EN

Bizim intellekt cəmiyyətə "çerez" Quran daxil olmağa can atır

23 ildir ki, Qərb intellektuallarını oxuyuram. Bu günə qədər İncili öz fikirlərinin istinad qaynağı olaraq kullanan xristian müəllifə rast gəlməmişəm. Mövzuya uyğun İncilə müraciət olunmasından söhbət getmir. Dediyim odur ki, məsələn, bir qərbli ekzistensializmdən danışır, yazırsa öz fikirlərinə İncili (ki bu kitab varlığın ekzistensial vəziyyətləri ilə zəngindir), allahı şərik edib, allahdan, dindən fikirlərini gücləndirən ədat kimi yararlanmır. Bu, onlarda intellektual bir ənənədir, ölçüdür.

Bizim intellekt isə cəmiyyətə "çerez" Quran daxil olmağa can atır. Hətta süni zəkanın belə ayələrdə izlərini axtarmağa başlayanlar var. Səbəb, məncə, allah sevgisi, yaxud qorxusu deyil. Səbəb Şərq elminin, Şərq ağlının cəmiyyət sevgisizliyi, cəmiyyət qorxusudur.

Allahın kitabında təsdiqi olmayan fikir müsəlman üçün legitim deyil. Siz öz fikir və kəşfinizi yalnız onun sizdən qabaq allahın kitabında deyildiyini vurğulamaqla legitimləşdirə bilərsiniz. Bu da intellektual fırıldaqçılığa, ictimai-əxlaqi manipulyasiyalara geniş meydan verir.

Siz ağzınıza gələni danışıb, yazıb onu hər hansı bir ayə ilə bağlayaraq öz cəfəngiyyatınızı cəmiyyət üçün legitimləşdirirsiniz. Qurandan cəmiyyətə göndərdiyiniz cəfəngiyyata viza verən bir qurum kimi yararlanırsınız. Altına allahın möhürünü vurmaqla özünüzü dediyinizi araşdırmaq məsuliyyətindən azad edirsiniz.

Əslində, dini mollalar gözdən salmır, intellektini mollalıq yoluyla cəmiyyətə sırıyanlar salır.

Və bu ucuz metod müsəlman dünyasında təhsilin elmə çevrilməsinin qarşısını alır. Hətta Şərqin bizə məxsus torpaqlarında təhsilin varlığı elmin varlığı kimi başa düşülür.

Təhsil, sadəcə, öyrənmə prosesidir. O, idrak prosesinə çevirilməyənə qədər savad səviyyəsində qalır. Təhsilin elmə çevirilməsi biliyin idrakından, dərkindən sonra başlayır.

Biliyin idrakında işin içinə fəlsəfə, əxlaq, mənəviyyat daxil olur ki, təhsil prosesi üçün bunlar "vaxt itkisidir".

İdrak mərtəbəsinə ucalmayan təhsil hətta fərdin irsi əxlaqını, mənəviyyatını korlayıb onu savadlı hiyləgərin birinə də çevirə bilər. Qədim müəllimlər min illər əvvəl təhsilin bu əksikliyini duymuşdular.

İndi bu yazdıqlarımın gözüylə qayıdın cəmiyyətimizin diplomlu, elmi titullu mühitinə nəzər salın, bu zaman həm təhsillə elmin fərqini rahat görəcəksiniz, həm də bizim niyə elmin deyil, yalnız təhsilin qayğısına qaldığımızın səbəbini öyrənəcəksiniz.

Aqşin Yenisey

visiontv.az



Chosen
546
50
visiontv.az

10Sources