Dünən deyil, srağagün deyil - artıq 34 ildir ki, SSRİ yoxdur. Di gəl, hələ də köhnə sistemin qaydalarını əlində bayraq edib savaşa girənlər var. Zülfiyyə Hüseynova kimi.

Yəqin ki, çoxunuz söhbətin nədən getdiyini təxmin etdiniz. Veteran cüdoçu Zülfiyyə xanım son günlər verdiyi silsilə müsahibələrində Azərbaycan Cüdo Federasiyasını ədalətsizlikdə ittiham edir. İdmançı bildirir ki, rəhbərlik onu işlə təmin edir. Hətta bununla bağlı ölkə başçısına məktub yazıb. Zülfiyyə xanım cavab məktubunu aldığını iddia etsə də onu göstərməkdə çətinlik çəkir.

Heç kimə sirr deyil ki, Azərbaycanda idman və idmançıya dövlət tərəfindən xüsusi diqqət və qayğı var. Olimpiya oyunlarında qalib gələnlərə verilən böyük məbləğli mükafatlar və müxtəlif bahalı hədiyyələr ABŞ, Fransa, Böyük Britaniyanın analoji və çox saylı çempionlarının yatdıqda yuxularına belə girə bilməz. 

Azərbaycanda müxətli idman federasiyaları konkret idman növlərini təmsil edən, həmin sahənin idarə olunmasını, inkişafını, yarışların təşkili və beynəlxalq əlaqələrin qurulmasını təmin edən təşkilatlardır. Onlar yalnız peşəkar idmançılar üçün deyil, eyni zamanda idmanın kütləviləşməsi və sağlam həyat tərzinin təbliği üçün də mühüm funksiyaları yerinə yetirirlər. İdman federasiyalarının qarşısında veteranları işlə təmin etmək kimi bir öhdəlik qoyulmayıb. Bütün veteranların işlə təmin edilməsi də mümkün deyil. 

Bəs yaxşı, Zülfiyyə Hüseynova niyə haqlı olduğunu düşünür və niyə ona bu qədər haqq verənlər var? Deyəcəksiniz ki, adam vaxtilə nəticə verib, bu gün də layiq olduğu dəyəri istəyir. Ancaq bu ölkədə məhz elə Zülfiyyə xanım yaşlarında, onun ranqında başqa idmançılar yoxdurmu? Məgər onların hamısını işlə təmin etmək realdırmı? Bu kimi suallar çoxdur. 

Nəinki idmanda, bir çox digər populyar sahələrdə də sözügedən tendensiyanı müşahidə edirik. Məsələn, incəsənətdə, xüsusilə də yaşlı nəsil arasında daim ad və imtiyaz davalarının getdiyini görürük. Çünki onlar hələ də hadisələri Sovet dönəmindən qalma yanaşma ilə qiymətləndirirlər 

Dünya təcrübəsinə baxdığımız zaman sözügedən fərqləri daha aydın şəkildə görə bilərik. Məsələn, Fransa və Böyük Britaniyada karyeranı bitirdikdən sonrakı keçid mərhələsində idmançı ilə psixoloji iş aparılır, müxtəlif proqramlar vasitəsilə şəxsin idmandan sonrakı həyata adaptasiyasında dəstək göstərilir. Növbəti mərhələdə isə proseslərin gedişatı daha çox idmançının özündən asılı olur. Bir sözlə, dövlət dəstəyi deyəndə nə aybaay karta oturan pul nəzərdə tutulur, nə də federasiyada vakansiya. 

Bu məqamda Həbib Nurməhəmmovun qurduğu bizneslər, açdığı zallar, yaxud da Devid Bekhemin adı üzərində yaratdığı brend nümunə kimi göstərilə bilər. Azərbaycanda da uğurlu biznes qurmuş idmançıların sayı xeylidir. Özünə iş qurub, deyək ki, zal açıb gənc nəsli yetişdirməyi özünə rəva bilməyən veteran cüdoçu həmçinin də milli komandanı çalışdırmaq istəyir. Milli komanda hər bir ölkənin güzgüsüdür, kim yaxşı nəticə verib və nəticə gətirməyə davam edir onlara da həvalə olunmalıdır.

Peşəkar karyerasını bitirdikdən sonra məşqçi fəaliyyətini davam etdirən xeyli titullu idmançı var. Ancaq hər kəsin də eyni yolu getməsi mümkün deyil. Üstəlik, nəzərə almaq lazımdır ki, yaxşı idmançı həmişə yaxşı məşqçi olmur. 

Fərdi şəkildə idmançı ilə işləmək bacarığı, pedaqoji savadlılıq kimi məsələlər məşqçilikdə mühüm rol oynayır. Məlum məsələdir ki, bu da hər idmançıda tapılmır. Buna baxmayaraq, hibrid metodlara üz tutan veteranlar da var.

Cüdo üzrə ikiqat Olimpiya medalçısı olan israilli idmançı Or Sasson karyerasını bitirdikdən sonra “Olympic Mindset” adlı şirkət qurub. Bu layihədə o, idmanda qazandığı təcrübələri motivasiyayönümlü formada insanlarla bölüşür.

Dövlət idmançının dəstəklənməsi üçün əlindən gələni edirsə, onun karyerasını bitirdikdən sonrakı dövrdə də fəaliyyətini stimullaşdırmağa borcludurmu? Zülfiyyə xanım da qazandığı təcrübəni gənc nəsillərlə bölüşmək istəyirsə, bu, özlüyündə mütərəqqi təşəbbüsdür. Ancaq təklif olunan metodlar effektiv deyil. Məsələn, veteran idmançımız maaş almaq şərtilə federasiya zalında uşaqlara pulsuz məşq keçmək istədiyini bildirib. Onun sözlərinə federasiya rəhbərliyi icarə xərclərini öz üzərinə götürməklə başqa bir yerdə zal açıb, uşaqları ödənişli şəkildə hazırlamağı təklif edib. O isə bununla razılaşmayıb. 

Zülfiyyə xanımın etiraz etdiyi digər bir məsələ isə Cüdo Federasiyasında işləyənlər arasında əcnəbilərin çoxluq təşkil etməsidir. Əgər federasiya nəticə verməsəydi, sözügedən məqam gözə batardı. Düzdür, yerli mütəxəssislərin çoxluğu başucalığıdır, ancaq ortalıqda uğurlu nəticə varsa, deməli sistem doğru işləyir və belə olan halda bu kimi komponentlər də ikinci plana düşür.

Federasiya yerli, yaxud xarici mütəxəssislə işləməsindən asılı olmayaraq, Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medalı azərbaycanlı Hidayət Heydərov qazandı. Olimpiadanın idmançılar və federasiyalar üçün imtahan rolunu oynadığını nəzərə alsaq, Cüdo Federasiyası bu imtahandan iki qızıl (digəri Zelim Kotsoyev) medalla üzüağ çıxdı.

Ancaq bu gün üçün idmançılarımızın xatırlamalı olduqları bir həqiqət var: federasiyalar heç kimin oğlu, qızı deyil ki, yaşlananda idmançının qeydinə qalmaq kimi bir öhdəliyi olsun.