EN

Maşınla qadını vuraraq öldürən şəxslə bağlı protest verildi, məhkəmə təmin etmədi

Gəncə Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Coşqun Tağıyevin (ad, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
 

Qərara əsasən, apellyasiya protesti təmin edilməyib.
 

İttihama görə, təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədib.
 

Hadisə 14 sentyabr 2024-cü il tarixdə, saat 21:00 radələrində Gəncə şəhəri ərazisində baş verib. Coşqun Tağıyev ayıq vəziyyətdə, sürücülük hüququ olmaqla idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Gəncə şəhərində yerləşən “Bazarstore” marketinin yaxınlığında hərəkətdə olarkən müvafiq qanunun tələblərini pozub.


Belə ki, yol hərəkətinin digər iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı olduğu halda, hadisənin qarşısını almaq üçün texniki imkanı olduğu halda lazımi diqqət və ehtiyatlılıq göstərməyib. Nəticədə avtomobil yolun ortasında dayanmış piyada Gülnaz Süleymanovanı vurub. Aldığı xəsarətlər nəticəsində qadın 16 sentyabr 2024-cü il tarixdə müalicə olunduğu xəstəxanada vəfat edib.


Gəncə Şəhər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməklə 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Birinci instansiya məhkəməsinin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək, Coşqun Tağıyevə təyin edilmiş cəzanın müvafiq maddənin sanksiyası çərçivəsində daha ağır həddə müəyyən edilməsini xahiş edib.

Kamal Məmmədov 

Tarix: 30 Dekabr 2025, 09:53   
Chosen
60
pravda.az

1Sources