EN

Milli irs və müasirliyin vəhdəti

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi dövlətin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu qərar ölkəmizdə aparılan genişmiqyaslı quruculuq işlərinin, müasir şəhərsalma prinsiplərinə əsaslanan inkişaf modelinin və milli memarlıq irsinin qorunmasına verilən xüsusi dəyərin bariz ifadəsidir.

Azərbaycanın tarixi memarlıq ənənələri minilliklər boyu formalaşaraq zəngin və çoxşaxəli bir irs yaradıb. Ən qədim memarlıq nümunələrinə malik olması xalqımızın yüksək mədəni inkişaf səviyyəsindən xəbər verir. Qobustan qayaüstü rəsmləri və ilkin yaşayış məskənləri, Naxçıvan və Qarabağ ərazilərində aşkar edilmiş qədim yaşayış yerləri, ibadət məkanları bu irsin əsas təzahürlərindəndir. Bu abidələrdə daşdan davamlı istifadə, məkan quruluşunun təbii landşaftla uzlaşdırılması və müdafiə məqsədli planlaşdırma qədim Azərbaycan memarlığının əsas xüsusiyyətlərindəndır. Həmin nümunələr sonrakı dövrlərdə yaranmış memarlıq məktəbləri üçün möhkəm bünövrə rolunu oynayıb. Şirvanşahlar Saray Kompleksi, Atəşgah, Qarabağ, Naxçıvan və Şəki memarlıq məktəbləri bu ənənələrin canlı nümunələrinə çevrilib.

Azərbaycan memarlığı əsrlər boyu Şərq və Qərb mədəniyyətlərinin sintezini özündə əks etdirərək milli kimliyimizin formalaşmasında mühüm rol oynayıb. İçərişəhərdən tutmuş Şəki Xan Sarayına, Qarabağ memarlıq məktəbindən Bakı modernizminə qədər zəngin irs bu gün də milli kimliyimizin ayrılmaz hissəsidir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi haqqında" sərəncamında bildirildiyi kimi, Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin bir keçmişi vardır. İpək yolu üzərində yerləşən və mühüm ticarət, sənətkarlıq, mədəniyyət mərkəzləri kimi Şərq ölkələri ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələr quran iri şəhərlərimizin özünəməxsus simasının formalaşmasında qiymətli memarlıq abidələri müstəsna rol oynamışdır.

Yerli təbii materiallardan - daş, kərpic və ağacdan məharətlə istifadə, ornamentlərin incəliyi, naxışların ahəngi Azərbaycan memarlığının əsas səciyyəvi cəhətlərindəndir. Bu irs yalnız estetik gözəllik deyil, həm də xalqın dünyagörüşünü, həyat tərzini və milli kimliyini əks etdirən mühüm mədəni yaddaşdır və müasir şəhərsalma proseslərində də həm nümunə, həm də ilham mənbəyi kimi çıxış edir. Dövlət başçısının sözügedən sərəncamında vurğulandığı kimi, Azərbaycan şəhərsalma və memarlıq sənətinin bariz nümunələri olub. Daim yüksək inkişaf səviyyəsinə görə seçilən tarixi şəhərlərimiz ötən dövrlərin memarlıq tendensiyalarına uyğun böyüyüb genişlənməklə bərabər, yerli mədəniyyətin əsas xüsusiyyətlərini qoruyub saxlamışdır. Ötən əsrin sonlarında Azərbaycan dövlət müstəqilliyinə qovuşdu. Sənəddə qeyd olunduğu kimi, ötən müddətdə dövrün qabaqcıl yanaşmalarını və milli təcrübələri əks etdirən layihələrin gerçəkləşdirilməsi sayəsində şəhərsalma sənətinin yüksək mənəvi-estetik təsir gücünə malik orijinal nümunələri yaradıldı: "Mövcud möhtəşəm binalar sırasına daimi yeniləşmə rəmzi olan Heydər Əliyev Mərkəzi, Alov qüllələri kimi modern üslublu unikal memarlıq abidələrinin və Ağ Şəhər kompleksinin əlavə edilməsi ilə paytaxtın mənzərəsi daha da zənginləşmiş, regionların memarlıq siması xeyli dəyişərək yeni şəkil almışdır".

Lakin respublikamız müstəqilliyini bərpa etdikdən sonra keçdiyi çətin sınaqlar əksər sahələr kimi, şəhərsalma və memarlıqda da dərin və dəhşətli izlər qoydu. Qarabağ və Şərqi Zəngəzur əraziləri Ermənistan tərəfindən münaqişə ocağına, müharibə meydanına çevrildi. Həmin bölgələrimiz 30 ilə yaxın Ermənistanın işğalı altında qaldı. Erməni vandalları istər tarixi, istərsə də müasir tikililəri uçurub dağıtdılar. Azərbaycanın dünya və ölkə əhəmiyyətli abidələrini, nadir memarlıq nümunələrini yerlə yeksan etdilər. 

2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə antiterror əməliyyatında qazandığımız möhtəşəm qələbələr nəticəsində ədalət bərpa edildi. Azərbaycan tam suverenliyinə nail oldu. İşğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda Vətən müharibəsindən qısa müddət sonra genişmiqyaslı tikinti, quruculuq işlərinə başlanıldı. Ermənistanın onilliklər boyu xarabalığa çevirdiyi həmin ərazilərimiz "Böyük qayıdış" proqramı çərçivəsində görülən işlər sayəsində dirçəlir.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqi Azərbaycanın həm də gələcəyə baxışını nümayiş etdirir. Həmin ərazilərdə yenidən qurulan şəhər və kəndlər müasir urbanistika nümunəsi olmaqla yanaşı, milli memarlıq elementlərini də özündə birləşdirir. Burada həyata keçirilən layihələr yalnız infra-strukturun bərpası deyil, həm də sosial həyatın yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına layiqli şəkildə qayıdışının təmin olunması məqsədi daşıyır. Şəhərsalma və memarlıq sahəsində əldə edilən bu təcrübə ölkənin digər bölgələri üçün də model rolunu oynayır.

Müasir dövrdə şəhərsalma təkcə binaların inşası deyil, insan üçün rahat, təhlükəsiz, ekoloji cəhətdən dayanıqlı yaşayış mühitinin yaradılması deməkdir. Yeni konsepsiya yaşıl zonaların genişləndirilməsini, nəqliyyat infrastrukturunun optimallaşdırılmasını, enerjiyə qənaət edən texnologiyaların tətbiqini və rəqəmsal şəhər modellərinin qurulmasını nəzərdə tutur.

Son illər Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar fonunda şəhərsalma və memarlıq sahəsi prioritet istiqamətlərdən birinə çevrilib. Paytaxt Bakı ilə yanaşı, regionlarda aparılan abadlıq-quruculuq işləri, yeni yaşayış massivlərinin salınması, infrastruktur layihələrinin icrası ölkənin ümumi inkişaf mənzərəsini köklü şəkildə dəyişib. Söz yox ki, "Şəhərsalma və Memarlıq İli" bu proseslərin sistemli davam etdirilməsinə yeni təkan verəcək.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

1Sources