Bu il “Femida Könüllüləri” Təşkilatı üçün gənc hüquqşünasların peşəkar inkişafının dəstəklənməsi, hüquqi maarifləndirmənin genişləndirilməsi və praktik hüquqi biliklərin təşviqi baxımından əlamətdar olub. İl ərzində təşkilat könüllülük institutunun inkişafını prioritet istiqamət kimi müəyyənləşdirərək, ölkə üzrə müxtəlif dövlət və hüquq profilli özəl təşkilatlar ilə ardıcıl və sistemli əməkdaşlıq həyata keçirib.
Bu fikirlər “Femida Könüllüləri” Təşkilatı İctimai Birliyinin sədri Salman Vahabovun “Hüquq sistemində könüllülük modeli: Femida Könüllülərinin 2025-ci il hesabatı”nda yer alıb.
Bildirilib ki, ilin əvvəlindən etibarən “Femida Könüllüləri” məhkəmə, ədliyyə, vəkillik və mediasiya istiqamətləri üzrə könüllülük proqramlarını əhatə edib, birinci və yuxarı instansiya məhkəmələrində, ədliyyə orqanlarında, vəkil bürolarında və mediasiya qurumlarında fəaliyyət göstərib. Bu çərçivədə yüzlərlə gənc hüquqşünas real hüquqi mühitlə tanış olub, nəzəri biliklərini praktik təcrübə ilə möhkəmləndirmək imkanı əldə edib.
2025-ci il ərzində ümumilikdə 843 gənc hüquqşünas təşkilatın müxtəlif proqram və layihələrinə cəlb olunub, onların iştirakı ilə 907 könüllülük fəaliyyəti icra edilib. Könüllülər əsasən məhkəmə, ədliyyə, vəkillik və mediasiya modulları üzrə aktiv fəaliyyət göstərib, bir qrup könüllü isə paralel olaraq hər iki istiqamətdə iştirak edərək, daha geniş və çoxşaxəli hüquqi baxış formalaşdırıb. Bu göstəricilər “Femida Könüllüləri”nin könüllülük sisteminin davamlı, funksional və effektiv şəkildə qurulduğunu nümayiş etdirir.
Ölkədə elan olunmuş “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkilat könüllülərin ixtisaslaşmasını və peşəkar hüquqi düşüncə bacarıqlarının inkişafını hədəfləyən bir sıra ixtisasyönümlü layihələr həyata keçirib. “Legal MeetUp”, “ArbiTrain”, “Dəyirmi masa”, “Femida Akademiya” və “Lexaris” layihələri çərçivəsində iştirakçılar hakimlər, vəkillər, mediatorlar və sahə üzrə ekspertlərlə birbaşa ünsiyyətdə olub, real kazuslar və aktual hüquqi mövzular ətrafında dərin müzakirələr aparıblar. Bu layihələr gənc hüquqşünasların hüquqi dünyagörüşünün formalaşmasında mühüm rol oynayıb.
Qeyd olunub ki, 2025-ci il fevralın 28-də Azərbaycan Hakimlər İttifaqı və Məhkəmə-Hüquq Şurasının təşkilatçılığı ilə Azərbaycan Hakimlərinin I Forumu keçirilib. 400-dən çox məhkəmə hakiminin, həmçinin Məhkəmə-Hüquq Şurası üzvlərinin iştirak etdiyi forumun məqsədi hüquq ictimaiyyətini və cəmiyyəti ölkəmizdə gedən məhkəmə-hüquq islahatları barədə məlumatlandırmaq olub. Tədbir çərçivəsində Femida Könüllüləri Təşkilatı “Məhkəmə-hüquq sistemində könüllülük fəaliyyətinin səmərəli təşkilinə görə”, bir sıra Femida Könüllüsü isə “Məhkəmə-hüquq sistemində ictimai fəallığına görə” nominasiyası ilə təltif edilib. Həmçinin Femida Könüllüləri Təşkilatı forumun yüksək səviyyədə həyata keçirilməsi məqsədilə tədbirin təşkili və icrasında fəal iştirak edərək, qeydiyyat prosesinin aparılması, iştirakçıların yönləndirilməsi və ümumi təşkilati məsələlərin icrasında zəruri dəstək göstərib. Bu dəstək forumun planlaşdırılmış şəkildə və səmərəli keçirilməsinə, eləcə də tədbirin ümumi təşkilati proseslərinin koordinasiyasına mühüm töhfə verib.
Bu ilin aparıcı layihələrindən biri kimi, Gənclər və İdman Nazirliyinin dəstəyi, Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası və Vəkillər Kollegiyasının tərəfdaşlığı ilə “DİVAN” Milli Məhkəmə Simulyasiyası təşkil edilib. Layihə gənc hüquqşünasların məhkəmə proseslərinin mexanizmlərini praktik müstəvidə mənimsəmələrinə, hüquqi arqumentasiya və çıxış bacarıqlarını inkişaf etdirmələrinə imkan yaradıb. Layihə nəticəsində iştirakçılar Azərbaycan məhkəmə sisteminin, xüsusən də birinci instansiya məhkəməsinə müraciət qaydaları, məhkəmə prosesinin gedişatı və iddianın qəbuledilənlik meyarları ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Qeyd olunan müsabiqədə iştirak üçün 200-dən çox hüquqşünas gənc müraciət edib, seçim mərhələlərindən uğurla keçən 185 nəfər layihədə iştirak edib. Layihə ölkənin ən böyük məhkəmə simulyasiyası olmaqla yanaşı, Azərbaycanın milli məhkəmə modelinə uyğun şəkildə formalaşdırılıb, gənc hüquqşünasların peşəkar bilik və bacarıqlarının artırılmasına xidmət edən layihə kimi qiymətləndirilib.
İl ərzində təşkilat tərəfindən müxtəlif dövlət qurumlarının nümayəndələri, hakimlər, vəkillər, mediatorlar, akademik dairələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində panel müzakirələri və görüşlər təşkil edilib. Bu platformalar gənc hüquqşünasların dövlət strukturlarında karyera imkanlarını yaxından tanımasına, hüquq sisteminə peşəkar inteqrasiyasına və institusional dialoqun gücləndirilməsinə mühüm töhfə verib.
“Femida Könüllüləri” Təşkilatı 2025-ci ildə əldə etdiyi nəticələri əsas götürərək, qarşıdakı dövrdə də gənc hüquqşünasların potensialının üzə çıxarılması, hüquqi biliklərin cəmiyyətə effektiv şəkildə çatdırılması və hüquq sahəsində dayanıqlı inkişafın təmin olunması istiqamətində fəaliyyətini davam etdirməyi hədəfləyir.


