EN

Azərbaycanda 2029-cu ildə yeni startapların 250-yə yüksəlməsi planlaşdırılır – ŞƏRH

Bakı, 12 yanvar, Pərvanə Qafarova, AZƏRTAC

“Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”nın icrası 2029-cu ilə qədər Azərbaycanda innovasiya mühitini daha sistemli, ölçüləbilən və nəticəyönümlü edəcək, eyni zamanda yerli şirkətlərin regional və qlobal səviyyədə rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq.

Bu barədə AZƏRTAC-a açıqlamasında İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) Təhlil və monitorinq şöbəsinin rəhbəri Əzizə Vidadi bildirib.

Əzizə Vidadi qeyd edib ki, ilk növbədə, Strategiyada rəqəmsal transformasiya proqramlarında iştirak edən müəssisələrin sayının 2026-cı ildə 50-dən 2029-cu ildə 300-ə çatdırılması hədəflənir. Bu, innovasiyanın artıq yalnız ayrı-ayrı pilot layihələr deyil, bizneslərin gündəlik fəaliyyətinin əsas hissəsinə çevrilməsi deməkdir. Rəqəmsal transformasiyadan keçmiş müəssisələrdə EBITDA artımının 2029-cu ilə qədər 58 milyon manata çatması gözlənilir ki, bu da innovasiyaların birbaşa iqtisadi nəticə yaratdığını göstərir.

Ə.Vidadi qeyd edib ki, startap və innovasiya ekosistemi ciddi şəkildə genişlənəcək: “Strategiyaya əsasən, yeni startapların sayının 2026-cı ildə 30-dan 2029-cu ildə 250-yə yüksəlməsi planlaşdırılır. Mentorluq proqramları, vençur maliyyələşməsi, tənzimləyici “sandbox” mexanizmləri və texnoloji sınaq mərkəzləri sayəsində innovativ ideyaların bazara çıxış müddəti qısalacaq, startap-sənaye əməkdaşlığı güclənəcək və innovasiyalar daha tez kommersiyalaşacaq”.

4SİM rəsmisinin sözlərinə görə, Strategiya rəqəmsal bacarıqların inkişafını rəqabət qabiliyyətinin əsas şərti kimi müəyyən edir.

“2029-cu ilə qədər 40 min nəfərin rəqəmsal bacarıqlar üzrə təlimlərdən keçməsi, ümumi məşğulluqda yüksəkixtisaslı İKT mütəxəssislərinin payının 1,87 faizə çatması hədəflənir. Bu, şirkətlərin texnologiya idxalçısı deyil, texnologiyanı tətbiq və inkişaf etdirən tərəfə çevrilməsinə imkan verəcək.

Həmçinin qlobal bazarlara çıxış və rəqəmsal ixrac şirkətlərin rəqabət gücünü artıran əsas istiqamətlərdən biridir. Strategiyada 2029-cu ilə qədər 200-dən çox müəssisənin beynəlxalq e-ticarət platformalarında aktiv fəaliyyət göstərməsi, KOB-ların rəqəmsal bazarlara çıxış imkanlarının genişləndirilməsi və rəqəmsal ticarətin ÜDM-də payının artırılması nəzərdə tutulur. Bu, yerli məhsul və xidmətlərin yalnız daxili bazarla məhdudlaşmamasını təmin edəcək.

Eləcə də, data əsaslı qərarvermə və süni intellekt texnologiyalarının tətbiqi innovasiya mühitində keyfiyyət dəyişimi yaradacaq. Strategiyaya görə, 2029-cu ilə qədər generativ süni intellekt (GenAI) texnologiyalarının tətbiqi nəticəsində yaradılan iqtisadi təsirin 70 milyon manata çatması, həmçinin iqtisadiyyatın ən azı 10 prioritet sahəsi üzrə data əsaslı yol xəritələrinin hazırlanması planlaşdırılır. Bu yanaşma şirkətlərə daha dəqiq planlaşdırma, risklərin idarə olunması və məhsuldarlığın artırılması imkanı verəcək”, - deyə Əzizə Vidadi vurğulayıb.

Əzizə Vidadi sonda qeyd edib ki, ümumilikdə, Strategiyanın icrası nəticəsində innovasiya mühiti daha institusional, ölçüləbilən və biznesyönümlü olacaq. Azərbaycan şirkətləri isə texnoloji cəhətdən daha çevik, məhsuldar və ixrac yönümlü fəaliyyət göstərərək 2029-cu ilə qədər regional rəqəmsal iqtisadiyyatda daha güclü mövqe tutacaq.

Chosen
74
azertag.az

1Sources