EN

Azim Abasov: Pul kütləsində artım hər zaman iqtisadi inkişafı təmin etmir

Azərbaycanda ÜDM-in formalaşmasında monetar amillər – xüsusilə pul kütləsinin həcmi, bank kreditləri və maliyyə resurslarının real sektora yönəldilməsi mühüm rol oynayır.

“İki sahil” xəbər verir ki, bunu Hesablama Palatasının Dövlət gəlirlərinin və iqtisadi sahələrin auditi şöbəsinin müdiri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Azim Abasov müəllifi olduğu və "Audit" jurnalında dərc edilən elmi tədqiqatda bildirib.

Onun fikrincə, pul kütləsinin artımı hər zaman iqtisadi artımı təmin etmir və düzgün tənzimlənmədikdə inflyasiya risklərini artıra bilər: "Pul təklifi real sektorun istehsal imkanları ilə uzlaşdırılmadıqda, maliyyə resursları əsasən istehlak və idxala yönəlir ki, bu da qiymət artımını sürətləndirir, əhalinin real gəlirlərini azaldır və iqtisadi artım tempini zəiflədir".

Məqalədə bank sektorunun iqtisadiyyatda artan rolu da təhlil edilib. Qeyd olunub ki, kredit resurslarının istehsal və investisiya yönümlü sahələrə istiqamətləndirilməsi ÜDM-in artımını stimullaşdırır, istehlak yönümlü kreditləşmənin genişlənməsi isə makroiqtisadi sabitlik üçün risk yarada bilər.

Müəllifin fikrincə, monetar siyasətin fiskal siyasətlə uzlaşdırılması, pul kütləsinin optimal səviyyədə saxlanılması və kredit mexanizmlərinin real sektorun ehtiyaclarına uyğun qurulması davamlı iqtisadi artım üçün əsas şərtlərdir.

Araşdırmanın nəticələrinə əsasən, balanslaşdırılmış monetar siyasət inflyasiyanın cilovlanmasına, maliyyə sabitliyinin qorunmasına və uzunmüddətli iqtisadi artımın təmin olunmasına töhfə verə bilər.

Chosen
57
4
ikisahil.az

5Sources