EN

Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: KOMPROMAT SAVAŞI

Bir vaxtlar ortaq olan iş adamları Mübariz Mənsimov və Anar Əlizadə arasında münasibətlər uzun illərdir ki, məhkəmələr və qarşılıqlı ittihamlarla müşayiət olunur. Daha doğrusu, Mübariz Mənsimovun bu barədə sərt açıqlamaları, Anar Əlizadənin isə dolayısı ilə keçmiş ortağına qarşı hücumları gizlin deyil. İndi isə bu xətt yenidən aktiv fazaya keçib.

İstanbul prokurorluğunun Ekol TV dosyesi

Türkiyə mediasında yayılan xəbərlərə görə, İstanbul Küçükçekmece Prokurorluğu bağlanan Ekol TV ilə bağlı çirkli pulların yuyulması iddiaları üzrə araşdırmaya başlayıb. Proses çərçivəsində bir sıra adlar gündəmə gətirilib və bu fakt istintaqın mediada geniş rezonans doğurmasına səbəb olub.

Mübariz Mənsimov niyə əsəbləşdi?

İddiaların yayılmasından sonra Mübariz Mənsimov mövqeyini açıq şəkildə ortaya qoyaraq Ekol TV ilə hər hansı əlaqəsinin olmadığını bildirib. O, yayılan məlumatları böhtan xarakterli adlandırıb və bunların reputasiyasına zərbə vurmaq məqsədi daşıdığını vurğulayıb. Bu açıqlama prosesin təkcə hüquqi deyil, informasiya müstəvisində də getdiyini göstərir. Baxmayaraq ki, bu kanal açıldığı zaman kanalın hissədarlarından olduğunu özünün sosial media hesabından yazıb, az sonra silmişdi. Türk mənbələr Mübariz Mənsimovun kanalın kiçik (10 faiz payla) hissədarı olduğunu, ancaq qısa zaman sonra bu hissəsini kanalın digər ortaqlarına satdığını bildirirlər.

Anar Əlizadə əli…

Ekol TV-nin bağlanmasından sonra gözlər kanalın bilinən və bilinməyən ortaqlarına tərəf çevrilərkən, əzəli rəqib Anar Əlizadənin bu qolu qaçırmadığı müşahidə olunur. Kanalın əsas sahibləri və digər məsul şəxslərinə epizodik toxunularaq, hazırda kanalda heç bir hissəsi olmayan Mübariz Mənsimov hədəf taxtası qoyulur. “Palmali” şefinin son dərəcə əsəbi reaksiyası da məhz xəbərlərə deyil, Anar Əlizadənin yenidən ona bu şəkildə hücum etməyinədir. Bəlkə də Adnan Əhmədzadədən sonra Anar Əlizadənin də həbs olunacağını gözləsə də, tam əksinə Əlizadənin yenidən “dirilməsi” və onu gündəmə gətirməsi Mənsimovu daha da aqressivləşdirib. Ancaq Mənsimova yaxın sosial media səhifələri Anar Əlizadəyə birbaşa hücum yerinə Adnan Əhmədzadəni hədəf seçirlər. Yəni, Mənsimovu açıq müdafiə edib, ona qarayaxma edildiyini bildirən səhifələrdə Anar Əlizadə ilə bağlı hər hansısa ittihama yer verilmir. Əvəzində isə məsələyə dəxli olmayan bir sıra sayt və ya şəxslərin ünvanına aqressiv ifadələrdən istifadə olunur.

Anar Əlizadəyə ünvanlanan ittihamlar…

Hər nə qədər Mənsimovun müdafiə artileriyası Anar Əlizadənin adını çəkməsə də, qaranlıq biznesmenin haqqında yazanlar da az deyil. Maraqlıdır ki, paralel olaraq Anar Əlizadə ilə bağlı da ciddi iddialar ortaya atılıb. Xarici mənbələrdə onun SOCAR və Maltada qeydiyyatdan keçmiş “Alkagesta“ şirkəti əleyhinə xaricdə məqsədli “qara PR” kampaniyası apardığı iddia olunur. Bu materiallarda Azərbaycan neft sektoruna dair ağır və əsasız ittihamların səsləndirildiyi bildirilir.

Kompromat savaşı…

Mövcud mənzərə göstərir ki, tərəflər arasındakı savaş artıq klassik biznes mübahisəsi çərçivəsindən çıxıb. Burada kompromatların savaşı gedir. Görünən odur ki, Mübariz Mənsimov – Anar Əlizadə qarşıdurması hələ uzun müddət davam edəcək. Ancaq hər iki tərəfi yaxından tanıyan mənbələr bu informasiya savaşının hələ də sənədlərsiz davam etdiyini söyləyirlər. Bunun isə tərəflərin bir gün barışmaq üçün körpü saxladıqları anlamına gəlib-gəlmədiyini zaman göstərəcək…

//Yenicag.az

Chosen
41
3
editor.az

4Sources