EN

QHT Quba rayonunda gənclərin intellektual inkişafına töhfə verib

Təşkilatın bu il icra etdiyi ən böyük layihə Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə reallaşdırılan “Şəhidlərin qəhrəmanlıqlarının təbliği” adlı layihə olub. Layihə çərçivəsində Quba rayonunun 40 müxtəlif kənd ərazisində yaşayan ümumilikdə 352 nəfər yeniyetmə və gənc  əhatə edilib.

QHT.az xəbər verir ki, bu sözləri "Yurd" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov QHT.az-a bildirib. Onun sözlərinə görə, təşkilat 2025-ci ildə 4 müxtəlif layihənin tərəfdaşı kimi çıxış edib. Belə ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyi, Quba rayon Heydər Əliyev Mərkəzi və “3sual.az” intellektual oyunlar platformasının birgə təşkilatçılığı ilə keçirilən "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş “Bilik arenası" adlı turnirinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Elm və Təhsil işçiləri Həmkarlar İttifaqları Təşkilatı, Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Tələbələrin I Azərbaycan Kuboku turnirinin,  Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə Qubada keçirilən “Məktəbli liqası” turnirinin, Qubada ilk dəfə təşkil olunan Quba Kitab Sərgisinin də tərəfdaşlarından biri məhz "Yurd" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi olub:

"Bundan əlavə təşkilat “8 mart - Beynəlxalq Qadınlar Günü” ilə əlaqədar olaraq Quba şəhər Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyi ilə birgə ümumtəhsil müəssisəsində çalışan qadın pedaqoqların iştirakı ilə Xəmsə oyunu üzrə "Zərif intellekt" adlı intellektual turnir, Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə 6-7-ci sinif şagirdlərinin iştirakı ilə “Nə? Harada? Nə zaman?” oyunu üzrə mini turnir, "Konstitusiya və Suverenlik İli" çərçivəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Breyn rinq” intellektual oyunu üzrə turnirin təşkilatçısı olub".

QHT sədri həmçinin bildirib ki, Quba Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin təşəbbüsü ilə təşkilat tərəfindən "Konstitusiya və Suverenlik ili" çərçivəsində müəllimlər arasında II Xəmsə yay liqası,  Quba-Xaçmaz Regional Təhsil İdarəsinin dəstəyi ilə idarənin əməkdaşları arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə mini turnirin, zona məktəbliləri arasında “Kod adı 44” adlı turniri, Elm və Təhsil İşçiləri Həmkarlar ittifaqının təşkilatçılğı ilə "Konstitusiya və Suverenlik ili" çərçivəsində vətən muharibəsində qələbəmizin 5 illiyinə həsr olunmuş Quba rayon ümumtəhsil məktəblərində çalışan təhsil işçiləri arasında keçirilən Breyn rinq intellektual oyunu üzrə "Zəfər Kuboku" adli turnirin də icrası məhz təşkilata həvalə edilib.

Chosen
30
qht.az

1Sources