EN

Kran-Montanadakı yanğından sağ çıxanların əksəriyyətinin bədəninin 60%-dən çoxu yanıb

Kran-Montana kurortundakı bardakı yanğından xəsarət alan 20-dən çox insan Lozanna Universitet Klinikasında müalicə olunur və onların bədən səthinin 60 faizindən çoxu yanıq içindədir.

"Report"un məlumatına görə, bunu Lozannanın qərbindəki Morj xəstəxanasının baş həkimi Vassim Rafful "RTS" telekanalının efirində bildirib.

Onun sözlərinə görə, Morj xəstəxanasından ağır xəstələrin köçürüldüyü universitet klinikası "təxminən 13 böyüklə 8 azyaşlını qəbul edib, onların bədən səthinin 60 faizindən çoxu yanıb".

Rafful qeyd edib ki, söhbət "çox ağır xəsarətlərdən" gedir və müalicə uzun müddət tələb edəcək. O əlavə edib ki, vəziyyəti izdihamın nəticələri daha da ağırlaşdırır: "Bundan əlavə, travmalar, sınıqlar, qanaxmalar da ola bilər".

Yanğın 1 yanvar gecəsi "Constellation" barında baş verib. Hadisə nəticəsində təxminən 40 nəfər həlak olub, azı 115 nəfər yaralanıb, onların arasında əcnəbilər də var.

İtaliyanın Bern şəhərindəki səfiri Can Lorenso Kornado bildirib ki, yanğına səbəb asma tavana atılmış fişəng olub. Yanğının şahidləri onun saniyələr içində alovlandığını deyiblər. İsveçrədə beş günlük matəm elan olunub.

Chosen
38
far.az

1Sources