hissəni azaltmağa yönəldir. Eyni zamanda, qiymət artımı gənclərin siqaretə marağının azalmasına da təsir göstərə bilər ki, bu, uzunmüddətli dövrdə sağlamlıq göstəricilərinin yaxşılaşmasına xidmət edir. Digər tərəfdən, yüksək qiymətlər kölgə iqtisadiyyatını stimullaşdıra, qanunsuz satışların və saxta məhsul dövriyyəsinin artmasına yol aça bilər. Bu səbəbdən siqaretin qiymətinin artırılması ilə bağlı siyasət yalnız vergilərin yüksəldilməsi ilə məhdudlaşdırılmamalıdır. Eyni zamanda, əhalinin maarifləndirilməsi, sağlam həyat tərzinin təşviqi, qanunsuz satışların qarşısının alınması və monitorinq mexanizmlərinin gücləndirilməsi də vacibdir.
Qiymət artımı strateji olaraq planlaşdırılmalı və sosial ədalət prinsipləri nəzərə alınmalıdır. Yəni qiymət artımı yalnız dövlət gəlirlərini artırmaq məqsədilə tətbiq edilməməli, eyni zamanda ictimai sağlamlıq, sosial rifah və siqaretin zərərli təsirlərinin azaldılması məqsədini də daşımalıdır. Bütün bu tədbirlər birgə həyata keçirildikdə, həm iqtisadi, həm sosial, həm də sağlamlıq baxımından səmərəli nəticələr əldə etmək mümkündür".