Elşən Manafov: “Bu, ABŞ-ın region və onun ətrafı ilə bağlı geosiyasi maraqları ilə əlaqədardır”
907-ci düzəlişi tam ləğv etməyə yönəlmiş qanun layihəsinin mətni ABŞ Konqresinin saytında yerləşdirilib. Qanun layihəsində deyilir ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən bəri Amerika Birləşmiş Ştatlarının və onun müttəfiqlərinin sadiq tərəfdaşı olaraq qalır, Azərbaycan müharibə dövründə də, sülh dövründə də mühüm əməkdaşlığı təmin edib.
Qanun layihəsində bildirilir ki, Azərbaycan Cənubi Qafqazda sülhü prioritet hesab etdiyini açıq şəkildə nümayiş etdirib və elə bir sülh sazişi əldə edib ki, bu sazişdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikasının müvafiq sərhədləri və ərazi bütövlüyü qarşılıqlı şəkildə razılaşdırılıb. Qanun layihəsinə əsasən, Azadlığa Dəstək Aktının 907-ci maddəsi ləğv edilir və qanundan həmin maddə ilə əlaqəli bənd çıxarılır.
“İqtidara gələn siyasi elitanın qlobalist Bayden hökumətindən beynəlxalq və regional məsələlərə fərqli...”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafov buna bir neçə aspektdən yanaşdı: “ABŞ Konqresinin saytında Azərbaycanla bağlı 907 saylı düzəlişin ləğvini təklif edən qanun layihəsinin mətninin yerləşdirilməsi ABŞ-ın region və onun ətrafı ilə bağlı geosiyasi maraqları, habelə rəsmi Bakı ilə münasibətlərin məzmun və xarakterində baş vermiş köklü dəyişikliklərlə əlaqədırdır. Bu ilin avqustunda Vaşinqtonda ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Prezident İlham Əliyev, habelə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutmuş görüş və əldə edilmiş razılıqlardan sonra Tramp administrasiyasının məlum düzəlişlə bağlı güzəştlərə gedəcəyi gözlənilən idi. Düzəlişin ləğv edilməsi məqsədi ilə Konqresə müraciət etmiş konqresmen Respublikaçılar Partiyasından Florida ştatında seçkiləri udan Anna Paulina Lunadır. O, ABŞ Konqresinə seçilmiş Meksika əsilli ilk qadındır. Maraqlıdır ki, 2022-ci ilin seçkilərində onun namizədliyi Trampın özü tərəfindən dəstəklənib. Nüfuzlu “Times” jurnalı onu 2023-cü ilin 100 ən nüfuzlu şəxsi sırasına aid edib. Avqust ayında isə prezident Tramp məlum düzəlişin dondurulması ilə bağlı sərəncama imza atıb. Konqresin saytında düzəlişin niyə aradan qaldırılmasının zəruriliyi ilə bağlı məsələlərə aydınlıq gətirilib. Burada bildirilir ki, Azərbaycan Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin təmin olunmasında maraqlı tərəf olaraq Ermənistanın sərhədlərini tanıyır və onunla məlum şərtlərlə sülh müqaviləsinin imzalanmasına hazırdır. Lakin ABŞ üçün əsas olanı, əlbəttə, onun Azərbaycanla enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı ilə bağlı məsələlərdir. Digər tərəfdən, ölkənin təbii resurslarından istifadə üçün əldə ediləcək razılıqlar, bölgədən keçən dəhlizlər ətrafında qarşılıqlı maraqlara cavab verən layihələr və əlbəttə, regionda Azərbaycanın getdikcə artan nüfuzu şəraitində geosiyasi layihələrə onun münasibəti rakursunda olan məsələlər də az əhəmiyyət kəsb etmir. Regiondan keçən və beynəlxalq tranzit əhəmiyyətə malik olan çalışmalarda Azərbaycanın mövqeyi ABŞ üçün onun burada Çin, Rusiya, İran kimi dövlətlərlə qarşıdurmasında mühüm əhəmiyyət kəsb edir. Bu vacib amil Moskva, Pekin və Tehranın da diqqətindən yayınmır. Tərəflərdən hər biri tranzit yolların beynəlxalq ticarət, deməli yumşaq gücün tətbiqi ilə bağlı məsələlərdə çəkisinin və əhəmiyyətinin mahiyyətinə vardığından, rəsmi Bakı ilə qarşılıqlı maraq və hörmətə söykənən siyasətin həyata keçirilməsinə önəm verirlər. Əlbəttə, ABŞ-da iqtidara gələn siyasi elitanın qlobalist Bayden hökumətindənbeynəlxalq və regional məsələlərə fərqli baxışları da məlum düzəlişin aradan qaldırılması ilə bağlı proseslərətəsirsiz ötüşməyib. Məsələ burasındadır ki, zamanında Azərbaycana qarşı bədnam 907 saylı düzəlişin tətbiqi təklifi ilə çıxış edən senatorlardan biri məhz demokrat-konqresmen Bayden olub. Sonradan ABŞ prezidenti seçilmiş bu şəxsə yaxın adamlardan biri - filantrop, milyarder Soros isə Ermənistanda məxməri inqilaba maliyyə dəstəyi verib Paşinyanı iqtidara gətirənlərdən biri olub. Qlobalistlərin dəstəyi ilə Ermənistanda iqtidara gətirilmiş Paşinyanın qarşısına qoyulan əsas vəzifə isə Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq, Cənubi Qafqazda qlobalistlərin cızdığı xəritəyə uyğun geosiyasi durumun oturuşmasına nail olmaq idi. Paşinyan və qlobalistlər bu mübarizəni rəsmi Bakının böyük şahmat taxtası arxasında etdiyi dəqiq gedişlərə görə uduzduqlarından, ultra qlobalistlərin oyun şərtlərini qəbul etməyə məcbur qalıblar”.
Vidadi ORDAHALLI