EN

Azərbaycanda elektrik enerjisi və təbii qaz üzrə sabit tarif rentabelli fəaliyyəti təmin edəcək - TƏHLİL

Azərbaycanda enerji təhlükəsizliyinin təmin edilməsi energetika sektorunda dövlət tənzimləməsinin əsas sütunlarından biridir. Etibarlı, keyfiyyətli, əlçatan və fasiləsiz elektrik enerjisi və təbii qaz təchizatı həm sosial rifah məsələsi, həm də iqtisadi dayanıqlığın və milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Məhz bu yanaşma son illər ərzində energetika sahəsinə irihəcmli dövlət investisiyalarının yönəldilməsini, paralel olaraq özəl kapital üçün açıq və cəlbedici mühitin formalaşdırılmasını şərtləndirib.

Bu siyasətin ən aydın nəticələrindən biri qaz təchizatı infrastrukturunun faktiki olaraq sıfırdan yenidən qurulmasıdır. Uzun illər təbii qazdan kənarda qalmış yaşayış məntəqələrinə kəmərlərin çəkilməsi, şəbəkələrin genişləndirilməsi, sayğaclaşmanın başa çatdırılması Azərbaycanın enerji xəritəsini köklü şəkildə dəyişib. Bu gün ölkədə qazlaşdırma səviyyəsinin 96,6 %-ə çatması təsadüfi rəqəm deyil – bu, ardıcıl investisiya qərarlarının və uzunmüddətli planlamanın nəticəsidir. Azərbaycan artıq qlobal miqyasda ən yüksək qazlaşdırma göstəricilərinə malik ölkələr sırasındadır.

Lakin geniş infrastruktur qurulmaqla yanaşı, davamlı şəkildə saxlanmaqla da dəyər yaradır. Məhz bu nöqtədə tarif siyasətinin institusional təkmilləşdirilməsi zərurəti ortaya çıxır.

"Elektroenergetika haqqında" və "Qaz təchizatı haqqında" qanunlara sabit tarif anlayışının daxil edilməsi məhz bu məntiqə əsaslanır. Yeni yanaşmaya görə, istehlak səviyyəsindən asılı olmayan, lakin sistemin fasiləsiz fəaliyyəti üçün qaçılmaz olan xərclərin müəyyən hissəsi bütün abonentlər arasında daha ədalətli şəkildə bölüşdürülür.

Sabit tarif - əslində, görünməyən xərclərin görünən mexanizmidir. Elektrik xətləri, qaz kəmərləri, transformatorlar, təmir briqadaları və dispetçer xidmətləri istehlakın səviyyəsindən asılı olmayaraq fasiləsiz fəaliyyət göstərir. Bu infrastrukturun işlək vəziyyətdə saxlanılması isə davamlı və sabit maliyyə axını tələb edir.

Sabit tarif yeni sərmayələrin təminatçısı olacaq

2026-cı il yanvarın 1-dən etibarən tətbiq ediləcək sabit tariflər bu baxımdan simvolik deyil, funksional xarakter daşıyır. Elektrik enerjisi üzrə əhali və birfazalı qeyri-əhali istehlakçıları üçün aylıq 1 manat, üçfazalı qeyri-əhali abonentləri üçün 3 manat müəyyən olunub. Təbii qaz üzrə də oxşar yanaşma tətbiq edilir: əhali və məişət qaz qurğuları ilə qoşulan qeyri-əhali istehlakçıları üçün 1 manat, sənaye qaz qurğuları ilə qoşulanlar üçün 3 manat.

Bu mexanizm Azərbaycan üçün yeni görünsə də, beynəlxalq praktikada çoxdan normaya çevrilib. Kanada, Böyük Britaniya, Almaniya, Yaponiya kimi ölkələrdə sabit ödənişlər həm məbləğ, həm də əhatə dairəsi baxımından daha yüksəkdir. Müqayisə üçün, Böyük Britaniyada elektrik enerjisi üzrə aylıq sabit tarif 30-47 manat intervalında dəyişir, Almaniyada isə bu rəqəm 6,5 manatı ötür. Təbii qaz üzrə Avropa ölkələrində tətbiq edilən sabit ödənişlər də Azərbaycanla müqayisədə xeyli yüksəkdir.

Beləliklə, Azərbaycanda tətbiq edilən sabit tarif nə istehlakçı üçün ağır yükdür, nə də sırf fiskal alətdir. Əksinə, bu addım "Azərişıq" ASC və "Azəriqaz" İB üçün maliyyə dayanıqlığını gücləndirən, xidmət keyfiyyətini artırmağa imkan verən institusional mexanizmdir. Stabil gəlir axını şəbəkələrin modernləşdirilməsi, texniki itkilərin azaldılması, qəza risklərinin minimuma endirilməsi və yeni investisiya layihələrinin reallaşdırılması üçün zəmin yaradır.

Beləliklə, sabit tarif enerji sisteminin davamlılığı üçün sığorta funksiyası daşıyır. Bu sığorta isə son nəticədə abonentlərin qazandığı ən vacib üstünlük – fasiləsiz, etibarlı və keyfiyyətli enerji təminatıdır.

Chosen
72
far.az

1Sources