EN

Ermənilər Azərbaycan benzininin elə üstünlüklərini tapdılar ki...


Akif Nəsirli: “...Digər mənbələrdən idxal edilən benzindən daha ucuzdur”

Ermənistanda Azərbaycan benzini üçün növbə yaranıb. Azərbaycanın 1220 ton Aİ-95 benzininin Gürcüstan-Ermənistan dəmir yolu vasitəsilə Ermənistana çatdırılmasından sonra benzindoldurma məntəqələrinin qarşısında uzun növbələr yarandığı qeyd olunur.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyada bildirib ki, Azərbaycan benzinini almaq Ermənistan vətəndaşları üçün çox sərfəlidir, öyrənmişəm ki, növbələr də var.

Azərbaycan benzininə Ermənistanda niyə belə böyük maraq var?

Məlumatlara görə, indiyə qədər Ermənistana benzin İrandan, Rumınyadan, Rusiyadan və Türkiyədən idxal olunub. Bu dörd ölkədən idxal olunan benzindən Azərbaycan benzininin hansı üstünlüyü var? Qiyməti münasibdir, yoxsa tərkibi yaxşıdır? Səbəb nədir ki, bizim benzinə Ermənistanda belə maraq var?

“...Yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb”

Liberal İqtisadçılar Birliyinin rəhbəri Akif Nəsirli baki-xeber.com-a bildirdi ki,Ermənistanda bizim benzinə olan tələbat əsasən onun qiymətinin ucuz olması ilə bağlıdır. “Bu benzin digər mənbələrdən idxal edilən benzindən daha ucuzdur, yəni eyni miqdarda yanacağı daha az pul verərək almaq mümkündür. İnsanlar ucuz yanacaq almaq istəyirlər, ona görə yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb. Hər kəs daha sərfəli benzini almağa çalışır. Bu, həm də iqtisadi baxımdan maraqlıdır. Əvvəllər Ermənistanın əsas yanacaq tədarükçüsü başqa ölkələr idi, indi Azərbaycan da alternativ kimi bazara çıxıb”.

Birlik sədri hesab edir ki, beləliklə, həm vətəndaşlar ucuz yanacaq əldə edir, həm də bazarda rəqabət şiddətlənir. “Azərbaycan benzininin ucuz olmasının əsas səbəbi daşıma xərclərinin az olmasıdır. Eyni zamanda bu partiya üçün Gürcüstan da rüsum almayıb, bu da xərcin azalmasına bir vəsilədir”-deyə müsahibimiz bildirdi.

İradə SARIYEVA

Chosen
21
baki-xeber.com

1Sources