EN

Sığorta ödənişdən yayınan xəstəxanalar – Necə cəzalandırılmalı? 

Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə vətəndaşların səhiyyə xidmətlərinə çıxışı genişlənsə də, son illər sığorta ödənişindən yayınan və ya icbari tibbi sığortanın verdiyi təminatları faktiki olaraq tətbiq etməyən xəstəxanalarla bağlı narazılıqlar artmaqdadır. Vətəndaşlar sığorta paketinə daxil olan tibbi xidmətlər üçün əlavə ödəniş tələb edildiyini, bəzi hallarda isə xəstəxanaların sığorta ilə işləməkdən imtina etdiyini bildirirlər.

Bu vəziyyətdə əsas sual ortaya çıxır: sığorta ödənişindən yayınan xəstəxanalara kim nəzarət edir və qanun bu halları necə tənzimləyir?

Qeyd edək ki, hazırda icbari tibbi sığorta sistemi dövlət adından İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Agentlik sığortaolunanların tibbi xidmətlərə çıxışını təmin etmək, tibb müəssisələri ilə müqavilələr bağlamaq və həmin müəssisələrin öhdəliklərə əməl etməsinə nəzarət etmək səlahiyyətinə malikdir. Dövlət və özəl xəstəxanalar sığorta çərçivəsində fəaliyyət göstərmək üçün Agentliklə müqavilə imzalayır və bu müqavilə əsasında göstərilən xidmətlərin həcmi, keyfiyyəti və maliyyələşmə mexanizmi müəyyən olunur. Xəstəxana müqavilə şərtlərini pozduqda, yəni sığorta paketinə daxil olan xidmətlərə görə pasiyentdən ödəniş tələb etdikdə və ya xidməti göstərməkdən yayınanda, bu artıq inzibati və maliyyə məsuliyyəti yaradır.

Qanunvericiliyə əsasən, “İcbari tibbi sığorta haqqında” Qanun və Nazirlər Kabinetinin müvafiq qərarları tibb müəssisələrinin sığorta sistemində davranış qaydalarını dəqiq müəyyən edir. Bu sənədlərə görə, sığortaolunan şəxs baza və ya genişləndirilmiş xidmətlər zərfinə daxil olan tibbi xidmətlər üçün əlavə ödəniş etməməlidir. Xəstəxananın bu tələbi irəli sürməsi qanun pozuntusu hesab olunur və Agentlik tərəfindən yoxlama aparılması üçün əsas yaradır. Eyni zamanda Səhiyyə Nazirliyi də tibb müəssisələrinin ümumi fəaliyyətinə, tibbi xidmətlərin keyfiyyətinə və etik normalara əməl olunmasına nəzarət edən qurum kimi prosesə cəlb olunur.

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Nərgiz Əliyevanın fikrincə, problem əsasən nəzarət mexanizmlərinin tam işləməməsi və vətəndaşların hüquqlarını kifayət qədər bilməməsi ilə bağlıdır: Onun sözlərinə görə, icbari tibbi sığorta sistemi çərçivəsində xəstəxana ilə Agentlik arasında bağlanan müqavilə mülki-hüquqi xarakter daşıyır və bu müqavilənin pozulması konkret hüquqi nəticələr doğurur: “Əgər xəstəxana sığorta paketinə daxil olan xidməti göstərmir və ya buna görə ödəniş tələb edirsə, bu, həm müqavilə öhdəliyinin, həm də qanunun pozulmasıdır. Belə halda Agentlik xəstəxanaya qarşı maliyyə sanksiyaları tətbiq edə, müqaviləni dayandıra və ya ləğv edə bilər. Pasiyent isə hüquqlarının pozulması ilə bağlı rəsmi qaydada şikayət vermək və hətta məhkəməyə müraciət etmək hüququna malikdir.”

Hüquqşünas qeyd edir ki, İnzibati Xətalar Məcəlləsində də bu kimi hallara görə məsuliyyət nəzərdə tutulur və tibb müəssisəsinin vəzifəli şəxsləri cərimə oluna bilər. Bundan əlavə, əgər sistemli şəkildə sığorta ödənişindən yayınma və vətəndaşların aldadılması faktları sübuta yetirilərsə, bu artıq daha ağır hüquqi nəticələrə gətirib çıxara bilər. Əliyevanın fikrincə, effektiv nəzarət üçün yalnız dövlət qurumlarının yoxlamaları kifayət etmir, pasiyentlərin öz hüquqlarını bilməsi və pozuntu hallarında susmaması da həlledici rol oynayır.

Chosen
46
nocomment.az

1Sources