EN

Tarixi ədalətin bərpası: 907-ci düzəliş ləğv edilir

907-ci düzəlişlə bağlı qəbul edilən qərar Azərbaycan–Amerika Birləşmiş Ştatları münasibətlərində strateji əhəmiyyət daşıyan mühüm addımdır. 

Bu barədə politoloq Tural İsmayılov News365.az-a açıqlamasında bildirib.


Onun sözlərinə görə, sözügedən qərarın iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə daxil olduğu bir dövrdə verilməsi əməkdaşlığın gələcək vizyonunu daha da aydınlaşdırır.

Politoloq qeyd edib ki, bu addım eyni zamanda Donald Trampın ikinci prezidentlik dövrünə qədər ABŞ xarici siyasətində yol verilmiş ciddi yanlışların korrektə olunması baxımından da xüsusi əhəmiyyət daşıyır:

“Azərbaycan əraziləri uzun illər işğal altında olduğu halda, ölkəmizə qarşı tətbiq edilən 907-ci düzəliş nə beynəlxalq hüquqa uyğun idi, nə də regionda sülh və sabitliyə xidmət edirdi”.

Tural İsmayılov vurğulayıb ki, həmin dövrdə ATƏT-in Minsk qrupu çərçivəsində ABŞ-ın həmsədr kimi təmsil olunmasına baxmayaraq, işğalçı ilə işğala məruz qalan tərəfin eyniləşdirilməsi Azərbaycana qarşı ədalətsiz yanaşmanın göstəricisi idi.

Politoloqun fikrincə, Donald Trampın təşəbbüsü ilə 907-ci düzəlişin tamamilə ləğv edilməsi və Konqres tərəfindən bu qərarın təsdiqlənərək rəsmi şəkildə dərc olunması Azərbaycan–ABŞ əməkdaşlıq münasibətlərində yeni imkanların yaranacağından xəbər verir.

“Bu cür qərarlar tarixi ədalətə inamı gücləndirir. Hesab edirəm ki, 907-ci düzəlişin tam aradan qaldırılması ABŞ-ın xarici siyasət kursunda, xüsusilə də Cənubi Qafqaza yanaşmasında uzun illər mövcud olmuş ciddi bir yanlışın aradan qaldırılması deməkdir”, – deyə Tural İsmayılov əlavə edib.


Bu mövzuyla bağlı  News365.az-a danışan politoloq Ülviyyə Zülfüqar isə bildirib ki, Birləşmiş Ştatlarda ifadə azadlığı ilə bağlı irəli sürülən yeni qanun təşəbbüsü yalnız hüquqi dəyişiklik deyil, eyni zamanda mühüm diplomatik mesaj xarakteri daşıyır.


“Birləşmiş Ştatlarda ifadə azadlığı ilə bağlı irəli sürülən yeni qanun təşəbbüsü təkcə hüquqi dəyişiklik deyil, eyni zamanda mühüm diplomatik mesaj kimi qiymətləndirilir. Qanun layihəsi çərçivəsində bəzi müddəaların ləğvi ABŞ-ın beynəlxalq tərəfdaşları ilə münasibətlərinə də birbaşa təsir göstərir. Bu kontekstdə Azərbaycan Vaşinqton üçün etibarlı və strateji tərəfdaş kimi önə çıxır.

Son illərdə Azərbaycan və ABŞ arasında siyasi əməkdaşlığın artması, xüsusilə təhlükəsizlik, enerji və regional sabitlik məsələlərində qarşılıqlı maraqların formalaşması diqqət çəkir. Onilliklər ərzində hərbi, siyasi və iqtisadi sahələrdə qurulan əməkdaşlıq ABŞ Konqresi səviyyəsində dəfələrlə tanınıb və vurğulanıb.

Rəsmi Vaşinqton Azərbaycanın ABŞ üçün mühüm tərəfdaşlardan biri olduğunu açıq şəkildə bəyan edir. Bu mövqe yalnız hüquqi sənədlərdə deyil, həm də ABŞ-ın regionla bağlı strateji yanaşmalarında öz əksini tapır. Ekspertlərin fikrincə, yeni qanun təşəbbüsü beynəlxalq lobbiçilik mühitində Azərbaycanın mövqeyini daha da gücləndirir.

Bütün bunlar onu göstərir ki, sözügedən təşəbbüs yalnız daxili hüquqi islahat xarakteri daşımır, eyni zamanda Azərbaycan–ABŞ münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir.”

Chosen
27
39
news365.az

10Sources