BAKI, 14 yanvar. TELEQRAF
ABŞ-nin Energetika İnformasiyası Administrasiyası (EİA) 2026–2027-ci illər üçün Azərbaycanda orta hesabla gündəlik neft və digər maye yanacaqların hasilatı üzrə proqnozunu açıqlayıb.
Teleqraf xəbər verir ki, agentliyin qiymətləndirməsinə görə, həm 2026, həm də 2027-ci illərdə gündəlik hasilat 540 min barel təşkil edəcək.
EİA-nın cari ilə dair proqnozuna əsasən, birinci rübdə gündəlik hasilat 550 min barel, ikinci rübdə 540 min barel, üçüncü və dördüncü rüblərdə isə 530 min barel səviyyəsində olacaq.
Agentliyin 2027-ci il üzrə neft və digər maye yanacaqların hasilatı ilə bağlı proqnozu 2026-cı il göstəricisi ilə eyni səviyyədə saxlanılıb.
Qeyd edək ki, agentlik 2025-ci ildə Azərbaycanda gündəlik neft və digər maye yanacaqların hasilatını orta hesabla 570 min barel səviyyəsində qiymətləndirib.