EN

Qrenlandiya çətin sınaq qarşısında

AzVision.az xəbər verir ki, ABŞ prezidenti administrasiyası rəhbərinin müavini Stiven Miller “CNN” telakanalına müsahibəsində Amerika lideri Donald Trampın aylar ərzində bununla bağlı dəqiq fikirlər səsləndirdiyini diqqətə çatdırıb.

“Birləşmiş Ştatlar Qrenlandiyanı ümumi təhlükəsizlik aparatımızın bir hissəsi kimi birləşdirən millət olmalıdır. Mən sadəcə olaraq aydınlaşdırmaq istəyirəm ki, bu, ABŞ hökumətinin bu administrasiyanın başlanğıcından və düzünü desək, əvvəlki Tramp administrasiyasından bəri rəsmi mövqeyidir: Qrenlandiya ABŞ-nin bir hissəsi olmalıdır. Prezident bununla bağlı çox dəqiq danışıb”, - amerikalı məmur vurğulayıb.

Teleaparıcı Ceyk Tapper ABŞ-nin Qrenlandiyanı zorla ələ keçirmək cəhdi ssenarisini istisna edə biləcəyini dəfələrlə soruşsa da, sualdan yayınan Miller, eyni zamanda, Danimarkanın adaya nəzarətinin qanuniliyini şübhə altına alıb. Onun sözlərinə görə, əsas sual Danimarkanın 30 min nəfər əhalisi olan Qrenlandiya üzərində müstəmləkə kimi nəzarətə iddia etmək hüququna malik olmasıdır.

- Onların ərazi iddiaları nəyə əsaslanır? Qrenlandiya hansı əsasla Danimarkanın müstəmləkəsidir? ABŞ NATO dövlətidir. Arktika regionunun təhlükəsizliyini təmin etmək və NATO maraqlarını qorumaq üçün Qrenlandiya birmənalı şəkildə ABŞ-nin bir hissəsi olmalıdır. Biz fövqəldövlətik və prezident Trampın rəhbərliyi altında bir fövqəldövlət kimi davranacağıq”,- Stiven Miller deyib.

Starmer:“Danimarka haqlıdır”
Xatırladaq ki, bundan əvvəl Stiven Millerin həyat yoldaşı Keti Miller sosial şəbəkədə Amerika bayrağı ilə örtülmüş Qrenlandiyanın təsvir olunduğu xəritəni yerləşdirmişdi. Bunun ardınca Donald Tramp ada üzərində nəzarətin qurulmasında israrlı olduğunu təkrarlayıb.
Bu arada “The Economist” nəşri Ağ Ev administrasiyasının Qrenlandiyaya razılaşma təklif etməyə hazırlaşdığını yazıb. Donald Tramp özü bunu böyük miqyaslı daşınmaz əmlak sövdələşməsi ilə müqayisə edib.

“Məmurlar Vaşinqtonun Sakit Okeandakı kiçik dövlətlərlə bağladığı razılaşmalara bənzər Azad Assosiasiyalar Sazişinin (COFA) təklif olunmasıimkanlarını müzakirə edirlər. Sənədə əsasən, bu dövlətlər ABŞ ordusuna öz ərazi sularına və hava məkanına eksklüziv çıxış imkanı verir ki, bu da digər ölkələri analoji hüquqlardan məhrum edir. Bunun müqabilində ABŞ iqtisadi və maliyyə yardımı göstərir”,- jurnal yazır.

Danimarka adada artıq Amerika hərbi bazasının olduğuna diqqət çəkir. Kopenhagenlə razılaşma Amerika qoşunlarının sayı ilə bağlı heç bir məhdudiyyət nəzərdə tutmasa da, hərbi mövcudluğun əhəmiyyətli dərəcədə artırılması üçün Danimarkanın razılığı tələb oluna bilər.

Nəşrin məlumatına görə, Amerika rəsmiləri Qrenlandiya hökuməti ilə birbaşa danışıqlar aparmağa cəhd göstərsələr də, indiyədək buna imtina cavabı alıblar.

Bununla yanaşı, Danimarkanın və Qrenlandiyanın baş nazirləri Mette Frederiksen və Yens-Frederik Nilsen ABŞ administrasiyasının Qrenlandiya ilə bağlı iddialarına sərt reaksiya sərgiləyiblər. Maraqlıdır ki, Böyük Britaniyanın baş naziri Kir Starmer danimarkalı həmkarının mövqeyini dəstkləyib.

Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen, həmçinin ABŞ-nin Nikolas Maduronu ələ keçirmək əməliyyatı fonunda, adanın Venesuela ilə müqayisə edilə və Qrenlandiyanın bir gecədə ələ keçirilə bilməyəcəyini vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az
Chosen
45
1
azvision.az

2Sources