Bakı, 30 dekabr, AZƏRTAC
Heç şübhəsiz ki, Ermənistan–Azərbaycan münaqişəsinin onilliklər ərzində davam etməsi təsadüfi proses olmayıb. Çünki bu qarşıdurma yalnız iki dövlət arasında yaranmış münaqişə deyil, eləcə də beynəlxalq güc mərkəzlərinin maraqlarının toqquşduğu mürəkkəb geosiyasi reallığın tərkib hissəsi kimi formalaşıb. Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini uzun müddət işğal altında saxlaya bilməsinin əsas səbəblərindən biri məhz ona müxtəlif səviyyələrdə göstərilən xarici siyasi və hərbi dəstək olub. Təbii ki, bu dəstək sülhün təmin edilməsinə deyil, mövcud işğal vəziyyətinin qorunmasına və status-kvonun saxlanılmasına xidmət edib. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti, daha doğrusu fəaliyyətsizliyi xüsusilə qeyd edilməlidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.
O bildirib ki, beynəlxalq ictimaiyyətə münaqişənin həlli üçün əsas vasitəçi mexanizm kimi təqdim edilən bu qurum təxminən otuz il ərzində real nəticələr ortaya qoya bilmədiyi kimi işğalçını himayə etməkdən də çəkinmədi. Aparılan uzunmüddətli və formal danışıqlar Ermənistanın işğal etdiyi ərazilərdə möhkəmlənməsinə, vaxt qazanmasına və işğalın legitimləşdirilməsinə şərait yaratdı. Beynəlxalq hüququn əsas prinsipləri hesab olunan dövlətlərin ərazi bütövlüyü və suverenliyi açıq şəkildə pozulduğu halda işğalçıya qarşı ciddi siyasi və iqtisadi təzyiq mexanizmləri işə salınmadı. Bu isə Minsk qrupunun neytral vasitəçi deyil, faktiki olaraq münaqişəni donduran platformaya çevrildiyini açıq şəkildə göstərən mühüm məqamdır. Prezident İlham Əliyevin 2020-ci ilin dekabr ayının 12-də səsləndirdiyi “Mən Minsk qrupunu səfərə dəvət etməmişəm” bəyanatı bu reallığın siyasi ifadəsi kimi çox mühüm əhəmiyyətə malikdir. Bu mövqe Azərbaycanın artıq nəticəsiz vasitəçilik formatlarını qəbul etmədiyini, milli maraqlara əsaslanan müstəqil və qətiyyətli siyasət yürütmək əzmində olduğunu nümayiş etdirdi. Eləcə də, bu bəyanat post-münaqişə dövründə ölkəmizin öz taleyi ilə bağlı bütün qərarları özünün verdiyini beynəlxalq ictimaiyyətə açıq şəkildə bəyan etdi.
“Ermənistanın hərbi potensialının formalaşdırılmasında xarici dövlətlərin rolu da danılmazdır. Xüsusilə də, 1998-ci ildə Rusiyanın Ermənistana təqribən 1 milyard ABŞ dolları dəyərində silah və hərbi texnika verməsi regionda hərbi balansın məqsədli şəkildə dəyişdirildiyini sübut edən faktlardan biridir. Sonrakı illərdə də Ermənistan müxtəlif mexanizmlər vasitəsilə silahlandırılmağa davam edib. “İskəndər-M” operativ-taktiki raket komplekslərinin Ermənistana verilməsi və onların Azərbaycana qarşı tətbiqi beynəlxalq hüququn və humanitar normaların kobud şəkildə pozulmasıdır. Mülki yaşayış məntəqələrinin hədəfə alınması bu silahların müdafiə məqsədli deyil, hücum xarakterli istifadə edildiyini bir daha təsdiqləmiş oldu. 44 günlük Vətən müharibəsi zamanı Ermənistana Rusiya və İran ərazisindən silah daşınması ilə bağlı faktların mediada geniş işıqlandırılması da bu ölkənin müharibə dövründə xarici hərbi-logistik dəstəkdən məhrum olmadığını göstərən mühüm məqamdır. Lakin bütün bu yardımlara baxmayaraq, Azərbaycan ordusu yüksək peşəkarlıq, müasir texnologiyalar və güclü döyüş ruhu sayəsində düşmənin hərbi potensialını qısa müddətdə darmadağın etdi. Məhv edilən və qənimət kimi ələ keçirilən silah-sursatın ümumi dəyərinin 5–6 milyard ABŞ dolları həcmində olması faktı Ermənistanın illərlə topladığı hərbi arsenalın miqyasını və bu siyasətin iflasını açıq şəkildə ortaya qoydu”,-deyə A. Qurbanova vurğulayıb.
Politoloq əlavə edib ki, müharibədən sonrakı dövrdə Ermənistanın silahlandırılmasının davam etməsi isə ciddi narahatlıq yaradır. Xüsusilə də sülh danışıqlarının davam etdiyi mərhələdə Fransa və Hindistanın Ermənistana silah və hərbi texnika satışı regionda yeni gərginlik risklərini artırır. Ermənistanın mövcud iqtisadi imkanları bu cür bahalı silah müqavilələrini müstəqil şəkildə maliyyələşdirməyə imkan vermədiyi üçün prosesin arxasında üçüncü tərəflərin maraqlarının dayandığı ehtimalı daha da güclənir. Eyni zamanda, 44 günlük Vətən müharibəsi zamanı müxtəlif ölkələrdən olan muzdluların döyüşlərdə iştirak etməsi münaqişənin beynəlxalq təhlükəsizlik üçün risk yaradan müstəviyə keçdiyini göstərən ciddi faktdır.
Aytən Qurbanova deyib ki, bütün bu reallıqlar fonunda Azərbaycan öz prinsipial mövqeyi, güclü ordusu və qətiyyətli siyasi iradəsi sayəsində tarixi ədaləti bərpa etdi: ”Ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olundu, ATƏT-in Minsk qrupu isə faktiki olaraq fəaliyyətini dayandıraraq tarixə qovuşdu. Bu isə öz növbəsində Azərbaycanın yaratdığı yeni siyasi və hüquqi reallıqların beynəlxalq səviyyədə qəbul edildiyinin bariz nümunəsidir.
Bugün Azərbaycan regionda sülhün, sabitliyin və əməkdaşlığın əsas təşəbbüskarı kimi çıxış edir. Ermənistanın isə xarici hərbi dəstəyə arxalanaraq revanşist meyillər nümayiş etdirməsi nə regional təhlükəsizliyə, nə də öz dövlətçiliyinin gələcəyinə xidmət edə bilər. Son illərin təcrübəsi bir daha aydın və konkret şəkildə sübut edir ki, beynəlxalq himayəyə deyil, milli gücə, siyasi iradəyə və ədalətə söykənən dövlətlər tarix qarşısında qalib gəlirlər”.