EN

Milli Məclisin payız sessiyası başa çatıb

Parlament Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Müraciət qəbul edib

Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya bayram təbrikləri ünvanlanıb

Dekabrın 30-da Milli Məclisin payız sessiyasının son iclası keçirilib. Spiker Sahibə Qafarova iclasın gündəliyi haqqında məlumat verib. Gündəliyə 15 məsələ daxil edilib.

İki beynəlxalq saziş təsdiqlənib

Əvvəlcə millət vəkilləri cari məsələlərlə bağlı çıxış ediblər. Komitə sədrləri Zahid Oruc, Hücran Hüseynova, Tahir Rzayev, deputatlar Bəhruz Məhərrəmov, Günay Əfəndiyeva, Ceyhun Məmmədov, Vüqar Bayramov, Göydəniz Qəhrəmanov, Vüqar İskəndərov və Vasif Qafarov çıxış edərək başa çatmaqda olan 2025-ci ilin Azərbaycan üçün uğurlu il olduğunu bildiriblər. Çıxışlarda qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bu il mühüm nailiyyətlərə imza atıb.

Sonra gündəlikdəki məsələlər müzakirə olunub. Əvvəlcə “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi məsələsinə baxılıb. Layihə haqqında parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rizvan Nəbiyev məlumat verib. O bildirib ki, saziş Azərbaycan ilə Somalinin diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsini nəzərdə tutur. Sənəd 2025-ci il oktyabrın 15-də Kampala şəhərində imzalanıb. Müzakirələrdən sonra saziş təsdiqlənib.

“Azərbaycan Respublikası Hökuməti ilə Uqanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş” barədə isə deputat Zaur Şükürov məlumat verib. O qeyd edib ki, sənədə əsasən Azərbaycan ilə Uqandanın diplomatik və xidməti pasport sahibləri vizadan qarşılıqlı azad olunurlar. Bu saziş də 2025-ci il oktyabrın 15-də Kampala şəhərində imzalanıb.

Sonra “Minatəmizləmə fəaliyyəti haqqında” Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə layihə qəbul olunub.

Bəzi qanunlar üçüncü oxunuşda qəbul olunub

İclasda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) qəbul olunub. Qeyd edilib ki, qanun layihəsinin əsas məqsədi ictimai mənəviyyatı qorumaq, xüsusilə yeniyetmə və gəncləri sosial şəbəkələrdə yayılan zərərli və qeyri-etik informasiyadan müdafiə etmək, həmçinin internet mühitində məsuliyyət mexanizmlərini dəqiqləşdirərək mövcud qanunvericiliyi təkmilləşdirməkdir.

Bu məqsədlə qanunun 13-cü maddəsinə 13-2.3.6-1. bəndi əlavə olunur. Düzəlişdə deyilir ki, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatların yayılması qadağan edilir. Vurğulanıb ki, layihə mənəvi dəyərlərin qorunmasını təmin etmək, yeniyetmə və gənclərin zərərli informasiyadan qorumaq, bu növ informasiyaların yayılmasını önləmək zərurətindən irəli gələrək hazırlanıb.

Qeyd edək ki, iclasın gündəliyində üçüncü oxunuşda olan digər qanun layihələri də qəbul olunub.

Soydaşlarımıza çağırış!

Millət vəkilləri iclasın sonuncu məsələsi olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Milli Məclisin Müraciətini qəbul ediblər. Müraciətdə bildirilir ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 34 il öncə başlanmış mənəvi bütövləşmə prosesi xalqımızın milli mənlik şüuruna və tarixi köklərə bağlılığından güc alıb. Ulu Öndər milli birlik ideologiyasının möhkəm əsaslarını yaradıb, azərbaycanlıların həmrəyliyinə strateji əhəmiyyət verib və Azərbaycançılıq məfkurəsini dövlət siyasətinin önəmli bir amilinə çevirib.

Qeyd edilib ki, ötən 22 ildə həmin kurs Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ardıcıl davam etdirilib: “Dünya azərbaycanlıları ilə əlaqələrin möhkəmləndirilməsinə, diaspor təşkilatlarının imkanlarının genişləndirilməsinə və beynəlxalq aləmdə rolunun artırılmasına,  harada yaşamasından asılı olmayaraq, soydaşlarımızın hüquq və mənafelərinin, təhlükəsizliyinin, milli kimliyinin qorunmasına, onların inkişafına, Azərbaycan dilini, ənənələrini və mədəniyyətini qoruyub saxlamasına, dəfələrlə soyqırımına və deportasiyaya məruz qalmış Qərbi azərbaycanlıların hüquqlarının bərpasına və zorla tərk etməyə məcbur olduqları ata-baba torpaqlarına dinc qayıdışına dəstək verilməsi xalqımızın birlik və həmrəyliyinin güclənməsinə xidmət edir. Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulmasını, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpasını təmin etmiş İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı Azərbaycan Respublikasının güclü bir dövlət olduğunu, Azərbaycan xalqının öz sözünü qəbul etdirə bilən mütəşəkkil bir qüvvə kimi formalaşdığını və daim öz dövlətini dəstəklədiyini  nümayiş etdirib.

Müraciətdə vurğulanıb ki, bugünkü müstəqil Azərbaycan dövləti xalqımızın ən böyük tarixi nailiyyətlərindən biridir. Hər bir soydaşımız və həmvətənimiz bilir ki, ona arxa duran, şərəf və ləyaqətini qorumağa hazır olan milli dövləti var. Odur ki, dünyanın müxtəlif qitələrində məskən salmış soydaşlarımız tarixi Vətəndə baş verən ictimai-siyasi prosesləri diqqətlə izləyir, Azərbaycanın Cənubi Qafqaz bölgəsinin lider dövlətinə çevrilməsi, geniş bir bölgədə söz sahibi olması ilə fəxr edirlər. “Onlar yaşadıqları ölkələrdə fəal vətəndaş mövqeyi tutaraq Azərbaycanın milli maraqlarını dəstəkləyirlər. Soydaşlarımızın və həmvətənlərimizin fəaliyyəti Azərbaycan haqqında obyektiv təsəvvürün formalaşmasına, onun nüfuzunun yüksəlməsinə və xarici dövlətlər ilə humanitar, mədəni və ictimai əlaqələrinin genişlənməsinə kömək göstərir. Ötən dövrdə əldə edilmiş uğurlar Azərbaycan dövlətinin və cəmiyyətinin müasir çağırışlara lazımınca cavab verməyə və davamlı olaraq irəliyə getməyə qadir olduğunu göstərir. Eyni zamanda, müasir inkişaf mərhələsi daha geniş miqyaslı vəzifələrin yerinə yetirilməsi üçün möhkəm zəmin yaradıb”,-deyə bildirilib.

Qeyd edilib ki, Azərbaycanın bütün potensialının üzə çıxarılaraq dünyaya daha yaxından tanıdılması, xalqımızın qədim adət-ənənələrinin, gözəl dilinin, zəngin mədəniyyətinin yaşadılması və təbliğ edilməsi sahəsində görüləsi işlərimiz çoxdur: “Soydaşlarımızın və həmvətənlərimizin  bir vəzifəsi də yaşadıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiya etməklə bərabər, milli özgünlüyümüzü uca tutmaq, hər sahədə bir-birinə dəstək olmaqdır. Azərbaycan xalqının varlığı və gələcəyi, milli dövlətçiliyimizin əbədi davam etməsi dünya azərbaycanlılarının birliyindən və mütəşəkkilliyindən çox asılıdır”.

2025-ci ildə 38 iclas keçirilib, 181 qanun və 33 qərar qəbul edilib

Payız sessiyasına yekun vuran spiker Sahibə Qafarova bildirib ki, yola saldığımız il ölkəmizin həyatı üçün xüsusi əhəmiyyət daşıyan bir dövrə təsadüf edib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi dövlət hakimiyyəti sisteminin, o cümlədən qanunvericilik orqanının işinə əlavə məna və dəyər ölçüsü gətirib. “Konstitusiya və Suverenlik İli” çərçivəsində Milli Məclisin təşkilatçılığı ilə 18 tədbir keçirilib.

Spiker qeyd edib ki, payız sessiyasında parlamentin 16 iclası olub, 86 qanun və qərar layihəsinə baxılıb. Ümumilikdə isə, 2025-ci ildə Milli Məclisin 38 plenar iclası keçirilib, 181 qanun və 33 qərar qəbul edilib. O, bu dövrdə parlamentin beynəlxalq fəaliyyəti, eləcə də keçirilən tədbirlər haqqında ətraflı məlumat verib.

“Bilirsiniz ki, qarşıdan bizim gözəl bayramlarımız gəlir. Xalqımız Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü, daha sonra isə Yeni ili qeyd edəcək. Təklif edirəm ki, Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq, Azərbaycan dövlətinin bugünü və sabahı naminə dəyərli fəaliyyətlərində onlara yeni böyük uğurlar arzulayaq”, - deyə S.Qafarova vurğulayıb. Onun bu təklifi deputatlar tərəfindən alqışlarla qarşılanıb.

Parlamentin payız sessiyası dövlət himninin səsləndirilməsi ilə başa çatıb.

Nardar BAYRAMLI

1Sources