Elvin Camalov 6 illik aradan sonra «Qəbələ»yə qayıda bilər.
Ötən ilin əvvəlində «Sabah»dan dəvət olunan Elvin Camalov «Neftçi»nin baş məşqçisinin yeni illə bağlı planlarında yer almayıb.
Yuri Vernidub Samir Abasovun vaxtında komandaya cəlb edilən dayaq yarımmüdafiəçisinin xidmətinə maraq göstərmir.
Ukraynalı mütəxəssis 30 yaşlı orta sahə oyunçusunun əsas heyətə düşmək ehtimalının çox aşağı olması barədə raport hazırlayıb.
59 yaşlı çalışdırıcı orada qeyd edib ki, Azərbaycan yığmasının sabiq üzvü taktiki cəhətdən onun planlarına uyğun gəlmir, üstəlik, rəqabət aparmaq gücündə deyil.
Vernidub bu qənaətdədir ki, o, oyun praktikası qazanmaq istəyirsə, nisbətən zəif komandanın formasını geyinməlidir.
Abasovun çağırışı ilə klubunu dəyişmiş Camalov ötən mövsümün ikinci yarısında «Neftçi»nin əsas heyətində tez-tez görünsə də, cari «futbol ili»nin ilk hissəsini boşa verib.
Ötən zaman kəsiyində daha çox ehtiyatda qalıb. Rəsmilərlə görüşən Elvin onlardan məsləhət alıb.
Oyunçuya tövsiyə olunub ki, 6 aylıq icarə əsasında «Qəbələ»yə qayıtsın. nəzərinə çatdırılıb ki, yetişdiyi kluba dönərsə, daha çox oynamaq şansı qazanacaq, nəinki başqa yerə getsə.
“Qəbələ” Futbol Akademiyasının “şinel“indən çıxan Camalov əsas komandada 2013/14 mövsümündə debüt edib. “Qırmızı-qaralar”ın heyətində 141 oyun keçirən yarımmüdafiəçi Premyer Liqada 111, Azərbaycan kubokunda 18, Avropa Liqasında 12 dəfə meydana çıxıb.
“Qəbələ”nin heyətində Azərbaycan çempionatlarında iki gümüş (2016/17, 2017/18) və üç bürünc (2013/14, 2014/15, 2015/16) medal qazanıb.
2018/19 mövsümündə qalibi adını qazandığı Azərbaycan kubokunun üç dəfə - 2013/14, 2016/17 və 2017/18 finalçı olub.
SPORTİNFO.AZ