Amerikanın Yaxın Şərqdə hərbi mövcudluğu zəifləyib, hava hücumundan müdafiə imkanları isə mümkün münaqişə üçün kifayət etmir...
Poliqon xəbər verir ki, ABŞ hazırkı şəraitdə İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlamaq imkanına malik deyil. “Politico” nəşrinin yazdığına görə, Vaşinqton Yaxın Şərqdə belə bir əməliyyat üçün lazım olan hərbi potensiala sahib deyil, çünki bölgədə əvvəllər yerləşdirilmiş ABŞ qoşunları və hərbi gəmilər Venesuelada aparılan əməliyyatlar səbəbilə Karib hövzəsinə yönləndirilib. Bundan əlavə, ötən il Yaxın Şərqə göndərilmiş hava hücumundan müdafiə sistemləri sonradan Cənubi Koreyaya geri qaytarılıb. ABŞ administrasiyasının rəsmiləri isə bildirirlər ki, yaxın zamanda iri miqyaslı qoşun və ya texnika köçürülməsi planlaşdırılmır.
Nəşr qeyd edir ki, hərbi qarşıdurma baş verəcəyi təqdirdə ABŞ-nin bölgədə yerləşən hərbçilərini qorumaq üçün də kifayət qədər hava hücumundan müdafiə vasitəsi yoxdur. Hazırda Pentaqon Qətərdəki Əl-Udeyd aviabazasında təxminən 10 min amerikalı hərbçi saxlayır. Bununla yanaşı, İraq, Suriya və İordaniyada da daha kiçik ABŞ kontingentləri mövcuddur. “Politico”ya görə, Vaşinqtonun bu qüvvələri İranın raket və digər hücum vasitələrindən qorumaq üçün yetərli sayda raket əleyhinə sistemləri və tutucu raketləri yoxdur.
Məqalədə vurğulanır ki, ABŞ-nin mövcud imkanları ötən ilin iyul ayı ilə müqayisədə daha məhduddur. Həmin dövrdə Vaşinqton İran ərazisindəki nüvə obyektlərinə zərbələr endirmişdi. Hazırda ABŞ prezidenti Donald Tramp İrana qarşı hava zərbələri barədə göstəriş verə bilər, lakin “Politico”nun qeyd etdiyi kimi, o, Konqres üzvlərinin mövqeyini də nəzərə almağa məcburdur. Xüsusilə Venesuela prezidenti Nikolas Maduronun ələ keçirilməsindən bir həftə sonra qanunvericilər belə bir addımın ABŞ-ni növbəti müharibəyə sürükləyib-sürükləməyəcəyi ilə bağlı suallar qaldırırlar.
Ağ Ev isə rəsmi mövqeyində bildirir ki, prezidentin İranla bağlı bütün mümkün variantları var. ABŞ prezidentinin administrasiyasının mətbuat katibinin müavini Anna Kelli bu barədə açıqlamasında “prezident Trampın İranla bağlı tam imkanlar spektrinə sahib olduğunu” deyib.
Qeyd olunur ki, Donald Tramp bir neçə dəfə İranda etiraz aksiyalarının yatırılması və etirazçıların öldürülməsi ilə bağlı Tehrana qarşı hücumlarla hədələyib. O, etirazçıları aksiyaları davam etdirməyə və dövlət qurumlarını ələ keçirməyə çağırıb, həmçinin ABŞ-nin İrana qarşı hansı tədbirləri görəcəyini “dəqiq bildiyini” bəyan edib.
Poliqon.info