EN

Türkiyədə antiterror əməliyyatı: 357 İŞİD şübhəlisi saxlanılıb

Türkiyənin 21 vilayətində keçirilən əməliyyatlar zamanı İŞİD terror qruplaşmasının üzvü olmaqda şübhəli bilinən 357 nəfər saxlanılıb.

Ölkə.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

İstanbul Baş Prokurorluğu çərşənbə axşamı günü antiterror əməliyyatı çərçivəsində 110 şübhəlinin saxlanıldığını, onların arasında Yeni il ərəfəsində terror aktları planlaşdıran şəxslərin də olduğunu açıqlayıb. Qurum ötən həftə İŞİD-in çağırışı ilə Türkiyədə Yeni il günlərində terror aktları törətməyi planlaşdıran 137 nəfər barəsində həbs orderi verildiyini bildirmişdi. Onlardan 115-i artıq saxlanılıb.

Əməliyyatlar, o cümlədən bazar ertəsi silahlıların hüceyrəsinin zərərsizləşdirildiyi Yalova vilayətində, eləcə də İstanbul, Ankara və Antalyada həyata keçirilib.

Qeyd edək ki, bazar ertəsi Yalova vilayətində keçirilən əməliyyat zamanı İŞİD-ə bağlı 6 silahlı məhv edilib. Qarşıdurma nəticəsində 3 polis əməkdaşı həlak olub, daha 8 nəfər yaralanıb. Təxminən 8 saat davam edən antiterror əməliyyatı zamanı 5 şübhəli də saxlanılıb.

Həmidə İbrahimova

Chosen
113
1
olke.az

10Sources