Son vaxtlar paytaxt sakinləri arasında bank kartları ilə ödəniş zamanı əlavə gedişhaqqının çıxılması ilə bağlı narazılıqlar artmaqdadır.
Vətəndaşlar bildirirlər ki, Bakı Metropolitenində turniketdən keçid zamanı kartdan rəsmi tarifdən artıq məbləğ tutulur və ya eyni gediş üçün iki dəfə ödəniş qeydə alınır. Problemin ən narahatedici tərəfi isə ondan ibarətdir ki, məsələ ilə bağlı müraciət edilən qurumlar məsuliyyəti bir-birinin üzərinə atır: banklar bunu metropolitenin ödəniş sistemindəki nasazlıqla izah edir, metro isə problemin bank infrastrukturu ilə bağlı olduğunu bildirir.
Mövzu ictimai narazılıq doğurduğu üçün məsələni texniki tərəfdən araşdırmaq məqsədilə İT mütəxəssislə əlaqə saxladıq. Mütəxəssis Samir Cavadovun NOCOMMENT.az -a açıqlamasında deyib ki, bu cür halların yaranması əsasən ödəniş sistemləri arasında inteqrasiyanın qeyri-sabit işləməsi ilə bağlıdır.
Onun sözlərinə görə, bank kartları ilə nəqliyyatda ödəniş zamanı bir neçə texniki mərhələ mövcuddur: kartdan məlumatın oxunması, bankla əlaqə, ödənişin təsdiqi və sistemdə yekunlaşdırılması.
“Bu mərhələlərdən hər hansı birində gecikmə və ya səhv baş verərsə, ödəniş “uğursuz” kimi qeydə alına, lakin real olaraq kartdan vəsait silinə bilər.
Bəzi hallarda turniketdə keçid baş tutmasa da, bank tərəfdə əməliyyat “pending” (gözləmədə olan) kimi qeydə alınır və sonradan avtomatik silinmə baş verir.
Digər bir ehtimal isə offline rejimdə işləyən terminallarla bağlıdır.
Belə ki, metro turniketləri qısa müddətlik internet bağlantısı olmadıqda əməliyyatı lokal yaddaşda saxlayır, sonradan bank sistemi ilə sinxronizasiya zamanı eyni əməliyyat iki dəfə təsdiqlənmiş kimi görünə bilər”.
Mütəxəssisinin sözlərinə görə, məsuliyyətin yalnız bankların və ya yalnız metropolitenin üzərinə atılması doğru yanaşma deyil:
“Bu, birgə işləyən ekosistemdir. Burada bankın prosessinq mərkəzi, ödəniş şlüzü və metropolitenin turniket sistemi paralel şəkildə işləyir. Problemin kökü də məhz bu sistemlər arasında real vaxt rejimində məlumat mübadiləsinin tam optimallaşdırılmamasındadır”.
Ekspert vurğulayır ki, dünyada bu tip problemlərin qarşısını almaq üçün sərnişinlərə avtomatik geriödəniş mexanizmi tətbiq olunur:
“Yəni sistem səhv ödənişi özü aşkar edib vəsaiti istifadəçinin kartına geri qaytarır. Azərbaycanda isə bu mexanizm ya mövcud deyil, ya da tam funksional şəkildə işləmir.
Nəticədə vətəndaş ya banka, ya da metroya müraciət etməli olur və uzun sürən araşdırma prosesindən keçməli qalır”.
Mütəxəssis qeyd edib ki, məsələnin digər problemli tərəfi şəffaflığın olmamasıdır:
“Vətəndaşlar kartdan çıxılan vəsaitin səbəbini real vaxtda görə bilmir, bank tətbiqlərində isə çox zaman əməliyyatın “metro” və ya “nəqliyyat” adı altında ümumi şəkildə göstərilməsi detallı araşdırmanı çətinləşdirir. Bu da narazılığı daha da artırır”.
Samir Cavadov qeyd edir ki, problemin həlli üçün banklar və Bakı Metropoliteni arasında vahid texniki məsuliyyət protokolu müəyyən edilməli, ödənişlə bağlı bütün şikayətlər mərkəzləşdirilmiş şəkildə araşdırılmalıdır. Eyni zamanda, istifadəçilər üçün sadələşdirilmiş şikayət və avtomatik kompensasiya mexanizmi yaradılmalıdır.