Dəfələrlə marşrutların interval problemlərini, texniki nasazlıqları işıqlandırmışıq. Bu dəfə isə Azadlıq-Binəqədi istiqamətində hərəkət edən 165 nömrəli marşrutla bağlı redaksiyamıza şikayət daxil olub.
Belə ki, sərnişinlər deyirlər ki, marşrut xəttinin intervalı ilə bağlı problem yaşayırlar. Onların sözlərinə görə 20-30 dəqiqə avtobus gözləməyə məcbur olurlar. Pik saatlarda isə bu müddət daha da uzanır.
Bəs bu nəylə əlaqəlidir? Sözügedən marşrut xətti üzrə avtobus sayı yetərlidir?
Bizim.Media mövzuyla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanlayıb.
Agentliyin açıqlamasında qeyd olunub ki, 165 nömrəli marşrutda avtobus sayı və hərəkət intervalı sərnişin tələbatına uyğun təşkil edilir:
"Lakin günün pik saatlarında avtobusların keçdiyi küçə və prospektlərdə, xüsusən Azadlıq prospekti və Binəqədi şosesində müşahidə edilən sıxlıq səbəbindən marşrut xətlərində ləngimələr yarana və intervallarda artım ola bilir.
Tərəfimizdən daşıyıcılara marşrutlar üzrə avtobusların sayının sərnişin tələbatına uyğun nizamlanması, günün pik saatlarında sərnişin sıxlığı yaranacağı təqdirdə marşrutlara əlavə avtobusların cəlb edilməsi, marşrutların nizamlı fəaliyyətinin təmin olunması barədə tapşırıq verilib".
Nəzrin Mirzəyeva, Bizim.Media