EN

Bölgələrdə jurnalistlər üçün təlimlər təşkil olunacaq

Bakı, 13 yanvar, AZƏRTAC

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyası bölgələrdə jurnalistlər üçün “Mediada Azərbaycan dili” mövzusunda təlimlər təşkil edəcək.

Bu barədə Teleradio Akademiyasının rektoru Almaz Mahmud AZƏRTAC-a müsahibəsində bildirib.

O deyib ki, artıq Bakı şəhərində bu təlimlər başlayıb. “Təlimlər 3 ay davam edəcək, sonuncu ay bir neçə regiona səfər ediləcək və oradakı media təmsilçiləri üçün təlimlər keçiriləcək”, – deyə o vurğulayıb.

Almaz Mahmud diqqətə çatdırıb ki, bölgələrdə təşkil olunacaq təlimlər barədə əvvəlcədən məlumat veriləcək:” Bölgələrə getməmişdən bir neçə gün əvvəl bunu elan edəcəyik. Tutaq ki, Gəncəyə gedəcəyiksə, oraya yaxın rayon və şəhərlərin də media nümayəndələri dəvət olunacaqlar. Paytaxt Bakıda təqdim edilən təlim proqramını orada da reallaşdıracağıq”.

Qeyd edək ki, “Mediada Azərbaycan dili” mövzusunda keçirilən təlimlərin sonunda iştirakçılara sertifikatlar veriləcək, eyni zamanda, çıxış və təqdimatlar əsasında bələdçi kitabçası çap ediləcək.

Layihənin əsas məqsədi müasir media mühitinin tələblərinə cavab verən, dil normalarına yiyələnmiş və peşəkar kadrların hazırlanmasına töhfə verməkdir.

Teleradio Akademiyasının rektoru Almaz Mahmudun AZƏRTAC-a müsahibəsi ilə daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.

 

 

Chosen
68
azertag.az

1Sources