EN

2026-cı ildə Milli Məclisin komitələri Qarabağda iclas keçirəcək?  

44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərin həm də siyasi-institusional qərarların müzakirə olunduğu platformaya çevrilməsi yeni mərhələnin göstəricisidir. 2022-ci ildə Milli Məclisin komitələrinin Şuşada keçirdiyi birgə iclaslar bu baxımdan rəmzi olmaqla yanaşı, parlament fəaliyyətinin coğrafiyasının genişlənməsini də nümayiş etdirdi. Qarşıdakı illərdə, xüsusilə 2026-cı il perspektivində, komitə iclaslarının işğaldan azad edilən bölgələrdə keçirilməsi ehtimalı həm ictimai maraq doğurur, həm də bu cür toplantıların hansı şərtlər daxilində mümkün ola biləcəyi sualını aktuallaşdırır. 

Modern.az məsələ ilə bağlı Milli Məclisin komitə sədrləri ilə əlaqə saxlayıb.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bu iclasların mümkünlüyünü vurğulayıb:

"İşğaldan azad olunmuş ərazilərə səfər etmək, orada aparılan tikinti, bərpa və quruculuq işləri ilə tanış olmaq, bu prosesləri yerində izləmək və bundan duyğulanmaq hər bir vətəndaş üçün qürurverici hissdir. Doğrudan da, həmin ərazilərdə çox böyük və mühüm layihələr həyata keçirilir.

Bizim də bir neçə dəfə bu ərazilərə səfərlərimiz olub. 2022-ci ildə Aqrar siyasət komitəsi olaraq biz də öz iclasımızı işğaldan azad olunmuş ərazidə keçirdik və həmin tədbir çox geniş tərkibdə baş tutdu. Yerində qərarlar qəbul olundu və müzakirələr aparıldı.

Əgər belə tədbirlərin keçirilməsi planlaşdırılarsa, düşünürəm ki, bu, əvvəlcədən proqramlaşdırılmalı və nəzərdə tutulmalıdır. Bildiyim qədərilə, Milli Məclisdə bu istiqamətdə bir neçə dəfə təkliflər də irəli sürülüb və hörmətli sədrimiz bu təşəbbüsləri yüksək qiymətləndirib. Ancaq təkcə Şuşa deyil, digər işğaldan azad olunmuş rayon və kəndlərdə də belə tədbirlərin təşkili ilə bağlı təkliflər səsləndirilib – məsələn, Ağdamda, Laçında və digər bölgələrdə.

Əgər texniki və təşkilati imkanlar daxilində bu mümkün olarsa, biz yalnız Şuşada deyil, işğaldan azad olunmuş hər bir rayonda və kənddə tədbirlər keçirməyə hazırıq. Bu həm yerli sakinlər üçün, həm də bizim özümüz üçün qürurverici və mənalı olar".

1487678
İnsan hüquqları komitəsinin sədir Zahid Oruc isə bildirib ki, Milli Məclisin Şuşada keçirdiyi iclasları hüquqi, siyasi və dövlətçilik baxımından mühüm hadisədir.

"Uzun illər ərzində ölkəmizin qanunvericiliyi işğal altında olan ərazilərdə faktiki olaraq tətbiq olunmurdu və bu da hüquqi baxımdan beynəlxalq sənədlərə qoşularkən bəzi məhdudiyyətlər və qeyd-şərtlərlə ifadə olunurdu.

Azərbaycan dövləti müxtəlif beynəlxalq konvensiya və protokollara qoşularkən, dəfələrlə bəyan edirdi ki, işğal altında olan ərazilərdə bu müddəaların tətbiqinə zəmanət verilmir. Bu həm hüquqi, həm də mənəvi baxımdan dövlətimizin suverenlik prinsipinə zidd olan bir məqam kimi qalırdı.

İndi isə vəziyyət dəyişib: konstitusion hüquq sistemimiz bütövləşib, qanunlarımız artıq işğaldan azad olunmuş bütün ərazilərdə tətbiq olunur. Bu kontekstdə Milli Məclisin Şuşada keçirilən komitə iclasları yalnız sıradan bir tədbir deyil, qalib dövlətin qanuni iradəsinin təntənəsi, hüququn bərpası və dövlət suverenliyinin tam təsdiqidir.

Bundan sonra dövlət orqanlarının konstitusion səlahiyyətlərinin ölkənin bütün ərazisində icrası, eləcə də qanunverici fəaliyyətin məhz bu torpaqlarda fiziki olaraq icra olunması Azərbaycan tarixində dönüş nöqtəsidir".

Yüz illər sonra belə bu iclaslar sadəcə protokol hadisəsi kimi deyil, simvolik və tarixi əhəmiyyət daşıyan bir dönüş anı kimi xatırlanacaq. Çünki bu, torpaqlarımızın hüquqi və siyasi baxımdan tam olaraq Azərbaycan dövlətinin tərkib hissəsi olduğunu bütün dünyaya göstərdi:

"30 il ərzində işğal olunmuş Qarabağ ərazilərində qondarma qurumun təşkilatçılığı ilə saxta parlament iclasları, tədbirlər, görüşlər və qəbullar keçirilirdi. Bütün bunların aradan qaldırılması, ərazi bütövlüyümüzün bərpası ilə birlikdə Azərbaycanın tarixi qələbəsi və ardınca dövlət orqanlarının, rəsmi hakimiyyət institutlarının həmin torpaqlarda suverenliyini bərqərar etməsi mühüm tarixi hadisədir".

Zahid Oruc qeyd edib ki, Şuşa artıq siyasi mərkəzə çevrilib, bu baxımdan burada iclasların keçirilməsi məqsədəuyğundur:

"Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan ardıcıl və prinsipial siyasət nəticəsində Şuşa təkcə mədəniyyət paytaxtı kimi deyil, siyasi paytaxt statusu da qazanmışdır. Məhz bu siyasətin nəticəsində bir çox beynəlxalq tədbirlər, rəsmi görüşlər, xarici nümayəndələrin səfərləri məhz Şuşada keçirilmiş, orada sənədlər imzalanmış və Şuşa Bəyannaməsi kimi strateji əhəmiyyətli sənədlər məhz orada qəbul olunmuşdur.

Bu isə həmin ərazilərin siyasi və dövlətçilik baxımından da mərkəzə çevrildiyini göstərir. Milli Məclisin nümayəndə heyətləri də bu dövr ərzində həmin ərazilərdə müxtəlif səviyyəli görüşlərdə iştirak etmiş, xarici qonaqların səfərləri təşkil olunmuşdur.

Gələcək dövrdə Milli Məclisin rəsmi tədbirlərinin həmin ərazilərdə keçirilməsi hələlik planlaşdırılmasa da, bu məsələ rəhbərlik tərəfindən yüksək diqqətlə izlənir. İstisna deyil ki, gələn ildə həm komitə səviyyəsində, həm də parlamentin özünün fəaliyyət planında bu istiqamətdə addımlar atılsın".

1487677

İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa isə həmin ərazilərdə Hüquq siyasət və dövlət quruculuğu, eyni zamanda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclas keçirməsini daha məqbul hesab edib.

"İşğaldan azad olunmuş ərazilərdə bu cür tədbirlərin keçirilməsi həmin dövrdə zəruri idi. Bu həm də torpaqların azad olunması faktının beynəlxalq ictimaiyyətə nümayiş etdirilməsi və xarici təbliğat baxımından xüsusi önəm daşıyırdı.

Hazırda isə belə məhdudiyyətlər yoxdur və istənilən halda orada konfranslar və digər tədbirlərin təşkili mümkündür. Bununla belə, komitə iclaslarının əsasən mərkəzdə, daha işgüzar mühitdə keçirilməsi daha məqsədəuyğun hesab olunur. Həmçinin bizim komitənin iclasları çox intensiv olmur. Daha çox iqtisadiyyat və hüquq komitələrinin iclasları daha çox olur.

Əgər ehtiyac yaranarsa və uyğun hesab edilərsə, təbii ki, həmin ərazilərdə yenidən komitə iclaslar təşkil edilə bilər. Lakin indiki mərhələdə bu, əvvəlki qədər aktual deyil. Qeyd etmək lazımdır ki, həmin dövrdə çoxları o bölgələri görməmişdi və bu tədbirlər komitə üzvləri üçün ərazilərlə tanışlıq, orada aparılan quruculuq işlərini yerində izləmək üçün bir fürsət idi. İndi isə fərdi qaydada həmin ərazilərə səfərlər mümkündür və bu baxımdan da bu məsələ bu gün üçün əvvəlki qədər aktuallıq kəsb etmir" - deyə komitə sədri vurğulayıb.

Chosen
42
1
modern.az

2Sources