EN

AMADA idman ictimaiyyətinə çağırış edib - EKSKLÜZİV

Bakı, 29 dekabr, AZƏRTAC

2026-cı il üçün qadağan edilmiş siyahının əsas məqsədi idmanda ədalət, dürüstlük və sağlam rəqabət prinsiplərinin qorunmasıdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadə deyib.

Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2026-cı il üçün qadağan edilmiş maddələr və üsullar siyahısının 1 yanvar tarixindən etibarən qüvvəyə minəcəyini xatırladan AMADA rəsmisi idman adamlarına çağırış edib.

O, həmin siyahının WADA tərəfindən cari ilin oktyabr ayında təsdiqlənərək, ictimaiyyətə təqdim olunduğunu vurğulayıb: “Bildiyiniz kimi, siyahı Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən Azərbaycan dilinə tərcümə edilib. Şəffaflıq və əlçatanlığın təmin edilməsi məqsədilə sənəd AMADA-nın rəsmi internet saytında yerləşdirilib, eyni zamanda ölkə üzrə idman federasiyalarına və aidiyyəti idman qurumlarına rəsmi qaydada göndərilib. 2026-cı il üçün qadağan edilmiş siyahının əsas məqsədi idmanda ədalət, dürüstlük və sağlam rəqabət prinsiplərinin qorunmasıdır. AMADA idmançıları, məşqçiləri, həkimləri və bütün idman ictimaiyyətini yenilənmiş siyahı ilə vaxtında tanış olmağa, mümkün risklərin qarşısını almaq üçün məsuliyyətli davranmağa çağırır. Qaydaların düzgün tətbiqi və məlumatlılığın artırılması təmiz idmanın davamlı inkişafının əsas şərti kimi qiymətləndirilir”.

Chosen
101
2
azertag.az

3Sources