Baş Dövlət Yol Polisi İdarəsi bölgələrə səfər edən və hərəkətdə olan sürücülərə müraciət edib. 1news.az xəbər verir ki, müraciətdə deyilir: “Hazırda ölkənin bir sıra bölgələrində müşahidə olunan qar yağışı və şaxtalı hava şəraiti avtomobil yollarında hərəkəti xeyli çətinləşdirir. Sürüşkən yol örtüyü, məhdud görünüş məsafəsi və qəfil hava dəyişiklikləri yol-nəqliyyat hadisələri riskini artırır. Təhlillər göstərir ki, qarlı hava şəraitində baş verən qəzaların əsas səbəblərindən biri mövsümə uyğun olmayan və aşınmış şinlərdən istifadədir. Bu səbəbdən sürücülərdən xahiş edirik: • Zərurət olmadıqca uzunməsafəli və dağlıq ərazilərə səfərlərdən çəkinin; • Nəqliyyat vasitələrinin texniki sazlığını, xüsusilə şinlərin qış mövsümünə uyğunluğunu, diş dərinliyini və təzyiqini mütləq yoxlayın; • Qarlı və sürüşkən yollarda adi şinlərlə deyil, qış şinləri ilə hərəkət edin; • Sürət həddini yol və hava şəraitinə uyğun seçin, təhlükəsiz məsafəni qoruyun; • Yorğun və yuxusuz halda sükan arxasına əyləşməyin. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları bölgələrdə gücləndirilmiş rejimdə xidmət aparır, təhlükəli yol sahələrində nəzarət və sürücülərlə izahedici söhbətlər davam etdirilir. Unutmayaq: Qarlı havada düzgün şin seçimi sükan arxasında təhlükəsizliyin əsas şərtidir. Yollarda diqqətli olaq, təhlükəsizliyə birlikdə töhfə verək”.