EN

Parlament sədrindən mühümAÇIQLAMALAR

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün 30 dekabr tarixli plenar iclasında yekun nitq söyləyib.

Redaktor.az spikerin çıxışının tam mətnini təqdim edir.

Sədr deyib ki, bu gün payız sessiyasının son iclasıdır və biz həm sessiyaya, həm də ilə yekun vururuq:

“Ənənəvi olaraq mən sessiya və il ərzində görülmüş işlər haqqında sizə qısa məlumat vermək istərdim.

Öncə onu söyləyim ki, yola saldığımız il ölkəmizin həyatı üçün xüsusi əhəmiyyət daşıyan bir dövrə təsadüf etmişdir. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etmişdir. Bu qərar dövlət hakimiyyəti sisteminin, o cümlədən qanunvericilik orqanının işinə əlavə məna və dəyər ölçüsü gətirmişdir.

Qeyd edim ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Milli Məclisin təşkilatçılığı ilə 18 tədbir keçirilmişdir. Mən onların bəzilərini vurğulamaq istərdim.

Mayın 8-də parlamentin xüsusi iclası “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusuna həsr olunmuşdur. İclasda ilk Konstitusiyamızın qəbul edilməsi, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının qələbələrlə başa çatdırılması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması kimi tarixi hadisələrin əhəmiyyətindən danışılmışdır.

Bu mövzuda keçirilən digər bir tədbir Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkil etdiyi elmi-praktik konfrans olmuşdur. Konfransda Konstitusiyamızın hazırlanması, qəbulu və keçdiyi inkişaf yolu ilə bağlı məruzələr dinlənilmiş və müzakirələr aparılmışdır.

Sentyabrın 19-da Milli Məclisdə Dövlət Suverenliyi Gününə həsr olunan konfrans keçirilmişdir. Konfransda vurğulanmışdır ki, Prezident İlham Əliyev Ulu Öndərin siyasi xəttini uğurla davam etdirərək Azərbaycanı beynəlxalq münasibətlər sistemində söz sahibi olan, regional və qlobal miqyasda nüfuzlu bir dövlətə çevirmişdir.

Sentyabrın 25-də isə Milli Məclisin bir qrup deputatının və parlament aparatı əməkdaşlarının Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə yürüşü təşkil edilmişdir.

Oktyabrın 22-də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin təşkilatçılığı ilə “Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik” mövzusunda konfrans keçirilmişdir.

Konfransda müstəqil dövlət siyasətinin həyata keçirilməsi üçün iqtisadi əsasların gücləndirilməsinin vacibliyi, bu istiqamətdə görülən işlər və qarşıda dayanan vəzifələr haqqında çıxışlar edilmişdir”.

Spiker daha sonra deyib:

“Oktyabrın 29-da isə Milli Məclisdə Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyinə həsr edilən beynəlxalq parlament konfransı keçirilmişdir. Tədbirdə 20 ölkənin parlament nümayəndə heyətləri, o cümlədən 8 ölkənin parlament sədrləri və sədr müavinləri, eləcə də 7 beynəlxalq təşkilatın təmsilçiləri, ümumən isə 100-dən çox adam iştirak etmişdir.

Konfransda “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusunda çıxışlar edilmişdir”.

Milli Məclisin sədri ardınca bildirib:

“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən ən mühüm tədbirlərdən biri də oktyabr ayında Milli Məclisin iclasında “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi” yubiley medalının təsis edilməsi olmuşdur. Qeyd edim ki, bu barədə qanun möhtərəm cənab Prezidentin müvafiq sərəncamı ilə təsdiq edilmiş Tədbirlər planına uyğun olaraq qəbul edilmişdir.

Onu da deyim ki, hörmətli həmkarlar, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Milli Məclisdə Qarabağ Universitetinin, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin tələbələri, habelə “Yüksəliş” müsabiqəsinin qalibləri ilə müxtəlif aylarda görüşlər keçirilmişdir.

Görüşlərdə ölkəmizdə Konstitusiya quruculuğu məsələlərindən danışılmış, Azərbaycan dövlətçiliyinin qorunub saxlanmasında və inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətləri minnətdarlıq duyğuları ilə xatırlanmışdır.

2025-ci il əlamətdar tarixi hadisələrlə zəngin olan bir dövrdür. Xalqımız 44 günlük Vətən müharibəsində böyük Zəfərin 5-ci ildönümünü qürurla qeyd etmişdir. Bu məsələyə Milli Məclis də xüsusi diqqət yetirmişdir. Oktyabrın 31-də keçirilən plenar iclasda deputatlar Azərbaycanın həyatının taleyüklü hadisəsi barədə fikirlərini bölüşmüşlər. Qeyd edilmişdir ki, 8 noyabr Azərbaycanın tarixinə müdrik siyasi rəhbərliyin və uzaqgörən hərbi strategiyanın təntənəsi, xalqımızın yenilməz gücünün və qəhrəmanlığının rəmzi kimi daxil olmuşdur. Zəfər Gününün 5-ci ildönümü ilə əlaqədar Milli Məclisin Bəyanatı qəbul edilmişdir.

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev avqust ayının 7-də və 8-də Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Donald Trampın dəvəti ilə bu ölkəyə tarixi səfər etmişdir.

Səfər çərçivəsində əldə edilmiş Vaşinqton razılaşmaları Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəliyə aparılması və regional sabitliyin möhkəmləndirilməsi üçün həlledici əhəmiyyət daşıyır.

Bu hadisə ilə əlaqədar sentyabrın 9-da Milli Məclisin növbədənkənar sessiyası keçirilmişdir. Sessiyada aparılan müzakirələrdə Vaşinqton razılaşmaları dövlət başçısı cənab İlham Əliyevin sülh diplomatiyasının və müdrik liderliyinin təntənəsi, uzaqgörən, ardıcıl və praqmatik siyasətinin nəticəsi kimi qiymətləndirilmişdir. Qeyd edilmişdir ki, bu razılaşmalar Ulu Öndər Heydər Əliyevin milli maraqlara əsaslanan siyasi kursunun davam etdirilməsi yolunda qazanılmış ən böyük uğurlardan biridir.

İclasın yekununda Milli Məclisin xüsusi bəyanatı qəbul edilmişdir.

Ötən il ərzində Milli Məclis Konstitusiya ilə müəyyən edilmiş səlahiyyətlərinə əsaslanaraq dövlət siyasətinin qanunvericilik ölçüsünü layiqincə təmin etməyə çalışmışdır.

Möhtərəm Prezidentin müəyyən etdiyi strateji xəttə uyğun olaraq, il ərzində parlamentin fəaliyyəti milli dövlətçiliyimizin Konstitusiya əsaslarının daha da möhkəmləndirilməsinə, müasir və dayanıqlı qanunvericilik bazasının formalaşdırılmasına, hüquq sisteminin təkmilləşdirilməsinə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının etibarlı surətdə qorunmasına yönəlmişdir.

Qeyd edim ki, payız sessiyasında parlamentin 16 iclası olmuş, 86 qanun və qərar layihəsinə baxılmışdır.

Ümumiyyətlə, 2025-ci ildə Milli Məclisin 38 plenar iclası keçirilmiş, 181 qanun və 33 qərar qəbul edilmişdir.

Qəbul olunmuş qanunlar arasında mən 2026-cı ilin dövlət büdcəsini və büdcə zərfinə daxil olan digər qanunları qeyd etmək istərdim. Bildiyiniz kimi, hörmətli həmkarlar, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyası ötən dövrdə ölkəmizdə makroiqtisadi sabitliyi qorumağa imkan vermişdir.

Mürəkkəb beynəlxalq konyunkturaya baxmayaraq, iqtisadiyyatımızın dayanıqlığı və ardıcıl inkişafı təmin edilmişdir. Cənubi Qafqaz bölgəsinin lider dövləti kimi Azərbaycanın iqtisadi müstəqilliyi daha da möhkəmlənmişdir.”

Spiker deyib ki, gələn ilin dövlət büdcəsi iqtisadi sabitliyin və insanların sosial müdafiəsinin daha da gücləndirilməsinə yönəlib: “Əminliklə söyləmək olar ki, dövlətimizin əsas maliyyə sənədi sosial-iqtisadi inkişaf sahəsində əldə edilmiş dinamikanı gələn il də qoruyub saxlamağa və artırmağa imkan verəcək.

“Qaz təchizatı haqqında”, “İstilik təchizatı haqqında”, “Dövlət xidmətləri haqqında”, “Azərbaycan Respublikasının daxili qoşunları haqqında”, “Xüsusi icra məmurları haqqında” qanunlar və digər qanunvericilik aktları dövlət həyatının müxtəlif sahələrində fəaliyyəti tənzimləməyə yönəlmişdir.

Hər dəfə biz Milli Məclisin fəaliyyətinə yekun vurarkən bu fəaliyyətin uğurlarına şərait yaradan amillər sırasında hakimiyyətin müxtəlif qolları arasında səmərəli əməkdaşlıq əlaqələrini hökmən qeyd edirik. Bununla əlaqədar Milli Məclis ilə Prezident Administrasiyasının müvafiq şöbələri arasında mütəmadi xarakter daşıyan iş birliyinin əhəmiyyəti xüsusi vurğulanmalıdır. Bu baxımdan qeyd edilməlidir ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi və Milli Məclis Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsi arasında müntəzəm təmaslar icra və qanunvericilik hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinə sistemli xarakter verməyə kömək göstərir.

Eyni zamanda, mən parlamentlə hökumət arasında konstruktiv əməkdaşlığa da diqqəti bir daha cəlb etmək istərdim. Yola saldığımız il ərzində hökumətin müxtəlif strukturlarının, o cümlədən nazirliklərin və dövlət komitələrinin nümayəndələri Milli Məclisin və komitələrin iclaslarına dəvət olunmuş, qanun layihələrinin müzakirəsi zamanı onların rəyləri dinlənilmiş, eyni zamanda, deputatların bir sıra mülahizə və təklifləri də icra orqanları tərəfindən nəzərə alınmışdır”.

S.Qafarova bildirib ki, qanunvericilik fəaliyyətinin səmərəsini artırmaq, ictimai fikir üçün aktual olan məsələləri müzakirə etmək məqsədi ilə lazım gəldikdə dinləmələr və ictimai müzakirələr keçirilməsi praktikası davam etdirilib:

“Qeyd edim ki, il ərzində Milli Məclisdə 8 dinləmə, 3 ictimai müzakirə, 1 genişləndirilmiş iclas və 5 konfrans keçirilmişdir.

Səhiyyə komitəsi “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda, İctimai birliklər və dini qurumlar komitəsi “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda, Ailə, qadın və uşaq məsələləri komitəsi “Ailə, qadın və uşaq hüquqları konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda, Mədəniyyət komitəsi “Tarix və mədəniyyət abidələrinin mühafizəsi və təbliğinə müasir yanaşma” mövzusunda, Aqrar siyasət komitəsi isə “Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər” və “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmələr keçirmişlər.

Gənclər və idman komitəsinin təşkil etdiyi ictimai dinləmə Gənclər Gününə həsr edilmişdi.
Bundan başqa, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi “İstilik təchizatı haqqında” qanun layihəsi ilə əlaqədar ictimai dinləmə keçirmiş, “Enerji səmərəliliyi: nəticələr və gözləntilər” mövzusunda ictimai müzakirə təşkil etmişdir. Həmin komitənin təşkilatçılığı ilə keçirilən elmi-praktik konfransda isə “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” mövzusunda fikir mübadiləsi və müzakirə aparılmışdır.

Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya isə iki ictimai müzakirə təşkil etmişdir. Bu müzakirələrdən biri “Cənubi Qafqazda sabitliyə “sülh missiyası” adlı hibrid hücum” mövzusuna, digəri isə “Azərbaycanın media resurslarına kiberhücumlar” mövzusuna həsr edilmişdi.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin genişləndirilmiş iclasında “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirələr aparılmışdır. İclasda komitənin üzvləri ilə yanaşı, icra orqanlarının, beynəlxalq təşkilatların və digər qurumların nümayəndələri də iştirak etmişlər.

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr edilən tədbirdə çıxış edərək milli inkişafın mühüm istiqamətləri ilə yanaşı, Azərbaycan dilinin qorunması məsələlərinə xüsusi diqqət yetirmişdir.

Dekabrın 8-də Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: mövcud vəziyyət və perspektivlər” mövzusunda konfrans keçirilmişdir. Qeyd edim ki, bu, cənab Prezidentin çıxışından sonra birinci konfrans idi.

Konfransın məqsədi möhtərəm Prezidentin qaldırdığı problemlərlə əlaqədar Azərbaycan dilinin qorunması və inkişafı strategiyalarını müzakirə etmək, bu istiqamətdə parlamentin, elmi ictimaiyyətin və ziyalıların vəzifələrini müəyyən etmək idi.

Milli Məclisdə keçirilmiş digər 3 konfrans haqqında mən sizə bayaq “Konstitusiya və Suverenlik İli” çərçivəsində görülən tədbirlərdən danışarkən məlumat vermişdim. Ona görə təkrarlamaq istəmirəm”.

Sahibə Qafarova Qərbi Azərbaycan mövzusuna yüksək diqqətdən də bəhs edib:

Bildiyiniz kimi, Qərbi azərbaycanlıların tarixi torpaqlarına qaytarılması məsələsi milli gündəliyimizin aktual humanitar və hüquqi mövzularından biridir. Dövlət başçısı cənab İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, Qərbi azərbaycanlıların ata-baba yurdlarına qayıdışı dinc yolla, beynəlxalq hüquq mexanizmlərinə müvafiq surətdə dialoq əsasında həyata keçirilməlidir.
Bu istiqamətdə görülən işlərə Milli Məclis də lazımi qanunvericilik dəstəyi göstərir.

Bu məqsədlə parlamentdə Qərbi Azərbaycana qayıdış üzrə təşəbbüs qrupu yaradılmışdır. Ötən il qrupun üzvləri Qərbi Azərbaycan İcmasının keçirdiyi beynəlxalq tədbirlərdə fəal iştirak etmişlər.

Onu da bilirsiniz ki, Qərbi Azərbaycan İcmasının üzvləri və rəhbər şəxsləri arasında Milli Məclisin deputatları və komitə sədrləri də var. Bu cür qarşılıqlı fəaliyyət Qərbi Azərbaycana qayıdış mövzusu ətrafında ictimai-siyasi dialoqa əlavə dinamika verir, dövlətin və vətəndaş cəmiyyətinin səylərini birləşdirməyə kömək göstərir.

Qanunvericilik və qanunyaratma sahəsində görülən işlərlə yanaşı, Milli Məclis bəzi beynəlxalq qurumların və xarici dövlətlərin Azərbaycanı gözdən salmağa, onun suverenliyinə qəsd etməyə yönələn hərəkətlərinə etiraz əlaməti olaraq bəyanatlar qəbul etmişdir.

Milli Məclis nəzarət funksiyasını bu il də səmərəli surətdə həyata keçirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Hesablama Palatasının, İnsan hüquqları üzrə müvəkkilin, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun, gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının hesabat, məruzə və məlumatları dinlənilmişdir.

Ötən dövrdə Milli Məclis deputatlarının seçki dairələrində işinə yenə də xüsusi diqqət yetirilmişdir. Millət vəkilləri öz seçiciləri ilə müntəzəm görüşlər keçirmiş, onları düşündürən məsələləri Milli Məclisin iclaslarında, eləcə də digər hakimiyyət orqanları qarşısında qaldırmışlar.

Milli Məclisdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində də lazımi tədbirlər həyata keçirilmişdir.

Qeyd edim ki, il ərzində Milli Məclisin rəhbərliyi, komitə sədrləri, Aparatın rəhbəri və şöbə müdirləri, İşlər müdiri tərəfindən 3 minə qədər vətəndaş qəbul edilmiş, parlamentdə 22 mindən çox vətəndaş müraciətinə baxılmışdır.

Ötən dövrdə Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində də zəruri tədbirlər görülmüşdür.

Nümayəndə heyətlərimiz 15 beynəlxalq təşkilatın tədbirlərində iştirak etmişlər.

İl ərzində 94 deputatımız 49 ölkəyə 201 səfər həyata keçirmişdir.

Milli Məclis sədrinin 17 ölkəyə 4 rəsmi və 15 işgüzar səfəri olmuşdur.

Həm Milli Məclis sədrinin, həm də deputatların səfərlərində dövlətimizin xarici siyasətinin parlament səviyyəsində dəstəklənməsini təmin etmək üçün parlament diplomatiyasının imkanlarından istifadə edilmişdir.

Deputatlarımız Belarus və Rumıniyada keçirilən prezident seçkilərini, Tacikistan, Moldova və Qırğızıstanda keçirilən parlament seçkilərini müşahidə etmişlər.

Ötən dövrdə 61 ölkənin və 20 beynəlxalq təşkilatın 165 nümayəndə heyəti, ümumən isə 1283 nəfər xarici qonaq Milli Məclisdə olmuşdur.

Milli Məclisin sədri 4 ölkənin dövlət başçıları, 27 ölkənin parlament sədrləri və sədr müavinləri, 5 beynəlxalq parlament təşkilatının rəhbərləri, 6 ölkənin icra hakimiyyəti orqanlarının nümayəndələri, 9 ölkənin ombudsmanları, 16 dövlətin Azərbaycandakı səfirləri ilə görüşlər keçirmişdir.

Parlamentin beynəlxalq əlaqələrinin inkişafına yönələn tədbirlərdən biri də 3 ölkənin parlamentləri ilə əməkdaşlıq haqqında sənədlərin imzalanması olmuşdur.

Belə ki, Gürcüstan parlamenti ilə Əməkdaşlıq haqqında memorandum, Birləşmiş Ərəb Əmirlikləri parlamenti ilə Anlaşma memorandumu, Özbəkistan parlamenti ilə əməkdaşlığın inkişafına dair praktik tədbirlər planı (“Yol xəritəsi”) və Azərbaycan Respublikası Milli Məclisinin və Özbəkistan Respublikası Ali Məclisinin parlamentlərarası əməkdaşlıq komissiyasının Reqlamenti imzalanmışdır.

Onu da qeyd edim ki, sədri olduğum Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Türk Mədəniyyəti və İrsi Fondu, Tolerantlıq və Sülh Təşkilatı arasında memorandumlar da imzalanmışdır”.

Sədr daha sonra bildirib:

Milli Məclis beynəlxalq təşkilatların xətti ilə 10 tədbirə ev sahibliyi etmişdir. Bu tədbirlər TÜRKPA üzvü olan parlamentlərin iki komitəsinin iclasları, Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası və iki koordinasiya görüşü, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 4-cü konfransı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 70-ci Büro və 65-ci Daimi Komitəsinin iclasları, Sosial və humanitar siyasət komitəsinin 65-ci iclası, Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisinin ikitərəfli parlamentlərarası komissiyasının iclası olmuşdur.

Onu da deyim ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 4-cü konfransında Hərəkatın üzvü olan dövlətlərin parlamentlərindən və beynəlxalq təşkilatlardan 48 nümayəndə heyəti, başqa sözlə, 280-dən artıq nümayəndə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının toplantısında isə təşkilatın üzvü olan 10 ölkə parlamentinin və 8 beynəlxalq təşkilatın 115 nəfərə qədər təmsilçisi iştirak etmişlər.

Beləliklə, hörmətli deputatlar, Milli Məclis payız sessiyasını və 2025-ci ili uğurla başa çatdırır. Bununla əlaqədar mən sizə səmərəli iş üçün təşəkkür edirəm.

Bilirsiniz ki, qarşıdan bizim gözəl bayramlarımız gəlir. Sabah xalqımız Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü, daha sonra isə Yeni ili qeyd edəcəkdir”. Sədr yekunda ənənəvi bayram təklifini səsləndirib: “Təklif edirəm ki, möhtərəm Prezidentimiz İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq, Azərbaycan dövlətinin bugünü və sabahı naminə dəyərli fəaliyyətlərində onlara yeni böyük uğurlar arzulayaq”.

Deputatlar spikerin təklifini alqışlarla dəstəkləyiblər.

 

 

Chosen
67
2
redaktor.az

3Sources