EN

"Dövlətimiz quruculuğa böyük vəsait ayırır" - ŞƏRH

"Cənab Prezident növbəti dəfə ənənəsinə sadiq qalaraq doğum gününü məcburi köçkünlərlə bir yerdə qeyd etdi. Amma artıq zəfərimizdən sonra o, məcburi köçkünlərin müvəqqəti yaşadığı ərazidə yox, doğma el-obasına, evlərinə qayıdan sakinlərlə xoş bir ovqatda görüş keçirdi". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Paşasoy deyib.

Siyasi şərhçi sözlərinə belə davam edib: "Bu, əslində, Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılan növbəti bir hadisədir.

İşğal dövründə viran qoyulmuş, yer üzündən silinmiş Ağdam şəhərinin yerində yenidən qurulan Ağdamın sakinləri ilə bu görüş adi bir hadisə deyildi. Cənab Prezident həmin görüşdə artıq öz evlərinə qayıdan, orada əbədi yaşayacaq insanlarla səmimi və xoş ovqatda mühüm mesajlar verdi. Dövlət başçımız işğal dövründə Ağdam və digər ərazilərimizə qarşı həyata keçirilən vandalizmə, bu vandallıqda təkcə Ermənistanın deyil, ona havadarlıq edən ölkələrin də rol oynadığını faktlarla göstərdi. Bu, bəlli mərkəzlərə ünvanlanmış çox vacib bir mesaj idi.

Xüsusilə də bu mesajlar Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edən Avropa İttifaqı, Avropa Parlamenti və digər dairələrə, Ermənistanda revanşist qüvvələrə, eləcə də "Qarabağ erməniləri" adı altında manipulyasiya aparmağa çalışan çevrələrə ünvanlanmışdı. Prezidentimizin Rusiya tərəfindən vaxtilə qadağan olunmuş silahlarla – o cümlədən "İsgəndər-M" raketləri ilə Azərbaycanın təhdid edilməsi barədə dedikləri də çox vacib və yerində idi.

Bu, Azərbaycanın bundan sonra heç bir təhdidə susmayacağına dair bir siqnal idi. Eyni zamanda bu çıxış, müxtəlif beynəlxalq dairələrin Azərbaycana qarşı yürütdüyü məkrli siyasətə qarşı ciddi xəbərdarlıq xarakteri daşıyırdı. Biz söhbət açırıq azad olunmuş Ağdamdan, ən azı 100 minlik əhalisi olacaq bir şəhərdən. Bu bölgədə insanların əbədi və təhlükəsiz yaşaması üçün xalqımız da ayıq-sayıq olmalıdır.

Ermənistandan gələn təhdidlər artıq ciddi deyil, çünki Ermənistan zəif və tək qalmış bir dövlətdir. Amma ondan istifadə edən qüvvələr, müxtəlif paytaxtlar vasitəsilə təzyiqlər göstərməyə çalışa bilər. Bu zaman həm dövlət qurumlarımız, həm də hər bir vətəndaş, o cümlədən media və vətəndaş cəmiyyəti üzərinə məsuliyyət düşür. Ağdamda baş verənlər təkcə yerli əhəmiyyət daşımır. Bu, Azərbaycanın gələcəyi üçün strateji dönüş nöqtəsidir. Yeni yaşayış kompleksləri tikilir, infrastruktur qurulur və Ağdam sənaye mərkəzinə çevrilir. Xankəndiyə dəmir yolu çəkilir. Bütün bunlar Qarabağı və Şərqi Zəngəzuru ölkənin ən inkişaf etmiş bölgələrinə çevirəcək.

Dövlətimiz bu quruculuq işlərinə böyük vəsait ayırır. Məcburi köçkünlər qayıdır, evləri hazır olanlar dönür, digərləri isə həsrətlə gözləyir. 2026-cı ildə və sonrakı illərdə bu proses daha da sürətlənəcək. Biz arzu edirik ki, bir daha dövlətimizin üzərinə qara buludlar çökməsin, sülh və əmin-amanlıq davam etsin. Biz sülhü yalnız güclü olaraq qoruya bilərik – milli birliyimizi qorumaq və vətəndaş məsuliyyətini artırmaqla".

Müəllif: Günel Fərzəliyeva
Chosen
22
sia.az

1Sources