EN

Küçədə mübahisə etdiyi tanışını bıçaqladı, 4 il cəza aldı - QƏRAR

Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Samir Budaqovun (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.


İttihama görə, hadisə 17 fevral 2024-cü il tarixdə, saat 19:00 radələrində Ağcabədi rayonunda qeydə alınıb.


Belə ki, Samir Budaqov evinin həyətində tanışı, zərərçəkmiş İslam Kərimzadə (adı, soyadı şərtidir) arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı zərərçəkmiş şəxs məhkumu bədəninin müxtəlif nahiyələrinə yumruqla vuraraq qarın və sol əl pəncəsində sıyrıqlarla müşayiət edilən, sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirib.
 

Bundan sonra Samir qisas almaq məqsədilə, yaşadığı evin qarşısında yerləşən stolun üzərindən götürdüyü mətbəx bıçağı ilə İslama qarın nahiyəsindən iki dəfə qəsdən zərbə endirib. Nəticədə zərərçəkmiş şəxsə qarının ön divarından qarın boşluğuna keçən, qara ciyərin və nazik bağırsaq ilgiklərinin kəsilmiş yaraları ilə müşayiət olunan iki ədəd deşilmiş-kəsilmiş yara yetirilib.


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib.


Kamal Məmmədov 

Tarix: 30 Dekabr 2025, 09:55   
Chosen
34
pravda.az

1Sources