EN

"Azərbaycan artıq dünyada aparıcı idman ölkəsi kimi tanınır" - ŞƏRH EDİLDİ

"Avropanın İdman Şəhərləri və Paytaxtları Federasiyasının (ACES) verdiyi qərara əsasən, Bakı şəhərinə 2026-cı il üçün “Dünyanın İdman Paytaxtı” statusunun verilməsi ölkəmizə göstərilən yüksək etimadın bariz nümunəsidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, Belçikanın paytaxtı Brüsseldə Bakının 100 ballıq şkala üzrə ən yüksək nəticəyə nail olması və zəngin idman ənənələri, maddi-texniki bazası, həmçinin beynəlxalq yarışları yüksək səviyyədə keçirmək üzrə böyük təcrübəsi nəzərə alınaraq, 2026 cı il üçün dünyanın idman paytaxtı olması təsdiqləndi:

"“İdman Paytaxtı” layihəsinin qazanılması bu sahədə həyata keçirilmiş böyük işlərin, qazanılmış yüksək nüfuzun obyektiv və layiqli yekunudur. Ölkəmizdə, xüsusilə də Bakıda keçirilmiş mötəbər yarışlar bütün aspektlərdə nümunəvi səviyyədə təşkil olunub, paytaxtımıza gələn qonaqlar hər dəfə Azərbaycanı zəngin təəssüratla tərk ediblər. Artıq dünyada aparıcı idman ölkəsi kimi tanınan Azərbaycanın bir çox mötəbər beynəlxalq yarışlarda, rəsmi çempionatlarda uğurları da uzun illərdir ki, davam edir. Dövlətimizin başçısı İlham Əliyev rəsmi idman strukturları və milli idman federasiyaları ilə sıx əlaqələrin qurulmasına, idman işinin əməli olaraq canlandırılmasına xüsusi əhəmiyyət verir. Bu günə kimi ölkəmizdə həyata keçirilən islahatlar sayəsində ölkəmizdə idmanın və olimpiya hərəkatının yeni inkişaf mərhələsinə keçid reallaşıb, idmançıların sosial problemləri ilə bağlı bir sıra məsələlər həllini tapıb, federasiyaların işində ciddi dönüş yaranıb. Bir mühüm amil də idman sahəsində beynəlxalq əlaqələrin düzgün qurulması və genişləndirilməsidir ki, dövlətimiz bu işində öhtəsindən peşəkarcasına gəlib.

Dünya da görür ki, Bakı təkcə ona həvalə edilən böyük beynəlxalq yarışların yüksək səviyyədə təşkili ilə fərqlənmir, həm də burada sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri, onların sağlamlıq və gümrahlıq məşğələlərindən zövq almaları üçün hər cür şərait var. Ayrı-ayrı beynəlxalq federasiyaların öz çempionatlarını, olimpiya təsnifat turnirlərini, digər mötəbər yarışları paytaxtımızda keçirmək istəyi elə bu amillərdən irəli gəlir".

Müəllif: Arzu Qurbanlı
Chosen
11
sia.az

1Sources