EN

Xamenei İranda İKİNCİ KƏRBƏLA MÜSİBƏTİni yaşatdı – Müsəlman ölkələri NİYƏ SUSUR? 

İranın molla rejimi faktiki olaraq ölkədə ikinci Kərbəla qırğını həyata keçirib. 

NOCOMMENT.az xəbər verir ki, son statistik açıqlamalara görə, aksiyalar zamanı öldürülənlərin sayı artıq 644 nəfəri keçib. Xameneinin fətvası ilə xalqa divan tutan molla rejimi buna bir çox don geyindirir. Öldürülənlərə terrorçu adı verib, etdikləri qırğına haqq qazandırırlar.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İranda aksiyaçılara qarşı silah işlədilərsə İranı vurmaqla hədələmişdi. Belə olan təqdirdə, hazırda nə ABŞ-ın, nə də digər müsəlman ölkələrinin, ərəb ölkələrinin heç bir ciddi reaksiyası yoxdur.

Samir Əsədli

Məsələ ilə bağlı NOCOMMENT.az-a açıqlama verən siyasi şərhçi Samir Əsədli qeyd edib ki, İrandakı rejim dövlətin adını İslam Respublikası qoysa da, əslində əksər müsəlman dövlətləri ilə gərgin münasibətlər içindədir. Bunun əsas səbəbi rejimin ideologiyası ilə bağlıdır:

“1979-cu il inqilabının ilk illərindən əsas siyasətə çevrilən “Şiə islamı inqilabının ixracı” ideyası İran rejimi tərəfindən açıq şəkildə ifadə edilməsə də, ilk növbədə yaxın coğrafiyada öz təsirini göstərdi. Bəzi tədqiqatçıların “İslamın soyuq müharibəsi” adlandırdığı bu sistem siyasi İslamı dünyanın gündəminə çıxardı. İranın yeni rəhbərliyi yeni xarici siyasətdə şah tərəfdarları sırasına daxil edilən ABŞ və SSRİ-yə qarşı mövqeyini ideoloji çərçivəyə salaraq, Amerikaya aid etdiyi “Böyük Şeytan”, İsrailə aid etdiyi “Kiçik Şeytan” metaforalarını bir sıra müsəlman cəmiyyətlərinin leksikonuna daxil etdi”.

Samir Əsədlinin sözlərinə görə, yeni rəhbərlik Yaxın Şərqin ərəb ölkələrinin narazılığını və Qərbin sanksiyalarını aradan qaldırmaq əvəzinə, “idealist inqilabi” modelini önə çəkərək, sözügedən ölkələrlə münasibətləri dondurmağa üstünlük verdi:

“Yeni dindar rejim daxili siyasətdə başladığı “yenidən strukturlaşma” prosesinin məntiqi davamı olaraq, xarici siyasətdə də köklü dəyişikliklərə getdi. İslam İnqilabının təkcə İranla məhdudlaşmayacağını və dəyişikliklərin müsəlmanların yaşadığı digər coğrafiyalarda da davam edəcəyini iddia etdi. İranın yeni rəhbərliyi bu inqilabın yalnız başlanğıc olduğunu bildirən açıqlamalarla, eləcə də Konstitusiyaya bir maddə əlavə edərək özünü “dünyanın bütün müsəlman xalqlarının müdafiəçisi” elan etməklə təkcə İranda yaşayan xalqlara deyil, bütövlükdə müsəlman coğrafiyasına yönəlik xarici siyasət baxışını formalaşdırdı. İran üçün “idealist xarici siyasət” modeli kimi təqdim olunan bu yanaşma xarici dünya tərəfindən “rejimin ixracı” kimi qəbul edildi və müəyyən mənada 1979-cu ildən bu günə qədər davam edən regional qarşıdurmaların əsasını qoydu. Bu yanaşma İranın beynəlxalq sistemdə təcrid olunmasını daha da dərinləşdirdi. İran islam dünyasında məzhəbi baxımdan birləşdirici güc rolunu oynaya bilmədi. Regiondakı müsəlman ölkələrinin böyük əksəriyyəti sünni məzhəbinə mənsubdur, İran isə şiə mərkəzlidir”.

Şərhçi vurğulayıb ki, məzhəblərarası gərginliklərin bir çoxunda İranın dolayı və ya birbaşa rolunun olduğu düşünülür ki, bu da ona qarşı mövqeləri daha da gücləndirir:

“Bir sözlə, İranın yürütdüyü siyasət onu müsəlman aləmində dostlardan məhrum edib, halbuki İran özü də islam ölkəsidir. Müxtəlif müsəlman ölkələrində dəstəklədiyi silahlı qruplar və həmin ölkələrdə yaratmaq istədiyi xaos İranı müsəlman dövlətləri ilə müttəfiqlikdən kənarda saxlayıb. Məhz buna görə İsrailin İrana qarşı həyata keçirdiyi 12 günlük hərbi əməliyyatlar zamanı müsəlman ölkələri arasında İrana birbaşa dəstək verən olmadı. İrana görə heç bir ölkə İsraillə və ya ABŞ ilə qarşı-qarşıya gəlmək istəmədi. Düzdür, Hizbullah, HƏMAS və Husilər kimi müxtəlif qruplar İrana dəstək məqsədilə İsrailə zərbələr endirdilər, lakin bu, dövlət səviyyəsində olan proses deyildi. Bu gün də müsəlman dövlətlərinin baş verən proseslərə seyrçi qalması eyni səbəblərlə izah olunur. Rejimi açıq şəkildə müdafiə etməkdən söhbət gedə bilməz. İğtişaşlara qarşı güc tətbiqinin pislənməsi isə Tehranın islam ölkələrini “ABŞ və İsrailin əlaltısı” kimi ittiham etməsi ilə nəticələnə bilər”.

Chosen
48
1
nocomment.az

10Sources