Bakı, 30 dekabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb.
Kafedranın məlumatına görə, hazırda Günəş aktivliyi orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Mövcud koronoqraf görüntülərində Yerə yönəlmiş tac kütlə atılması müşahidə edilməyib. Digər sinif alışmaların olma ehtimalı çox azdır.
BDU-dan AZƏRTAC-a bildirilib ki, geomaqnit qasırğanın gücünü göstərən Kp əmsalı dekabrın 31-i, yanvarın 1-7-də aşağı səviyyədə - 1-4 intervalında olacaq. Bu da geomaqnit sahənin fon səviyyəsində olacağını göstərir.