EN

Azərbaycan və Qazaxıstan: 2025-ci ilin yekunları və strateji tərəfdaşlığın yeni üfüqləri

Astana, 29 dekabr, AZƏRTAC

2025-ci ilin yekunlarına əsasən Azərbaycan–Qazaxıstan münasibətlərinin inkişafı, əsas layihələr və əməkdaşlıq perspektivləri barədə AZƏRTAC-a Avrasiya Milli Universitetinin baş müəllimi, fəlsəfə üzrə elmlər namizədi, şərqşünas Janat Momınkulov danışıb.

— 2025-ci ilin yekunlarına görə Azərbaycan–Qazaxıstan münasibətlərinin inkişafını necə xarakterizə edərdiniz?

— 2025-ci il Azərbaycanla Qazaxıstan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsində mühüm mərhələ oldu. Biz iqtisadiyyat və ticarətdən mədəniyyət və energetikaya qədər əsas istiqamətlər üzrə əhəmiyyətli irəliləyişlərin şahidi olduq. Ölkələr arasında ticarət dövriyyəsi dayanıqlı müsbət dinamika nümayiş etdirdi. Qazaxıstan Azərbaycan bazarına buğdanın əsas tədarükçülərindən biri kimi mövqelərini möhkəmləndirdi, Qazaxıstandan Bakıya turist axını isə region ölkələri arasında dominant olaraq qaldı. Mühüm addımlardan biri nəqliyyat infrastrukturunun inkişafı, xüsusilə Xəzər dənizi üzərindən Orta Dəhlizin inkişaf etdirilməsi oldu ki, bu da ticarət dövriyyəsini sürətləndirəcək və logistikanı yaxşılaşdıracaq.

— İkitərəfli əməkdaşlıq üçün hansı mühüm hadisələri qeyd edərdiniz?

— Əsas hadisələrdən iki ölkə liderlərinin qarşılıqlı səfərləri, o cümlədən Prezident Kasım-Jomart Tokayevin Azərbaycanda keçirilən Türk Dövlətləri Təşkilatının sammitində çıxışını qeyd etmək olar. Həmin sammitdə regionda təhlükəsizlik və sülh məsələləri müzakirə olundu. Bu səfərlər, həmçinin Azərbaycanın Mərkəzi Asiyanın məsləhətçi formatına daxil edilməsi liderlər arasında qarşılıqlı etimadı əhəmiyyətli dərəcədə möhkəmləndirdi. Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri zamanı iqtisadiyyat, nəqliyyat və mədəniyyət sahələrini əhatə edən 15-dən çox sazişin imzalanması bu səylərin konkret nəticəsi oldu. Nəticə etibarilə, son illər ərzində iki dövlət arasında qarşılıqlı etimad, siyasi sinxronizasiya və strateji qarşılıqlı anlaşma misilsiz səviyyəyə çatdı. İnformasiya məkanında və ekspert mühitində narrativlərin qarşılıqlı nüfuzu və ikitərəfli dəstək aydın şəkildə hiss olunurdu.

— İqtisadi-ticari və nəqliyyat-logistika əməkdaşlığı necə inkişaf edir?

— Qazaxıstan Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında yer alır və son illərdə qarşılıqlı iqtisadi göstəricilər dayanıqlı artım nümayiş etdirir. Aqrar-sənaye sektorunda Qazaxıstan məhsullarının Azərbaycan bazarına ixracının artması, eyni zamanda Azərbaycan mallarının Qazaxıstana tədarükünün genişlənməsi müşahidə olunur. Nəqliyyat sahəsində əsas diqqət Orta Dəhlizin inkişafına yönəlib. Bu layihə “Mərkəzi Asiya + Azərbaycan” formatı çərçivəsində, həmçinin ABŞ, Avropa İttifaqı və Yaponiyanın iştirakı ilə beynəlxalq səviyyədə müzakirə olunub. Qazaxıstan ərazisindən keçən yeni quru marşrut açılıb ki, bu da yüklərin çatdırılma müddətini bir neçə həftə azaldıb. Orta Dəhliz Mərkəzi Asiya ölkələrini Avropa ilə birləşdirən mühüm həlqəyə çevrilir.

— Xəzər regionu və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq hansı rolu oynayıb?

— Xəzər regionunda və Türk Dövlətləri Təşkilatı formatında əməkdaşlıq Azərbaycan və Qazaxıstan üçün strateji əhəmiyyət daşıyır. “Xəzər beşliyi” çərçivəsində ölkələr ekologiya, təhlükəsizlik və enerji qarşılıqlı asılılığı məsələlərini fəal şəkildə irəli apararaq təbii resursların birgə işlənməsi üzrə mühüm sazişlər imzalayıblar. Türk Dövlətləri Təşkilatı formatında da qarşılıqlı fəaliyyət güclənib, belə ki, gənclər proqramlarının müzakirə olunduğu mədəni və təhsil forumları keçirilib. Qəbələdə keçirilən sammit təkcə ticarətin deyil, həm də təhlükəsizlik və regional siyasət məsələlərinin koordinasiyası istiqamətində türk dövlətlərinin səylərini təsdiqlədi ki, bu da Bakını və Astananı Türk dünyasında mərkəzi oyunçulara çevirir. Beləliklə, Qazaxıstan–Azərbaycan tandemi Türk Dövlətləri Təşkilatının nüvəsinə çevrilərək təşkilatı iqtisadiyyat, nəqliyyat və müdafiə sahələrində yeni koordinasiya səviyyəsinə çıxarır. Qlobal geosiyasi dəyişikliklər fonunda hər iki dövlət dünya enerji təchizatında, nəqliyyat dəhlizlərində və logistika sahəsində əsas rol oynayır ki, bu da Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı ilə təsdiqlənir. Orta Dəhlizin memarları kimi Qazaxıstan və Azərbaycan bu proseslərdə təkcə iştirak etmir, eyni zamanda Avrasiyada geosiyasi oyunun yeni qaydalarını formalaşdırırlar.

— İkitərəfli əməkdaşlıq hansı çağırışlarla üzləşib?

— 2025-ci ildə biz bir sıra çağırışlarla üzləşdik. Bunlara geosiyasi qeyri-sabitlik, həmçinin Xəzər regionunda neft və mülki obyektlərə hücumlar daxildir ki, bu da nəqliyyat dəhlizlərinin onsuz da mürəkkəb olan təhlükəsizlik sistemini çətinləşdirir. Trans-Xəzər layihəsi nəzərəçarpacaq dərəcədə aktuallaşıb və Xəzər Boru Kəməri Konsorsiumuna hücumla əlaqədar onun əhəmiyyəti kəskin şəkildə artıb. Operativ diplomatik fəaliyyət və koordinasiyalı addımlar sayəsində ölkələrimiz alternativ yükdaşıma marşrutlarını açıq şəkildə irəli aparır və mərhələli şəkildə gücləndirir. Bir çox digər ölkələrdə olduğu kimi, inflyasiya və enerji resurslarının qiymətlərində qeyri-sabitlik problemləri ilə də üzləşdik. Buna baxmayaraq, Qazaxıstan və Azərbaycan bu çətinlikləri uğurla dəf etdilər ki, bu da qarşılıqlı etimadın yüksək səviyyəsini və mürəkkəb vəzifələrin həlli qabiliyyətini təsdiqlədi.

— Gələn il münasibətlərin inkişafını hansı prioritetlər müəyyən edəcək?

— 2026-cı ildə nəqliyyat və energetika sahələrində əməkdaşlığın inkişafı davam etdiriləcək. Ölkələr arasında rəqəmsal qarşılıqlı əlaqəni əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq Trans-Xəzər fiber-optik rabitə xətti kimi mühüm layihənin işə salınması gözlənilir. Əmtəə dövriyyəsinin sürətləndirilməsi məqsədilə dəmir yolu və avtomobil dəhlizlərinin inkişafı davam etdiriləcək. Əhəmiyyətli istiqamətlərdən biri Türk Dövlətləri Təşkilatı, BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlar çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi olacaq ki, bu da regionda sabitliyə və təhlükəsizliyə töhfə verəcək. Qeyd olunan əhəmiyyətli irəliləyişlərə baxmayaraq, Azərbaycan–Qazaxıstan əməkdaşlığı bir sıra struktur çağırışları ilə üzləşir. Orta Dəhlizin potensialının reallaşdırılması ciddi investisiyalar, tariflərin unifikasiyası və prosedurların rəqəmsallaşdırılmasını tələb edir, əks halda siyasi razılaşmalar gözlənilən iqtisadi effekt verməyə bilər.

Türk Dövlətləri Təşkilatı da daxil olmaqla çoxtərəfli formatlarda Bakı–Astana tandeminin güclənməsi ümumi səmərəliliyi artırır, lakin eyni zamanda inteqrasiya proseslərinin dayanıqlığının qorunması üçün regionun bütün iştirakçılarının maraqları arasında balansın təmin olunmasını zəruri edir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Chosen
43
50
azertag.az

10Sources