EN

Xankəndidə bayram konserti keçirilib  

Dekabrın 29-da Xankəndi şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram konserti təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin Zəfər meydanında “Qış nağılı” yarmarkası günlərində baş tutan bayram konserti Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin dəstəyi, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, konsertdə tanınmış ifaçılar və musiqiçilər çıxış ediblər. Səslənən ifalar şəhər sakinlərinə və qonaqlara yüksək bayram ovqatı bəxş edib, böyük coşqu və alqışlarla qarşılanıb. Konsert proqramının ardınca atəşfəşanlıq olub.

Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü və Yeni ili birlik, həmrəylik və bayram ruhu ilə qeyd etmək, eyni zamanda Xankəndi şəhərində ictimai-mədəni həyatın canlandırılmasına töhfə verməkdir.

Chosen
37
36
azerbaijan-news.az

10Sources