Bakı, 30 dekabr, AZƏRTAC
Türkiyə-Azərbaycan Universitetinin (TAU) Kompüter mühəndisliyi proqramının birinci kurs və hazırlıq qrupu tələbələri Orta Doğu Texniki Universitetində (ODTÜ) olublar.
TAU-dan AZƏRTAC-a bildirilib ki, zəngin proqram əsasında həyata keçirilən səfər çərçivəsində tələbələr ODTÜ-nün müxtəlif mərkəzləri və laboratoriyaları ilə tanış olublar. Həmçinin TAU tələbələri ODTÜ tələbələri ilə birlikdə dərslərdə də iştirak ediblər. ODTÜ-nün Texnoparkı ilə tanışlıq zamanı tələbələrə burada görülən işlər, həyata keçirilən yeniliklər barədə ətraflı məlumat verilib.
Səfər çərçivəsində TAU-nun rektoru vəzifəsini icra edən Vilayət Vəliyev və ODTÜ-nün rektoru Ahmet Yozgatlıgil tələbələrlə görüş keçirib, onların təəssüratlarını dinləyib, suallarını cavablandırıblar.
TAU tələbələri Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Anıt Qəbir məqbərəsini də ziyarət edib, həmçinin Türkiyənin Prezident Sarayının Millət Kitabxanası ilə tanış olublar.
Tələbələrin asudə vaxtlarının səmərəli keçməsi məqsədilə ODTÜ-nün Mədəniyyət Mərkəzində təşkil olunan konsert proqramı xoş anlarla yadda qalıb.
Bir həftə davam edən səfər TAU tələbələrində zəngin təəssürat yaradıb.